Keçmişə qayıtmaq şansımız olsaydı və günümüzün texnologiyası barədə o dövrün insanlarına danışsaydıq, yəqin ki, bizi dəli hesab edib topa tutardılar. Məsələn, “Sehrli xalat” filminin xanı təyyarə görəndə “Cin, cin”, – deyə çığırır. Bəs o, bugünkü texnikanı görsəydi, nələr edərdi? Herbert Corc Uelssin ilk irihəcmli fantastik əsəri “Zaman maşını” romanının qəhrəmanı isə bəşəriyyətin gələcəyini tədqiq etmək üçün gələcəyə yollanır. 70-80 il bundan öncə insan oğlunun heç ağlına gəlməzdi ki, artıq 21-ci əsrdə ağıllı telefonlar, internet, kosmik gəmilər və başqa texnologiyalar yaradıla bilər.
Gəlin texnologiyasız bir zaman düşünək. Nə süni intellekt var, nə elektronik alətlər, nə sürət qatarı, nə də elektrikli maşınlar. Fiziki işləri çətinliklə də olsa belə, həll etməyi bacarır, zehni işlərdə beynimizin potensialından istifadə edirik. Zamanı bir az sürətləndirək və 2050-ci ilə yollanaq. Səmada uçan maşınlar, tükənməyən enerji resursları ilə istifadə etdiyimiz elektronik alətlər, itirilmiş bədən üzvlərimiz texniki parçalarla tamamlana bilir və evimizdəki bütün köməkçilərimiz humanoid robotlardır. Göründüyü kimi, texnologiyanın bir çox şeyi etmək gücü var və onlardan biri də dünyanı dəyişdirməkdir.
Son vaxtların yenilikçi fikirləri ilə yanaşı, siyasətə də göstərdiyi maraq ilə gündəmdən düşməyən Elon Musk bəşəriyyətin gələcəyini texnologiyada görür. O, populyar ödəniş sistemi olan PayPal-un, ilk kütləvi elektromobil olan Tesla-nın, dünyada mövcud olan iki qeyri-dövlət kosmik stansiyasından biri olan SpaceX-in yaradıcısı və Mars planetində müstəmləkə layihəsinin müəllifidir. Ən maraqlı layihəsi isə Neuralink vasitəsilə bir-biriylə ünsiyyət qura bilən beyinlər layihəsidir. O, insan beynini digər insanların beyinləri ilə qarşılıqlı əlaqə qura bilən implantlarla əlaqələndirmək niyyətindədir. Maskın 2016-cı ildə təsis etdiyi neyro-texnologiya şirkəti Neuralink insan beynini süni intellektə inteqrasiya etmək üzərində çalışır. Süni intellektin yanlış idarəsinin bizə problem yarada biləcəyini xatırladan Elon Musk süni, yaxud təbii beyinlərarası əlaqəni və yaddaş köçürməsini həyata keçirməyi hədəfləyir.
2020-ci ilin may ayında ilk dəfə Neuralink çipi insanın deyil, donuzun beyninə yerləşdirildi. Gertruda adlı donuzun otları iyləməsi beyin fəaliyyətinin aktivləşməsinə şərait yaradıb.
Sürətlə inkişaf edən süni intellekt iş və yaşam sahələrində insanlığa fayda vermək üçündür. Bu gün şirkətlər istehsal proseslərini sürətləndirmək və insan əməyini minimuma endirmək üçün robotlardan istifadə edirlər.
Naxçıvanlı gənclərin innovativ robotu Markus
Robotların daha ağıllı və müstəqil işləməsi süni intellekt texnologiyalarının tətbiqi sayəsində mümkündür. İnsanla birlikdə çalışan robotlar iş mühitində mürəkkəb tapşırıqların yerinə yetirilməsində hərəkətliliyi artıra bilir. Buna isə ən çox maraq göstərən gənclərdir. İnsanlarla söhbət edə bilən və verilən sualları cavablandıran humanoid robotu ölkədə ilk dəfə naxçıvanlı gənclər hazırlayıblar. Bu komandanın qurucusu, həm də layihə rəhbəri Şəmil Əhmədov, layihə icraçısı Mirdaməd Seyidov, proqram mühəndisləri Abbas Zeynalov və Məhəmməd Əli Hacıyevdir.
Məqsəd ölkədə yeniliyə imza atmaq idi
Layihənin rəhbəri olan Şamil Əhmədov Babək Rayon İcra Hakimiyyətinin əməkdaşıdır. 2023-cü ilin aprel ayında bu sahəyə olan marağı nəticəsində yaxın dostu, eyni zamanda “RoboGenius” komandasının layihə icraçısı Mirdaməd Seyidovla komandanı qurmağa qərar veriblər. Bu qərardan sonra iki intellektual məktəblilər Məhəmməd Əli Hacıyev və Abbas Zeynalovla tanış olaraq komandanı tamamlayıblar. Komandanın rəhbəri Şamil texnologiyaya uşaqlıqdan maraq göstərib. Hələ uşaq yaşlarından müxtəlif cihazları araşdırır, söküb-yığır və yeni şeylər yaratmağa çalışırmış. İlk Arduino və Raspberry Pi layihələrini hazırlayanda texnologiyanın insanlara necə kömək etdiyini başa düşüb və 2023-cü ilin aprel ayında “RoboGenius” komandasını yaradıblar. Sonra isə lazımi avadanlıqları (3D printer, 3D scanner, flamanlar, çip qurğuları, və digər alətlər) alaraq işə tam sürətli və motivasiyalı şəkildə başlayıblar.
Robot Markus necə hazırlandı?
Komandanın ən gənc üzvü Abbas Zeynalov bir məktəbli kimi texnologiya və mühəndislik sahəsində yeniliklər etməyə çalışır. O, gələcəyin ən maraqlı peşələri kimi süni intellekt və robototexnikanı görür. O deyir ki, süni intellektlə inteqrasiya edilən və ölkədə ilk dəfə danışan robot 55 günə ərsəyə gəlib. Robotun adı isə komanda üzvlərinin adlarına uyğun olaraq Markus qoyulub.
Mən bəşəriyyətə yardım etmək üçün buradayam
Komandanın gənc mühəndislərindən olan Məhəmməd Əli isə bu robotun yaranma səbəbini təbiət və insan beyni olduğunu iddia edir. “Mənim yaradıcım bir insandır” düşüncəsinə sahib olan robot insanlarla əlaqəni daha etibarlı şəkildə yaratmağa yönəldilib. Humanoid süni intellekt alqoritmləri və nitq tanıma texnologiyaları əsasında proqramlaşdırılıb. Robot istənilən suala anında cavab verməyi bacarır, həm gözlərini, həm də ağzını hərəkət etdirə bilir.
Bu robotun gələcəyə nə kimi faydası toxuna bilər?
Layihənin icraçısı Mirdaməd Seyidova görə robotu təkcə bir cihaz kimi deyil, həm də faydalı bir köməkçi kimi hazırlamaq önəmlidir. “RoboGenius” layihəsi süni intellektlə işləyən, insanlarla ünsiyyət qura bilən və müxtəlif sahələrdə insan həyatına müsbət təsir edə bilən bir layihədir. O, təhsil sahəsində müəllimlərə, yaşlı və məhdud fiziki imkanları olan insanlara dəstək və gündəlik işlərdə köməkçi funksiyalarını yerinə yetirə bilər. Çünki insan nə qədər çalışsa da, hərəkət edən obyektlərin ideal animasiyasına nail ola bilməz. Süni zəka isə sizə lazım olacaq yüksək keyfiyyətli animasiyanı seçəcək. Və buna görə də bu texnologiya gələcəkdə ən yaxşı köməkçi rolunu icra edə biləcək. Bəlkə də, layihəyə dəstək olunarsa, onun sərbəst humanoid robot kimi istehsal olunmasına nail olmaq olar.
İnanırıq ki, gələcək insanlarla robotların birlikdə çalışdığı bir dövr olacaq
Günümüzün reallığını nəzərə alarsaq süni intellektin inkişafı nəticəsində çox peşənin sahibləri işsiz qalma təhlükəsi ilə üz-üzədir. Məsələn, mühasibatlıq sahəsi bir təşkilat üçün çox lazımlı bir peşədir, amma süni intellektin sürətlə inkişaf etdiyi dönəmdə bu peşə demək olar ki, son dövrünü yaşayır. Fotomontaj və videomontaj sahəsində də süni intellekt modelləri şəkil və videoları peşəkarlara həvalə etmədən özü hazırlayır, istədiyiniz qaydada montaj edir və sizə göndərir. Bəzi süni intellektlər artıq musiqi belə bəstələyə bilir və istənilən zövqə uyğun olaraq bunu icra edir. Gündəlik həyatımızda artıq süni intellektin özü proqramlaşdırma dillərinə hakimdi və istənilən kodu saniyələr keçmədən yazıb bizə verə bilir. Lakin unutmayaq ki, bu icadlar nə qədər ağıllı hesab olunsa da, hər bir robot insan təxəyyülünün məhsuludur və heç bir halda insan beyninin səviyyəsinə gəlib çata bilməz.
İnanırıq ki, gənclərin bu cür layihələri həm ölkəmiz üçün, həm də beynəlxalq arena üçün daha böyük uğurların başlanğıcı olacaq.
Nazilə Mədətova
Naxçıvan televiziyasının əməkdaşı