Xocalı soyqırımı: Bəşəriyyət və insanlığa qarşı törədilmiş cinayət

A- A A+

Xocalı soyqırımının törədilməsindən 33 il ötür. Bu qətliam XX əsrdə dünya tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətkarlıq və soyqırım aktlarından biridir. Dünyanın gözü qarşısında baş vermiş bu qətliam öz qəddarlığına və amansızlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş misli görülməmiş cinayətdir. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri Xankəndi şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək bu yaşayış məntəqəsinin əhalisinə amansız və qəddarcasına divan tutdular. Həmin gecə aylarla blokada şəraitində yaşayan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə yeksan olundu. Dinc əhaliyə amansızlıqla divan tutularaq 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin isə taleyi bu günə kimi məlum deyil. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qocalar idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirmişdir. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, insanlar diri-diri yandırılmış, onlara ağlasığmaz işgəncələr verilmişdir.

Xocalı faciəsinə hüquqi-siyasi qiymət yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra verilmişdi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Həmçinin BMT-yə, eləcə də dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdı. Ulu Öndər Heydər Əliyev çıxışlarında xalqın dərdinə şərik olaraq deyirdi: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".         

Xocalı qətliamı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, tanıdılması və ədalətin bərpa olunması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti davam etdirən Prezident İlham Əliyev Xocalı faciəsi haqqında deyirdi: "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi".  2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu istiqamətdə iş aparması və Xocalıda törədilmiş dəhşətli faktları beynəlxalq ictimaiyyətə çatdırılmasındakı müstəsna rolu danılmazdır. Bu istiqamətdə həyata keçirilən siyasət və görülən işlərin nəticəsidir ki, Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.         

Böyük qürur hissi ilə qeyd olunmalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020 – ci il tarixində Dəmir Yumruq əməliyyatı ilə başlanan və 44 gün əzmlə davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi, tarixi ədalət bərpa edildi. 2023 – cü il sentyabrın 19 – da başlayan və 23 saat davam edən antiterror əməliyyatı nəticə­sində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğu­na son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Xocalı qurbanlarının və bütün şəhidlərimizin qisası döyüş meydanında alındı. Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. 2024-cü il fevralın 26-da dövlət başçısı Xocalı şəhərinə səfəri zamanı Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Memorial bəşəriyyətə qarşı törədilmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, eləcə də xalqımızın milli yaddaşının qorunması məqsədini daşıyır.                                                                             
Doğma yurdundan didərgin düşmüş Xocalı sakinləri böyük qürur və fəxarət hissi ilə artıq öz evlərinə qayıdırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı şəhərində həyata keçirilən geniş quruculuq işləri, məktəblərin, yaşayış binalarının və digər infrastruktur obyektlərinin inşası və bərpa edilməsi vaxtilə Xocalını tərk etməyə məcbur qalmış sakinlərin layiqli həyat səviyyəsinin təmin edilməsi üçün çox mühüm addımlardır.
Əldə edilən zəfərlər və görülən işlər belə deməyə əsas verir ki, bu gün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin ruhları şaddır.

 

Mövlan Məmmədov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: