Bəlkə də çoxlarınız məqalənin başlığını oxuduğunuz zaman təəccüblənəcəksiniz. Lakin tələsməyin. Başlıq səhv deyil. Çox təəssüf ki, qoruyucu bilib taxdığınız bir çox eynəklər gözləriniz üçün böyük təhlükə törədir.
Günəşli havalar böyükdən-kiçiyə hər kəsin əhvalını xoş edir. Günəşin parlaq şüaları insanların əhval-ruhiyyəsini qaldıran endorfin hormonunun artmasına səbəb olur. Bu şüaların insan orqanizminə çox faydalı olmağı ilə yanaşı, günəşdən aldığımız ultrabənövşəyi şüaların zərərli təsirini də yaddan çıxarmamalıyıq. Xüsusilə, qeyd etməliyəm ki, zərərli ultrabənövşəyi şüalara qarşı ən həssas orqan gözlərimizdir.
Gözlərin günəş şüaları ilə uzun müddət təması nəticəsində görmə qabiliyyəti zəifləyir, büllur və torlu qişanın zədələnməsi baş verir (el arasında “mirvari suyu” deyilən – kataraktanın, “qara su” kimi tanınan qlaukoma xəstəliyinin yaranmasına səbəb ola bilər).
Keyfiyyətsiz, UV filtri olmayan gün eynəkləri gözləri zərərli şüalardan qorumaq əvəzinə, əksinə, həmin şüaların gözlərimizə daha çox ziyan verməsinə səbəb olur. Belə ki, işıq az olduqda bəbək genəlir və UV filtrsiz gün eynəkləri zərərli şüaları genişlənmiş bəbəkdən daha çox keçirməklə böyük təhlükə yaradır.
Tədqiqatlar göstərir ki, zərərli ultrabənövşəyi şüalar hətta xərçəng xəstəliyinin əmələ gəlməsini də sürətləndirir. Sağlamlığının qayğısına qalan hər bir kəsin ultrabənövşəyi şüaları keçirməyən (UV filtrli) gün eynəklərindən istifadə etməsi məsləhətdir.
Müasir dövrümüzdə zərərli şüalardan qorunmaq üçün UV fitrli kontakt linzalar da geniş yayılıb. Bu linzaların gün eynəklərindən fərqi ondan ibarətdir ki, gün eynəkləri yalnız gözləri deyil, həm də göz qapaqlarını da qoruyur.
Saxta və keyfiyyətsiz eynəklərdən necə qorunmalı?
Eynək seçərkən ilk növbədə mütəşəkkil optikalara müraciət edin. Keyfiyyətli eynəklə yanaşı, yüksək ixtisaslaşmış, peşəkar optika işçilərinin məsləhətləri də vacibdir. Onlar sizin üz quruluşunuza, refraksiyanıza, şikayətlərinizə uyğun məsləhətlər verəcəklər ki, bu da düzgün eynək seçimində çox böyük əhəmiyyət kəsb edir.
Məsələn, burun çəpərində əyrilik olan şəxslər ağır eynək taxmaqdan çəkinməlidirlər. Ağır eynəklər burunu sıxaraq çətinləşmiş tənəffüsün qarşısını biraz da alaraq baş ağrılarına, hipoksik vəziyyətin artmasına səbəb olur. Belə şəxslərə titan (yüngül) eynəklərdən istifadə etmək məsləhətdir.
Astiqmatizmi olan şəxslər oval formalı, üzə yapışan eynəklərdən çəkinməlidirlər. Allergik gözlərə xüsusi qoruyucu örtüyü olan eynəklər məsləhətdir.
Eynək seçərkən təkcə xarici görünüşə deyil, həm də rahatlığa fikir vermək lazımdır. Eynək gözə tam oturmalıdır. Daha yaxşı olar ki, göz qapaqlarını qorumaq üçün iri linzalı eynəklərə üstünlük verəsiniz (xüsusilə, qadınlarda ultrabənövşəyi şüalar göz qapaqlarında vaxtından əvvəl qırışların yaranmasına səbəb olur)
Gözlərin narahatlığı və zərərli amillərdən müdafiəsi üçün eynək linzalarının rəngləri də vacib rol oynayır. Qəhvəyi, boz, qara, yaşıl rəngli linzalar daha faydalı sayılır. Əgər gözdaxili təzyiqiniz varsa və yaxud gözlərinizdə xroniki yorğunluq hiss edirsinizsə, yaşıl rəngli linzalara üstünlük verin. Bu rəng spektrləri rəng dalğalarını bərabər payladığına görə gözləri tam müdafiə edir.
Kəmalə Əliyeva
oftolmoloq