BÖYÜK QƏLƏBƏ VƏ XOCALIYA QAYIDIŞ XOCALI ŞƏHİDLƏRİNİN RUHUNA ƏN BÖYÜK TƏSƏLLİDİR

A- A A+

Müdriklərdən qalan ibrətamiz bir dərs var: tarixdən dərs almayan gələcəyinə qovuşa bilməz. Xalqımızın tarixinə qara xətlə yazılmış faciəvi hadisələrin imzasında mənfur erməni xalqının insanlıq əleyhinə əməlləri dayanır. İki yüz ilə yaxın bir müddətdir ki, torpaqlarımıza sahib olmaq üçün erməni xalqının etmədiyi bir əməl, çalmadığı bir qapı, demədiyi bir yalan, geymədiyi bir maska yoxdur. Torpaqlarımızda yaşamaq üçün humanistcə yer verdiyimiz bu mənfur erməni xalqı əzəli yurdumuza gələn gündən taleyimizə yazılmayan qara yazı qalmayıb. Qoltuqlarına sığındıqları ağalarının dəstəyi ilə tarixin müxtəlif dövrlərində xalqımıza qarşı misilsiz cinayətlər törətmiş, soyqırımı hadisələri ilə düşmənçiliyin ən acı nümunələrini tarixə yazmışlar: 1905-06-cı illər, 1918-20-ci illər və daha nə qədər acı cinayətlər... Elə dəhşətli cinayət hadisəsi yoxdur ki, mənfur erməni xalqı azərbaycanlılara qarşı törətməmiş olsun. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsi də məhz tarixin insanlıq əleyhinə görmədiyi dəhşət və vəhşət soyqırımı idi. Xocalıda soyuğun qan dondurduğu bir vaxtda mənfur və qəddar erməni xalqının vəhşi övladları körpə, qadın, uşaq, yaşlı, qoca demədən azərbaycanlı balalarının isti qanını tökür, tarixə vəhşilik imzası atırdılar. Amansızlıq və qəddarlıq faktlarına görə dünyada təkrarı olmayan Xocalı faciəsi erməni millətçilərinin azərbaycanlılara və dünya-bəşər xalqına növbəti xəyanət aktı idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “İnsanlığa qarşı  ən qəddar və amansız  kütləvi terror hadisələrindən olan  Xocalı soyqırımı ... XX əsrin sonunda  təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir”. Burada törədilmiş terror üsulları və miqyası, amansızlıq və qəddarlıq növlərini sözlə təsvir etmək mümkün deyil. Çünki vəhşi təbiətin belə insanlara qarşı törətmədiyi qanlı hadisələri insanlıqda yeri olmayan “qəbilə təfəkkürünə malik” erməni xalqı azərbaycanlılara qarşı törətdikləri soyqırımı faciəsində həyata keçirmişdilər. Bu faciə barədə bəhs edən Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev də deyirdi ki: “Xüsusi qəddarlığı ilə seçilən bu təcavüz aktı təkcə Xocalı əhalisinə deyil,  bütövlükdə insanlığa qarşı misli görünməmiş cinayət idi”.

 

Xocalı faciəsi XX əsrin qətl və qəddarlıq simvoludur

 

Baş vermiş bu dəhşətli faciə nəticəsində xüsusi strateji əhəmiyyət daşıyan, qədim və ən iri şəhərlərdən olan Xocalı kimi bir Azərbaycan şəhəri yer üzündən silinmişdi. Daşı daş üstə qalmayan Xocalı şəhəri mənfur erməni faşistləri tərəfindən darmadağın edilərək izi-bəhri itirilmişdi. Baş vermiş bu qanlı soyqırımı nəticəsində bir gecədə 613 nəfər  həlak olmuş, 487 nəfər əlil edilmiş, 1275 nəfər  əsirliyə götürülmüş, 150 nəfər itkin düşmüşdü. Ölən insanların 106 nəfəri qadın, 63 nəfəri isə uşaq idi. Habelə əsir götürülmüşlərin, itkin düşmüşlərin, əlil olmuşların arasında çoxlu sayda uşaqlar vardı. Bəli, faciənin miqyasının dəhşəti körpə, uşaq, yaşlı, əlil, qadın, kişi fərqi qoyulmadan edilən qansız cinayətlər və çoxsaylı uşaqların amansızca həlak edilməsi idi. Baş vermiş bütün faktlar onu qətiyyətlə deməyə imkan verir ki, törədilmiş bu qanlı terror aktı bilavasitə Azərbaycan ərazisini işğal etmək niyyəti ilə yerli əhaliyə qarşı keçirilmiş genişmiqyaslı soyqırımı hadisəsi idi. Bu faciəni törədən erməni və rus hərbi birləşmələri beynəlxalq humanitar hüquq normalarını ayaqlamaqla hər cür vəhşi xislətə malik olduqlarını nümayiş etdirmişdilər. Хоcalı faciəsinin iştirakçısı olmuş “İzvеstisiya” qəzеtinin müхbiri V.Bеlıх gözü ilə gördüyü dəhşətli hadisələri təsvir edərək yazırdı ki: “Bеlə şеyi dəhşətli yuхuda da görmək mümkün dеyil... dеşilmiş gözlər, kəsilmiş qulaqlar, çıхardılmış skalplar, kəsilmiş başlar...kəndirlə zirеhli maşının arхasına bağlanaraq uzun müddət sürüklənmiş, bir-birinə sarınmış bir nеçə mеyid... vəhşiliyin həddi-hüdudu yохdur...”. Hərbi təyyarəçi mayоr Lеоnid Kravеts isə bildirirdi ki: “Yохuşa səpələnmiş iki yüzə yaхın mеyid gördüm. Yеrli milis kapitanı da bizimlə idi. О, оrada öz dörd yaşlı оğlunu tapdı... başı əzilmiş... və dəli оldu...Başqa bir uşağın başı kəsilmişdi. Hər tərəfdə şikəst еdilmiş qadın, uşaq, qоca mеyidlərini gördüm...”. Bütün bu faktlar Хоcalı qətliamının dünyada qətl və qəddarlıq simvоlu olaraq tanıtmaqla bərabər, еrməniçiliyin də bəşəriyyət və insanlıq üçün nə qədər təhlükəli və qоrхunc faşizm və terrorizm ocağı olduğunu göstərir. Heç də təsadüfi deyildi ki, Amerika konqresmeni Don Barton ermənilər tərəfindən törədilmiş Xocalı faciəsini “dünyanın qətl və qəddarlıq simvolu” adlandırmışdır.

Bütün baş vermiş bu hadisələr və tarixə ən qanlı faciələrdən biri kimi düşmüş Xocalı faciəsi azərbaycanlılara qarşı törədilmiş soyqırımı – genosid aktıdır. BMT-nin “Soyqırımı cinayətinin  qarşısının alınması və onun cəzalandırılması haqqında” 1948-ci il Konvensiyasına, BMT Baş Məclisinin 10 dekabr 1948-ci ildə  qəbul etdiyi “Ümumdünya insan hüquqları” Bəyannaməsinə uyğun olaraq soyqırımı siyasəti və aktı  olması haqda hüquqi əsasını tapan Xocalı hadisəsi Azərbaycan və azərbaycanlılara qarşı erməni faşizmi və terrorizmi tərəfindən törədilmiş bir genosiddir.

 

Xocalı – azərbaycanlıların qəhrəmanlıq örnəyi və Xocalıya ədalət kampaniyası

 

 Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev Xocalı faciəsinin xalqımızın və bəşər tarixindəki mahiyyətini izah edərək demişdir: Bir tərəfdən bu hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən  Azərbaycana qarşı edilən  soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür”. Bu mənada Xocalı hadisəsi həm də xalqımızın vətənpərvər övladlarının tarixə nümunə olan qəhrəmanlıq nümunəsidir. Təpədən dırnağa kimi silahlanmış, arxalı köpəklər kimi əlacsız və silahsız dinc Xocalı əhalisinə saldıran erməni faşistləri ilə mübarizədə xocalılar qəhrəmanlıqla döyüşərək təkcə torpaqlarını deyil, namus, şərəf və ləyaqətlərini xilas etməyə çalışmışlar. Bu qeyri-bərabər döyüşlərdə Əlif Hacıyev, Ələsgər Novruzov, Tofiq Hüseynov, Araz Səlimov və Natiq Əhmədov kimi igid oğlanlar göstərdikləri rəşadətli qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər.

Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymət verən Azərbaycanı hər cür bəlalardan qurtaran Böyük Xilaskar Ulu Öndər Heydər Əliyev olmuşdur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Adıgedən sənəddə hadisələrin baş vermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanmış, eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilmişdir. Bundan başqa “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncam ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması və beynəlxalq ədalətin təmin edilməsi istiqamətində çoxsaylı işlər həyata keçirilmişdir. Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi  insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli nəticələr də əldə edilmişdir. Belə ki, bu istiqamətdə xarici dillərdə bir sıra kitablar, sənədlər dərc olunmuş, müxtəlif tədbirlər təşkil edilmişdir. Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, faciə ilə bağlı bir çox internet saytları yaradılmışdır. Bütövlükdə bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən sayılan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə  çatdırılması istiqamətində Ümummilli Liderimizin  siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ardıcıl və məqsədyönlü tədbirlər görülmüşdür. Habelə bu məqsədlə azərbaycanlılara qarşı soyqırımı siyasətinin bütün dünyada tanıdılması və erməni terrorizminin ifşa edilməsi baxımından Heydər Əliyev fondunun rəhbəri, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın da  xidmətləri misilsiz olmuşdur. Görülən işlərin nəticəsidir ki, Xocalı soyqırımı ilə bağlı xeyli sayda sənədli filmlər və müxtəlif dillərdə zəngin kitablar ərsəyə gəlmişdir. Bir sıra ölkələrdə Xocalı soyqırımı hadisəsinin azərbaycanlılara qarşı soyqırımı aktı olaraq qəbul edən sənədlər təsdiq edilmişdir. Bütün bunlar isə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan dövlətinin siyasi əzminin, düzgün və peşəkar diplomatiyasının, aparılan ardıcıl və məqsədyönlü işlərinin uğurlu nəticəsidir.

 

Xocalı şəhidlərinin ruhuna təsəlli və Vətən müharibəsindən doğan Böyük Zəfər Günəşi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyirdi: Düşünürəm ki, müstəqil, güclü və demokratik Azərbaycan dövlətinin mövcudluğu  və getdikcə inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna təsəlli ola bilər”. Və müstəqil Azərbaycan dövləti təkcə təsəlli olmadı, həm də mübarizəni müvəffəqiyyətlə həyata keçirdi. Mənfur erməni faşizminin 30 ilə yaxın işğal və təzavüz siyasətinə dözməyən Azərbaycan Respublikası Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və qoğru qərarları ilə öz haqqını təmin etməyə müvəffəq oldu. 44 günlük Vətən müharibəsində təpədən dırnağacan silahlanmış və özünün güclü sahiblərinə arxalanan Ermənistan ordusu Azərbaycan Milli Ordusunun əks-hücum əməliyyatları nəticəsində darmadağın edilərək məğlubiyyətə uğradıldı və təslimçilik aktına imza atmağa məcbur edildi. Cəmi 11 saatlıq müddət ərzində ölkəmizin ərazilərində gizlənmiş erməni terroristlərinin təmizlənməsindən sonra qətiyyətli qələbə aktı tam yerini tapdı və Azərbaycan xalqı öz Zəfərini böyük tənətənə ilə qeyd etdi. Böyük Zəfərdən sonra azad edilmiş ərazilərdə başladılan təmizləmə və quruculuq işləri Azərbaycan xalqı və dövlətinin suverenlik və əmin-amanlıq uğrunda mücadiləsinin təntənəsidir. Azad edilmiş ərazilərdə ən kiçiyindən tutmuş ən böyük infrastruktur layihələrinin uğurla başa çatdırılması, eləcə də əhalinin məskunlaşması prosesi xalqımızın vətənpərlik nümunəsi olaraq öz təəəssüratını tapdı. Bu proseslərin içərisində Xocalının heç bir güllə atılmadan boşaldılması və orada quruculuq-abadlıq işlərinin həyata keçirilməsi Xocalı şəhidlərinin ruhuna ən böyük təsəlli ərməğanı ola bilər. Özü də Xocalı sakinlərinin məhz Azərbaycan xalqının Müstəqillik Günündə qayıdışı böyük bir məna kəsb edirdi. Şəhərdə Xocalı qurbanlarının xatirəsinə ehtiram nümunəsi olaraq Memorial Kompleks də yaradılmışdır. Bir zaman erməni cəlladlarının məcburiyyəti ilə qanı ilə oradan uzaqlaşmağa məcbur qalmış xocalılar çox keçmədən öz doğma torpaqlarına Böyük Qələbənin müşayiəti ilə qayıtmağa müvəffəq oldular. Bu Böyük Qayıdış həm də tarixdə Haqqın və Ədalətin təntənəsi idi. Ulular demişkən, haqq nazilər, üzülməz. Azərbaycan Respublikası bütün maneələri qətiyyətlə aşaraq erməni faşizminin zülmünə və onun qanlı əməllərinə tarixin ən layiqli cavabını və cəzasını da vermiş oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dediyi kimi: “Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı”.   

 

Xəzəngül ORUCOVA

Ali Məclisin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: