Azərbaycanlı alimin beynəlxalq uğuru: Sevinc Abbasovanın Almaniyada nəşr olunan monoqrafiyası qlobal gender siyasətinə töhfədir - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri doktoru Sevinc Abbasovanın yeni monoqrafiyası “İlham Əliyev: Qadınlara istiqamətli qlobal təşəbbüslər və gender bərabərliyinin inkişafı (2003-2023)” Almaniyanın nüfuzlu “Stella Verlag” nəşriyyatında çap olunub.
Bu monoqrafiyanın beynəlxalq akademik məkanda işıq üzü görməsi Azərbaycan elminin qlobal miqyasda tanınması, ölkəmizin gender siyasətinə dair tədqiqatlarının beynəlxalq ictimaiyyətə təqdim edilməsi və Azərbaycan alimlərinin dünya elmi ictimaiyyətində öz yerini möhkəmləndirməsi baxımından mühüm bir hadisədir.
Müasir dövrümüzdə qadın hüquqları və gender bərabərliyi yalnız ölkədaxili siyasətin deyil, eyni zamanda qlobal gündəmin əsas məsələlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qadın siyasəti və gender bərabərliyinə yönəlik qlobal təşəbbüslər, beynəlxalq əməkdaşlıq və milli inkişaf proqramları Sevinc Abbasovanın bu fundamental tədqiqatında sistemli şəkildə təhlil edilir.
Bu kitab, Azərbaycan dövlətinin gender siyasəti istiqamətində son 20 ildə həyata keçirdiyi mühüm islahatları, qadın hüquqlarının qorunması üçün qəbul edilən qanunvericilik bazasını və beynəlxalq səviyyədə atılan addımları akademik əsaslarla dünya elmi ictimaiyyətinə təqdim edir.
Bu fundamental tədqiqat Azərbaycan dövlətinin gender siyasətini, onun beynəlxalq səviyyədəki təsirini və bu sahədə əldə olunan nailiyyətləri elmi şəkildə dəyərləndirir.
Kitabda 2003-2023-cü illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə qadın hüquqları sahəsində həyata keçirilən islahatlar, qlobal arenada cənab İlham Əliyevin qadın hüquqları sahəsində təşəbbüsləri, Azərbaycanın beynəlxalq təşkilatlarla gender siyasəti sahəsində əməkdaşlığı, Azərbaycan qadınlarının beynəlxalq tədbirlərdə, forumlarda və siyasi qərarvermə proseslərində iştirakının genişləndirilməsi, beynəlxalq platformalarda Azərbaycanın gender siyasətinin nümunəvi modeli, Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qadın hüquqlarına töhfələri, fondun qadınların sosial, iqtisadi və mədəni inkişafına verdiyi dəstək, Mehriban xanım Əliyevanın rəhbərliyi altında gender bərabərliyi ilə bağlı həyata keçirilən sosial layihələr geniş şəkildə araşdırılıb.
Bu monoqrafiya yalnız yerli kontekstdə deyil, həm də beynəlxalq standartlarla müqayisəli şəkildə Azərbaycan dövlətinin gender siyasətini dəyərləndirir.
Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın gender siyasətinin beynəlxalq səviyyədə tanıdılması, dövlətin bu sahədə atdığı strateji addımların dünya elmi ictimaiyyətinə çatdırılması baxımından Sevinc Abbasovanın tədqiqatı mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın gender siyasəti təkcə ölkədaxili proseslərə deyil, beynəlxalq əməkdaşlığa da ciddi təsir göstərir. Ölkəmiz BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq edərək qadın hüquqlarının qorunması, gender bərabərliyinin inkişafı və qadınların liderlik imkanlarının artırılması istiqamətində mühüm işlər görmüşdür.
Sevinc Abbasovanın bu monoqrafiyası, məhz Azərbaycanın gender siyasətinin uğurlarını və gələcək perspektivlərini dünya akademik ictimaiyyətinə elmi əsaslarla təqdim edən mühüm bir mənbədir.
Azərbaycan qadınları tarixən cəmiyyətin inkişafında mühüm rol oynayıblar. Mədəniyyət, elm, təhsil, tibb və siyasət sahələrində fəal iştirak edən qadınlarımız dövlətin dəstəyi ilə daha geniş imkanlara sahib olublar.
Bu monoqrafiya Azərbaycanda qadın hüquqları sahəsində aparılan islahatların elmi əsaslarını təhlil edərək ölkənin gender siyasətində əldə etdiyi uğurların akademik səviyyədə tanınmasını təmin edir.
Azərbaycan dövləti gender siyasətini inkişaf etdirmək üçün sistemli və strateji yanaşma tətbiq etmiş, bu sahədə qəbul edilən qanunvericilik aktları və proqramlar qadınların cəmiyyətin bütün sahələrində daha fəal iştirakına imkan yaratmışdır.
Sevinc Abbasovanın kitabı bu siyasətin uğurlarını elmi əsaslarla təqdim edən, gələcək tədqiqatlar üçün dəyərli bir mənbə kimi çıxış edən fundamental bir əsərdir.
Bu kitab həm alimlərimiz, həm də Azərbaycan dövlətinin gender siyasətini öyrənmək istəyən beynəlxalq tədqiqatçılar üçün misilsiz elmi mənbə olacaqdır.
Azərbaycan elminin və alimlərinin beynəlxalq səviyyədə tanınması yolunda Sevinc Abbasovanın bu uğuru qlobal elmi mühitdə ölkəmizin yerini daha da möhkəmləndirəcəkdir.
Xəzər HÜSEYNOV
tarix elmləri doktoru, professor