Yol qəzalarına dəvət: Tramplinləri məhv etməyin nəticələri - FOTOLAR
Naxçıvan şəhəri öz gözəlliyi, təmizliyi və səliqə-sahmanı ilə bura gələn qonaqları həmişə əfsunlayıb. Ən ucqar kəndlərə çəkilən asfalt yollar burada böyük mədəniyyətin olduğunu sübut edir. Birdə sürət həddini tənzimləmək üçün bir çox məktəb, xəstəxana yollarına və piyadaların çox hərəkət etdiyi yollara, döngələrə və qəza ehtimalı ola biləcək hər yerə tramplinlər quraşdırılır. Amma bu tramplinlər, deyəsən, bəzi sakinləri və yaxud sürücüləri narahat edir. Onları qırmağa, məhv etməyə qərar veriblər.
Bəzən bir qisim insanları başa düşmək olmur. Qorumaq istəyirsən, özlərinə əl qatıb səni haqsız çıxarırlar. Bəzən də təhlükəsizlik tədbirləri görülməyəndə hay-küy salırlar ki, niyə təhlükəsizliyimiz təmin olunmur? Elə tramplinlərdə, əsasən, yollarda təhlükəsizliyi təmin etmək üçün qoyulur. Ən çoxda uşaqları qorumaq üçün, xəsarətlərin qarşısını almaq üçün.
Son zamanlar şəhərdə bir çox yerlərdə küçə işıqlarını təpikləyib sındıranlar, tarixi abidələrin üzərinə mənasız sözlər yazanlar və tramplinləri qırıb dağıdan ziyanvericilər mövcud olub. Şəhərin Mirzə Ələkbər Sabir küçəsində quraşdırılmış tramplinlər də bu ziyanvericilərin qurbanına çevrilib. Tramplinlərin sürət həddinə nəzarət, piyadaların təhlükəsizliyi və qəza riskinin qarşısını almaq üçün quraşdırılsa da, bu ünsürlərdə bu qaydalara sərt şəkildə pozmaq amalına xidmət edir. Yol hərəkəti infrastrukturuna qəsdən ziyan vurmağa görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub.
Əslində, dünyanın inkişaf etmiş ölkələrində tramplin, demək olar ki, yox səviyyəsindədir. Çünki sürücülük mədəniyyəti tam formalaşıb. Və sürücülər harada asta, harada sürətli sürməli olduqlarını bilirlər. Biz də çox istəyərik ki, bu cür formalaşma ən qısa müddətə bizə də sirayət etsin. O zaman dövlətin nə artıq pul xərcləyib tramplin quraşdırmasına, nə də sürücülərin tramplin qadağasına əməl etməyinə ehtiyac qalmaz. Biz də “şəhərimizə yaraşmayan” bu tramplinlərdən azad olarıq!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru