NUHÇIXAN xəbər verir ki, Şərur rayonu muxtar respublikamızın kənd təsərrüfatı ilə məşğul olan ən iri bölgələrindən biridir. Bərəkətli və məhsuldar torpaq sahələri olan rayonda yeni təsərrüfat ilinə də uğurla başlanılıb. Sahələrdən yaxşı məhsul əldə etmək üçün torpaq mülkiyyətçiləri payız aylarından torpağı əkinə hazırlamağa başlayıblar. Torpağa üzvi və mineral gübrələr verərək şum aparılıb. Bol məhsulun əsasını qoymaq üçün torpaq mülkiyyətçiləri əlverişli keçən hava şəraitindən istifadə edərək müasir texnikaların köməyi ilə kartof əkininə başlayıblar.
Kartof əkinləri əsasən rayonun Aralıq, Ələhli, Cəlilkənd, Dərvişlər, Mahmudkənd, Yuxarı Daşarx kəndlərində aparılır.
Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları kartof əkilən sahələrdə olub, kartofçuluqla məşğul olan torpaq mülkiyyətçilərinə maarifləndirici bukletlər paylayıb, onlara əkin qaydaları haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, ötən il Şərur rayonunda 1076 hektar sahədə kartof əkini aparılıb, 4 min tona yaxın məhsul əldə edilib. Rayonda soyuducu anbarların olması da bu məhsulların uzun müddət saxlanmasına, ilin istənilən mövsümündə bazara çıxarılmasına şərait yaradıb.
Cavid Səfərli