Ana və Vətəninə qovuşan qəhrəman

A- A A+

O, ürəyində iki sevgi bəsləyirdi, bir ana, digəri Vətən. Taleh elə gətirdi ki, anasını vaxtsız itirən qəhrəman niyyətinə həm anasına, həm də vətənə qovuşmağı qoydu. Çıxdığı yol isə onu arzusuna çatdırdı… 

NUHÇIXAN xəbər verir ki, bu gün 44 günlük Vətən müharibəsinin şəhidi İbrahim İbrahimovun doğum günüdür.

1992-ci il fevral ayının 18-də Naxçıvan şəhərində anadan olan İbrahim ilk təhsilini 15 saylı tam orta məktəbdə alıb. 2009-cu ildə orta məktəbi bitirən İbrahim həqiqi hərbi xidmətə yollanıb. Əsgəri xidmətini qüsursuz yerinə yetirən qəhrəman ordudan tərxis olunduqdan sonra əmək fəaliyyətilə məşğul olub. Bir müddət müxtəlif sahələrdə çalışan İbrahim 2020-ci ildə yenidən ordu sıralarına qayıdıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı kimi xidmətə başlayan vətənin igid oğlu 27 sentyabrda əks-hücum əmri veriləndə hər bir hərbçi kimi o da, döyüşə hazırlaşıb. 18 oktyabrda döyüşə qatılan İbrahim  Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin düşmən işğalından azad olunmasında böyük rəşadət göstərib. 30 oktyabrda Xocavəd uğrunda düşmənlə mübarizə aparan vətənin igid oğlu yaralı döyüşçü yoldaşını xilas edərkən ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz noyabrın 2-si Naxçıvan şəhər məzarlığında dəfn edilib.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərək vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə əsgər İbrahim İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ruhun şad olsun Vətən oğlu! Arzuların çin oldu. Sən Ana və Vətəninə qovuşdun…

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: