Vətən torpağının hansı bölgəsinə üz tutsan həmin məkanın mütləq ki, qəhrəman oğulları ilə tanış olacaqsan. Yurdumuzu düşmənlərdən qoruyan bu oğullar sayəsində bu gün bütöv, azad, bölünməz vətənə sahibik. Bu ölkənin vətəndaşları olaraq da, torpaqlarımızı göz bəbəyi kimi qoruyan oğullarımızla hər zaman fəxr edib, qürur duyuruq. Bu gün doğum günlərində yad edib, xatirələrini əziz tutduğumuz Bəxtiyar Qaybalıyev və İbrahim Əliyev kimi…
Sədərəyin qəhrəman oğlu…
Bəli, o, düşmənə göz açdırmayan Sədərəyin yetirib boya-başa çatdırdığı qəhrəman oğullardan biri idi. Onun qorxmazlığı və cəsarəti elə uşaq yaşlarından hər kəsə agah idi. Doğma yurdu düşmən hücumuna məruz qalanda o az yaşlı olmağına baxmayaraq səngərdə qalıb, igidcəsinə düşmənlə mübarizə aparıb. Onu tanıyanlar hələ uşaq yaşlarından ona “Sədərəyin Qəhrəmanı” adını veriblər.
1976-cı il fevralın 17-də Sədərək kəndində anadan olan Bəxtiyar Nəsib oğlu Qaybalıyev ilk təhsilini kənd orta məktəbində alıb. Hələ orta məktəbin 10-cu sinfində oxuyarkən ermənilərin Sədərək üzərinə hücumlarının şahidi olub. 1992-ci ilin may ayından Sədərək uğrunda gedən döyüşlərdə yaxından iştirak edən yeniyetmə hərbi xidmət yaşı çatmasa da, doğulduğu torpağın müdafiə olunması uğrunda xidmətlər göstərib. 1994-cü ildə orta məktəbi bitirən Bəxtiyar sonra ordu sıralarına daxil olaraq 3 il əsgəri xidmətini yerinə yetirib. Naxçıvan, Buzqov döyüş bölgəsində xidmətdə olan vətənin igid oğlu xidmətinin son günləri -1997-ci il oktyabr ayının 22-də verilən hərbi tapşırığı yerinə yetirən zaman şəhid olub. 21 yaşlı gənc qəhrəman doğulduğu Sədərək rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Vətən müharibəsinin qəhrəman şəhidi İbrahim Əliyev …
Onun qəlbində vətənin 30 illik həsrəti var idi. Bu vəziyyətlə razılaşmayan vətənin igid oğlu 2020-ci il 27 sentyabrda verilən əks-hücum əmri ilə döyüşə atılıb, öndə gedənlərdən biri də o, oldu.
Kəngərli rayonunun Qabıllı kəndində, 1997-ci il fevral ayının 17-də anadan olan İbrahim çox mehriban, vətənpərvər uşaq olub. Orta təhsilini doğma kəndində 8-ci sinfə kimi başa vuran qəhrəman 2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. O, hərbi sirlərə yiyələnərək sonra təhsilinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam edib. İbarhim Əliyev 2018-ci ildə fərqlənmə diplomu ilə leytenant rütbəsi alaraq təhsilini başa vurub. “N” saylı hərbi hissədə xidmətə başlayan qəhrəman qüsursuz xidmətlərinə görə dəfələrlə təşəkkürnamə və medallarla təltif olunub. 2019-2020-ci illərdə Türkiyədə “Kara Kuvvetleri İstihbarat Okulu”nda xüsusi kəşfiyyat təlimlərini yüksək nəticələrlə başa vuran İbrahim Əliyev 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində kəşfiyyatçı kimi iştirak edərək torpaqlarımızın işğaldan azad olunmasında rəşadət göstərib. O, müharibənin ilk günlərindən düşmən üzərinə hücuma keçənlərin ön sırasında irəliləyib. Gülüstan dərəsi və İncə çay istiqamətində düşmən postlarını ələ keçirən vətənin igid oğlu snayper atəşi nəticəsində şəhid olub. Qəhrəmanımız 70 gün sonra dekabrın 7-də doğulduğu Qabıllı kənd qəbiristanlığında dəfn edilib.
Vətən torpaqlarının azad olunması uğrunda şücaət göstərib, hərbi hissə qarşısında qoyulan tapşırıqları şərəflə yerinə yetirən İbrahim Əliyev ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Həmçinin ötən il Şərur rayonunun Kosacan kəndində qəhrəman şəhidimiz Əliyev İbrahimin əziz xatirəsinə “Şəhid bulağı” inşa edilib
Ruhunuz şad olsun, eyni gündə dünyaya göz açan qəhrəmanlarımız! Siz vətənpərvərliyinizlə hər bir gəncimizə nümunəsiniz. Göz bəbəyi kimi qoruduğunuz torpaqlarımız isə bu gün bizə, bizdən sonra gələcək nəsillərə əmanətdir.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru