Konstitusiya və suverenlik: dövlətçiliyin təməl prinsipləri

A- A A+

Konstitusiya və suverenlik anlayışları hər bir dövlətin mövcudluğunun əsas sütunlarından biridir. Konstitusiya dövlətin hüquqi, siyasi və sosial əsaslarını müəyyənləşdirən, vətəndaş hüquqlarını qoruyan və dövlət hakimiyyətinin legitimliyini təmin edən hüquqi aktdır. O, dövlətin sabit inkişafını və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsini təmin edən fundamental sənəddir.

Beynəlxalq hüquqa görə, dövlətin əsas atributlarından biri suverenlikdir. Suverenlik dövlətin daxili idarəçiliyini, qanunlarını, iqtisadiyyatını, mədəniyyətini qorumağı və xarici siyasətini sərbəst müəyyən etmək imkanlarını ifadə edir. Suveren dövlət öz qanunlarını müstəqil qəbul edir, xarici siyasətini heç bir kənar təsir olmadan müəyyən edir, iqtisadi, mədəni və sosial inkişafını müstəqil planlaşdırır. Suverenliyin iki əsas aspekti var: daxili və xarici suverenlik. Daxili suverenlik dövlətin öz ərazisində qanunları tətbiq etməsi və idarəçilik funksiyalarını müstəqil yerinə yetirməsidir. Xarici suverenlik dövlətin beynəlxalq münasibətlərdə müstəqil qərar qəbul etməsi və öz maraqlarını qorumasıdır. Bu iki anlayışın vəhdəti ölkənin hüquqi və siyasi sisteminin bünövrəsini təmin edir.

Müasir dünyadakı qloballaşma, siyasi-iqtisadi inteqrasiya prosesləri suverenlik anlayışını müəyyən qədər dəyişsə də, Konstitusiya hər bir dövlətin müstəqilliyini qoruyan əsas hüquqi sənəd olaraq qalır. Konstitusiya suverenliyin əsas hüquqi zəmanətidir.

Azərbaycan müstəqillik yollarında

1990-cı illərin əvvəllərində Azərbaycanda siyasi xaos və qeyri-sabitlik hökm sürürdü. Ulu Öndər Heydər Əliyev separatizm və xarici müdaxilə cəhdlərinin qarşısını alaraq milli ordu quruculuğuna başladı və hüquq-mühafizə orqanlarını gücləndirdi. Dövlət institutları yenidən qurularaq idarəçilik sistemində nizam-intizam yaradıldı. Azərbaycanın beynəlxalq təşkilatlarda tanınması, müstəqil xarici siyasət kursunun formalaşdırılması və beynəlxalq müqavilələrin imzalanması üçün danışıqlar prosesi başladı.

1991-ci ildə SSRİ-nin dağılması ilə müstəqilliyini əldə edən postsovet dövlətləri suverenliklərini hüquqi müstəvidə təsbit etmək üçün yeni konstitusiyalar qəbul etdilər. Lakin bu ölkələrin Konstitusiya inkişafı müxtəlif siyasi, hüquqi və institusional amillərin təsiri altında fərqli istiqamətlərdə inkişaf etdi. Keçmiş SSRİ ölkələri, əsasən, iki idarəetmə modelindən birini seçdi: Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan prezident üsul-idarəsini, Gürcüstan, Estoniya, Latviya, Litva, Moldova isə parlament üsul-idarəsini seçdi.

1994-cü ildə imzalanan Əsrin müqaviləsi ilə Azərbaycan dünya enerji bazarında mühüm oyunçuya çevrilərək dövlətin suveren siyasət yürütməsi üçün güclü iqtisadi baza formalaşdırıldı. Ulu Öndər Heydər Əliyevin qurduğu siyasi-hüquqi sistem Azərbaycanın suveren dövlət kimi möhkəmlənməsinə səbəb olub.

Onun rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə Azərbaycanın ilk müstəqil Konstitusiyası qəbul edildi. Bu Konstitusiya Azərbaycanın müstəqil, demokratik və hüquqi dövlət olduğunu təsdiqlədi, insan hüquqları və azadlıqlarını əsas prinsiplər kimi müəyyən etdi, hakimiyyət bölgüsünü (qanunvericilik, icra və məhkəmə) hüquqi çərçivəyə saldı, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qorumaq prinsipini təsbit etdi. Konstitusiya Azərbaycan dövlətçiliyinin hüquqi əsasını formalaşdırdı və ölkənin gələcək inkişaf istiqamətini müəyyən etdi. Prezident cənab İlham Əliyev isə bu siyasəti davam etdirərək Azərbaycanın beynəlxalq səviyyədə güclənməsinə və ərazi bütövlüyünün tam bərpasına nail oldu.

2009-cu ildə Konstitusiyada seçki qaydaları dəyişdirildi və idarəetmə sistemi təkmilləşdirildi, 2016-cı ildə Konstitusiya islahatları ilə icra hakimiyyəti gücləndirildi, vitse-prezidentlik institutu yaradıldı və idarəçilik effektivləşdirildi. Bu islahatlar ölkədə hüquqi sistemin möhkəmləndirilməsinə və dövlətin suveren siyasətinin davamlı olmasına şərait yaratdı.

Hücum diplomatiyası Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi

Prezident cənab İlham Əliyev indi Beynəlxalq arenada daha aktiv, təşəbbüskar və bəzi hallarda hücum xarakterli strategiyası ilə fərqlənir. Bu yanaşma Azərbaycanın milli maraqlarını daha qətiyyətli müdafiə etməyə, xüsusilə Qarabağ məsələsində beynəlxalq reallıqları dəyişməyə və ölkənin geosiyasi çəkisini artırmağa xidmət etdi. Ölkə başçısının həyata keçirdiyi hücum diplomatiyası Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi və Qarabağ məsələsində ölkənin qələbəsini təmin etdi. İndi Azərbaycan artıq passiv mövqe tutan ölkə deyil, regional və beynəlxalq arenada təşəbbüskar, strateji düşünən və öz maraqlarını qorumaq üçün aktiv addımlar atan dövlətə çevrilib. Yeni geosiyasi reallıqlar da göstərir ki, Azərbaycanın güclənən rolu təkcə Cənubi Qafqazla məhdudlaşmır, həm də Avropa, Yaxın Şərq və Asiyada strateji aktor kimi mövqeyini möhkəmləndirir.

2019-2023-cü illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işlər təkcə təşkilatın deyil, eyni zamanda qlobal ədalətin və beynəlxalq əməkdaşlığın inkişafına böyük töhfə verdi. Pandemiya ilə mübarizə, beynəlxalq hüququn qorunması, inkişaf etməkdə olan ölkələrə dəstək və yeni təşəbbüslərin irəli sürülməsi Azərbaycanın bu müddətdəki əsas uğurları hesab olunur.

COP29 Azərbaycan üçün təkcə ekoloji tədbir deyil, həm də strateji hadisədir

2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) Azərbaycanın suverenliyi dövründə ən mühüm beynəlxalq tədbirlərindən biri oldu. Bu konfrans təkcə ekoloji problemlərin həllinə deyil, həm də ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət etdi. Konfransda 2030-cu ilə qədər Azərbaycanın enerji istehsalının 30 faizinin bərpa olunan mənbələrdən əldə edilməsi hədəfləndi. Qarabağ və Şərqi Zəngəzur bölgələrində “yaşıl enerji zonası” konsepsiyası təqdim edildi. Günəş, külək və hidroenerji layihələri ilə bağlı beynəlxalq investorlarla əməkdaşlıq memorandumları imzalandı. COP29 Azərbaycan üçün təkcə ekoloji tədbir deyil, həm də suverenliyini möhkəmləndirən, iqtisadiyyatı şaxələndirən və qlobal proseslərdə aktiv rol oynamağa imkan yaradan strateji bir hadisə oldu.

Konstitusiyamızın 30 illik tarixi ölkənin hüquqi dövlət kimi inkişaf etdiyini, insan hüquqlarının qorunmasını və demokratik idarəçiliyin möhkəmləndiyini göstərdi. Bu ildönümü Azərbaycan xalqı üçün hüquqi dövlət quruculuğunun davamlığını və inkişafını simvolizə edən əlamətdar hadisə oldu.

Son 30 ildə bütün sahələrdə olduğu kimi, ədliyyə sistemində də vətəndaşların hüquqlarının qorunması, məhkəmə-hüquq sisteminin şəffaf və effektiv fəaliyyəti üçün ciddi islahatlar aparılıb. Elektron xidmətlərin tətbiqi, alternativ cəza tədbirlərinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın artırılması ölkədə hüququn aliliyini təmin etməyə xidmət edir. Bu islahatlar Azərbaycanda hüquqi dövlət quruculuğunun gücləndirilməsinə və vətəndaş məmnuniyyətinin artırılmasına mühüm töhfə verir. Azərbaycan dövləti həm hüquqi islahatlarla Konstitusiya əsaslarını möhkəmləndirib, həm də siyasi, iqtisadi və hərbi tədbirlərlə suverenliyini qoruyub. Qarabağın tam nəzarətə götürülməsi, beynəlxalq arenada müstəqil siyasətin aparılması və hüquqi çərçivənin modernləşdirilməsi bu istiqamətdə atılan əsas addımlardandır.

Regionda formalaşan yeni geosiyasi reallıqlar

Azərbaycan 2020-ci ildə qazandığı tarixi qələbədən sonra regionda yeni geosiyasi reallıqlar formalaşıb. Bu reallıqlardan biri də Zəngəzur dəhlizi adlanan strateji nəqliyyat marşrutun açılmasıdır. Bu dəhliz Naxçıvanla birbaşa quru bağlantını təmin etməklə yanaşı, beynəlxalq ticarət yolları üçün də əhəmiyyətli bir layihədir. Zəngəzur dəhlizi və Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri Cənubi Qafqazda balanslaşdırılmış idarəetmə siyasəti, sülh prosesinin aktivləşdirilməsi, iqtisadi diversifikasiya, rəqəmsal inkişaf və geosiyasi tərəfdaşlıqların gücləndirilməsi üzərində qurulub. Bu layihə təkcə iqtisadi dividentlər qazandırmır, Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini gücləndirir. Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanla birbaşa bağlantı yaranacaq, eyni zamanda Türkiyə, Mərkəzi Asiya və Avropa arasında mühüm nəqliyyat arteriyası rolunu oynayacaq.

Konstitusiya və suverenliyin otuz ilində Azərbaycanın nailiyyətləri

Ulu Öndər Heydər Əliyevin qurduğu hüquqi dövlətçilik təməli və müstəqil siyasət xətti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi, Azərbaycanın Konstitusiyası və hüquqi islahatlar dövlətin güclü idarəçilik sistemini formalaşdırırdı, Ərazi bütövlüyü bərpa edildi və suveren dövlət olaraq beynəlxalq arenada gücləndi, iqtisadi, hərbi və diplomatik sahələrdə müstəqil siyasət aparılaraq Azərbaycanın qlobal mövqeyi möhkəmləndirildi.

2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyət kəsb edən iki tarixi hadisənin ildönümləri ilə əlaqədardır. Konstitusiyanın 30-cu ildönümü, Vətən müharibəsində qazanılmış qələbənin 5-ci ildönümü. Beləliklə, 2025-ci il ərzində ölkəmizdə Konstitusiyamızın və suverenliyimizin əhəmiyyətini vurğulayan bir sıra tədbirlər və layihələr keçiriləcəkdir. Bu tədbirlər Azərbaycanda dövlətçiliyin daha da gücləndirilməsi, hüquqi islahatların davam etdirilməsi və beynəlxalq mövqeylərin daha da möhkəmləndirilməsi üçün yeni bir mərhələdir.

Niyaməddin Əliyev,

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: