Əslində, onun ömrü nərdivana bənzəyir. O, yaşının elə çağındadır ki, 94 illik xatirə sandığını açıb töksə də, bir romana sığmaz. 1957-ci ildə Moskvadan Bakıya gəldiyi qatarda Nazim Hikmət də var imiş. Nərimanın Bakıda kirayə qaldığını öyrənən Nazim Hikmət eyni qatarda səfər edən şəhər meri Ağamirzə Əhmədova Nərimana ev verilməsini istəyir. Və bir müddət sonra şair evlə təmin olunur. İndi nə Nazim Hikmət var, nə şəhərin meri, nə də ki, o qatardakılar. İndi, sadəcə, o xatirədən 68 il uzaqda bir Nəriman Həsənzadə yaşayır. Elə bil, yaşamaq ki, ömür pilləsinin bütün duracaqlarında heç kəsi incitmədən, heç kəsin xətrinə dəymədən. İnsan heç kəsə ziyan verməyəndə yaş da unudulur, yaşlananda. Mütaliəsi ilə həmişəcavan olan şairin bioqrafiyası məncə bu şeirdə gizlidir.
Döyüldüm dəmir kimi,
döyüşdə gərək oldum.
Yoğruldum xəmir kimi,
gördülər, çörək oldum.
Əkildim torpaq kimi,
göyərdim, çiçək oldum.
O qədər dandılar ki,
axırda gerçək oldum.
Xalq şairi 1931-ci ildə Qazax rayonunun Poylu kəndində dünyaya göz açıb, 1 yaşında atasını, 23 yaşında anasını itirən şair Gəncədə Pedaqoji İnstitutu bitirdikdən sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. “İş axtarma, adam axtar”, – deyən Mir Cəlal müəllimin köməkliyi ilə aspiranturaya qəbul olub və Cəlal müəllim oğlu Arifə verəcəyi evi mənə verdi.
Sovet dövründə deyirdilər, Nərimanov milliyyətçidir, müstəqillikdən sonra da dedilər ki, ruspərəstdir.
Nəriman Həsənzadəni “Ədəbiyyat və incəsənət” qəzetinə Ümummilli Lider Heydər Əliyev baş redaktor təyin etdi. Şair xatirələrində deyir ki, qəzetin hər nömrəsini Ulu Öndər Heydər Əliyevlə bir yerdə buraxırdıq.
Xalq şairi Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizə apardığı illərdə Ali Sovetin deputatı kimi Müstəqillik Aktına qol çəkib. Prezident İlham Əliyev Xalq şairini 90 illik yubileyi münasibətilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edib. Bu gün xalqın sevimli şairi Nəriman Həsənzadənin anadan olmasının 94-cü ili tamam olur. Şairin ən böyük sevinci Qarabağın qayıdışı olub. Onun əsərləri keçmiş Sovet Sosialist respublikalarının dillərinə, həmçinin ingilis, fransız, alman, ərəb, fars, italyan, çex, hindu, xorvat dillərinə tərcümə olunub. Nəriman Həsənzadə istedadlı şair olmaqla yanaşı, qələmini nəsrdə də sınayıb. Onun Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mənim ədəbi taleyim” əsəri Azərbaycan ədəbiyyatında yazıçı publisistikasının ən yaradıcı örnəyidir.
“Seçilmiş əsərləri” kütləvi tirajla nəşr olunan şairin 100-dən artıq şeirinə musiqi bəstələnib. 34 bədii-poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifi Nəriman Həsənzadə haqqında namizədlik dissertasiyası və monoqrafiya çap olunub.
Cümlə qurmaq müsibətdi. İstədiyim cümləni tapa bilmirəm. Ürəyimə yatmır, ürəyimə yatan cümləni tapana kimi axşam olur deyən şair 94 yaşın mübarək.
Nərdivan
Bu dünya nərdivandı.
Qalxanda mehribandı
Enəndə nə yamandı.
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırıdı nərdivan,
Məni xatirələrə endirirdi.
Bu zaman,
Birimiz – günçıxana,
Birimiz – günbatana…
Qalxa bilməzdim daha,
Nə o güc, nə o taqət.
O da enə bilməzdi.
Haqlı-haqsız, vermişdi
öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya...
Yaşa dünyada.
Yenə də gözlərim gözündə qalıb,
Gördüyüm mənaya qurban olaram.
Əgər həqiqətsən, mən həqiqətə,
Röyasan, röyaya qurban olaram.
Söhbətin şirindi, gülüşüm təzə,
Saldın ürəyimi eşqə, həvəsə,
Sən ayaq basdığın o yola izə,
Çəmənə, səhraya qurban olaram.
Çatsın hər muradın başa dünyada,
Bir arzun dəyməsin daşa dünyada,
Bu dünya gözəldi,yaşa dünyada,
Sən olan dünyaya qurban olaram.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru