Vahidsiz poeziyamız necə olardı?

A- A A+

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. Uşaq yaşlarından atasını itirən Əliağa ilk təhsilini mədrəsədə alsa da, ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq işləməyə başlayıb. Həmin dövrdə Bakı şəhəri və ətraf kəndlərdə “Meyxana”-deyilən xalq şeir növü geniş yayılmışdı. Gənc Əliağanında şeirə marağı məhz bu məclislərdən yaranmağa başladı. Gənc sənətkar fəhləliklə məşğul olsa da, mütailəyə də zaman ayıraraq Məhəmməd Füzuli, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabir yaradıcılığına maraq göstərib, həvəslə öyrənib. Ən çox Sabir yaradıcılığından bəhrələnən şair çox keçməyib ki, satirik üslubda şeirlərlə mətbuatda çıxış edib. O, “Babayi-Əmir”, “Tuti”, “Məzəli”, “Ovraqi-nəfisə” kimi bir çox jurnallarda satirik şeirlərini dərc etdirərək ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib.

Bir kəndçi ki, ola xam, gələ at almağa nagah,

Vay halına, dəllallar işindən ola agah,

Bir növü soyarlar onu göstərməsin Allah!...

Qəssablığı bunlar kimi şeytan da bacarmaz,

Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz.

Gənc şairin “Tamahın nəticəsi” adlı ilk kitabı 1916-cı ildə nəşr olunub. Kitabda uşaqlar üçün üç mənzum hekayə verilib. Qəzəl janrına böyük həvəs göstərən Əliağa tez-tez ustad qəzəlxanların məclisində iştirak edərək, öz yazdığı qəzəllərini söyləyib. Onun qəzəllərini dinləyən mühitin tanınmış qəzəl şairi Mirzə Əbdülxaliq Yusifi Əliağaya “Vahid” təxəllüsünü götürməyi məsləhət bilib.

Mənə təxəllüsü Yusif verib dedi: Vahid,

Gərəkdə fərqlənəsən sən buxudnimalar ilə.

Meyxanaçı kimi tanınan Əliağa Vahidin əsas məhəbbəti dahi şair Füzulidən yadigar qalan qəzəllərə idi. Ancaq dövrün sərt üzü şairin qəzəl janrlı şeirlərini yararsız adlandırıb. Şair yazdığı şerilərinə görə repressiyaya uğramamaq üçün özünü içkili vəziyyətdə göstərərək yaradıcılığına davam edib. Həmin dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırova repressiya ilə bağlı bir siyahı verilib. Vahidin də adı orda olub. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib bildirir ki, “Bütün günü sərxoş olan adamdır. Ondan bizə nə ziyan gələcək”.

Şairin yaşayışı və dolanışığı çox çətin olub. Hətta, bununla bağlı o, Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.

Görkəmi sənətkar sovet hakimiyyəti qurulduqdan sonra inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeirlər qələmə alıb. Bunlara “Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və sair şeirləri aiddir. Uzun müddət “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edən Vahid işıq üzü görən “Kupletlər”, “Mollaxana” kitablarındakı şeirlərində də yeniliyə, xalqın inkişafına mane olanları kəskin satira atəşinə tutub.

Böyük Vətən müharibəsi illərində isə yazdığı əsərlər “Döyüş qəzəlləri” “Qəzəllər” kitablarında çap olunub. Şair şerirlərində Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hisslərini təbliğ edib.

Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid qələmə aldığı qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilib. O, Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

Xalqın görkəmli şairi 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn edilib. Ölkəmiz müstəqillik qazandıqdan sonra şairin yaradıcılığına yüksək qiymət verilib. 1991-ci ildə Azərbaycanfilm kinostudiyasında Vahidin həyat və yaradıcılığına həsr olunmuş "Qəzəlxan" adlı film çəkilib. Onun heykəli əvvəlcə Filarmoniya bağında qoyulub, daha sonra təmir zamanı İçərişəhərə köçürülüb və qoyulduğu meydan isə Əliağa Vahid bağı adılandırılıb. Həmçinin şairin adı Bakı şəhərində yerləşən məktəblərdən birinə, parka, ədəbiyyat evi və mərkəzi küçələrdən birinə verilib.

Bundan əlavə 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əliağa Vahidin anadan olmasının 120 illiyinin dövlət səviyyəsində qeyd edilməsi üçün ölkə başçısı tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən şairin 120 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əliağa Vahidin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: