Tələbələr Ədliyyə Nazirliyində təcrübə keçiblər - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi ixtisaslarında təhsil alan II və III kurs tələbələri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin aparatında və tabe qurumlarında təcrübə keçiblər.
NUHÇIXAN xəbər verir ki, ikigünlük təcrübə müddətində universitet tələbələri Məhkəmə Ekspertiza Mərkəzi, nazirliyin şöbə və bölmələrinin işi ilə maraqlanıb, Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq laboratoriyalarında ekspertiza işlərinin aparılmasında yaxından iştirak ediblər. Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr mərkəzdə keçirilən ekspertiza növləri haqqında ətraflı məlumat alaraq, müxtəlif ekspertizaların aparıldığı laboratoriyalarda yaradılan şərait və bu laboratoriyaların iş prinsipləri ilə tanış olublar.
Universitetin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələri nazirliyin Bələdiyyələrlə İş Mərkəzinin də iş prosesini izləyiblər. Həmçinin Naxçıvan Şəhər Bələdiyyəsi və 3-cü dövlət notariat kontorunda həmçinin nazirliyin Naxçıvan şəhər üzrə qeydiyyat şöbəsində də tələbələrə iş prosesi və gündəlik aparılan işlər haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, təcrübə müddətində hər iki ixtisas üzrə təhsil alan tələbələr nazirliyin bütün şöbə və bölmələrində olub, günlük iş prosesində iştirak ediblər. Təcrübi fəaliyyətdən sonra Ədliyyə Nazirliyində tələbələrlə görüş keçirilib. Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib.
Vüsal Muradov