Azərbaycan Respublikasında yeni sığorta pensiya sisteminin qurulması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublika əhalisinin böyük bir hissəsi kəndlərdə yaşayır və torpaqların özəlləşdirilməsi nəticəsində onların əksəriyyəti torpaq mülkiyyətçisidir. Kənd əhalisinin pensiya təminatının yaxşılaşdırılması, onların ödədiyi sosial sığorta haqları ilə təyin olunan pensiyaların məbləği arasında birbaşa əlaqə mexanizminin yaradılması, təsərrüfatla məşğul olan kənd əhalisinin məcburi dövlət sosial sığortasına cəlb edilməsi sahəsində lazımi işlər görülür.
Digər sahələrdə işləməyən kənd əhalisinin pensiya təminatı hüququnun yaranması üçün mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsini istifadə edən vətəndaşlar “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.6-cı maddəsinə əsasən istifadə etdikləri torpaq sahəsinə görə bu il yanvarın 1-dən etibarən minimum aylıq əməkhaqqının 6 faizi həcmində məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidentinin 08 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, minimum əməkhaqqının məbləği mart ayının 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılacaqdır. Bununla da, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər və ailə kəndli təsərrüfatının əmək qabiliyyətli, yəni 15 yaşından yaşa görə əmək pensiyası yaşına çatan ailə üzvlərinin hər biri 2019-cu ilin mart ayının 1-dən başlayaraq minimum aylıq əmək haqqının 6 faizi, yəni 10 manat 80 qəpik miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə” 30 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Qanunun 14.5.6 maddəsinə əsasən digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər və I, II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqların istifadəsinə görə məcburi dövlət sosial sığortasına cəlb edilmir.
Digər sahələrdə işləməyən torpaq mülkiyyətçisinin məcburi dövlət sosial sığorta haqqı ödədiyi bütün dövrlər onun üçün sığorta stajı sayılır. Sosial sığorta stajı isə gələcəkdə hər bir vətəndaşın pensiya təminatının əsasıdır. Məcburi dövlət sosial sığorta haqları ödənildikdə həmin vətəndaşlar zəruri sığorta stajı toplamaqla gələcəkdə əmək pensiyası təminatı hüququ qazanmış olacaqlar.
Xatırladaq ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulub ki, sosial sığorta fiziki şəxslərin əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, həmçinin itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin qanunvericiliyə uyğun olaraq müxtəlif fəaliyyət növləri üçün məcburi dövlət sosial sığorta haqları müəyyənləşdirilib.