Xocalının unudulmaz qəhrəmanları...

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün Azərbaycanın Milli qəhrəmanlarından- Araz Səlimov, Canpolad Rzayev, Ələsgər Novruzov, Füzuli Rüstəmov və Tofiq Hüseynovun şəhadətə yüksəldiyi gündür.

Bəli, onların hər biri tarixdə görülməyən, düşmənin törətdiyi Xocalı faciəsinin qarşısını almaq üçün son damla qanlarına kimi quldur ermənilərlə mübarizə aparıblar.

Belə oğullarımızdan biri də Araz Səlimovdur. 1988-ci ildən könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazılan Araz cəsur, qorxmaz gənc olaraq dəfələrlə döyüşlərdə iştirak edib, düşmənə ağır zərbələr vurulmasında şücaət göstərib. 26 fevral Xocalı faciəsi gecəsi son gülləsinəcən vuruşan vətənin igid oğlu göstərdiyi rəşadətlə onlarla dinc sakini ölümün pəncəsindən xilas edib. Ermənilərə böyük gözdağı verən Səlimi izləyən düşmən Əsgəran rayonunda onu qardaşı Fəxrəddinlə birlikdə mühasirəyə alıb, vəhşicəsinə, min bir əzabla qətlə yetirir.

Xocalı faciəsi zamanı Araz Səlimovun ailəsindən üç nəfər - özü, atası və qardaşı həlak olub. Vətənin igid oğlu Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı Fərmanı ilə Araz Bahadır oğlu Səlimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Həmin gecə son nəfəsinəcən düşmənə zərbələr vuran qəhrəmanlarımızdan biri də Ağdam rayonunun Çuxurməhlə kəndindən olan Canpolad Rzayevdir. O, 1988-ci ildə hərbi xidmətə çağırılıb raket qoşunlarında xidmət edərək leytenant rütbəsi alır. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq vətənə dönüb düşmənlə mübarizə aparır. Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşan Canpolad 26 fevral 1992-ci il Xocalıda törədilən vəşiliyin qisasını almaq üçün tankına oturub Qaraqaya kəndinə üz tutur. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edib, yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaradır. Hər tərəfdən atəşə məruz qalan Canpolad döyüş meydanında qəhrəmancasına həlak olur. Vətənin igid oğlu Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Canpolad Yaqub oğlu Rzayev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Laçın rayonunun Kürdhacı kəndindən olan qəhrəmanımız Ələsgər Novruzov bədən tərbiyəsi müəlimi olaraq 1979-cu ildə Xocalıya gələrək 1 saylı məktəbdə ixtisası üzrə fəaliyyət göstərir. Qarabağa Ermənilərin təcavüzkar hücumları başladığı gündən o, tam gizli şəkildə yaradılan Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olur. Ələsgər 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılması və silahlandırılmasında xüsusi xidmətlər göstərir. Həmin ilin sentyabr ayında Xocalıya hücüm edən ermənilərin məhv edilməsi və geri çəkilməsində Ələsgər Novruzov igidlik göstərir. Sonra Xankəndiyə hücum edən düşmənə layiqli cavab verən qəhrəman onlarla əsr götürülən qadın və uşağı xilas edir. 1989-cu ilin payızında Daşbulaq kəndində 300 nəfərə qədər əhalini düşmən mühasirəsindən azad edən Ələsgər 1990-cı ildə İrəvandan Xankəndinə uçan təyyarələrin qarşısını almaq üçün döyüş yoldaşıları ilə birlikdə uçuş zolağını parıldadıb xeyli müddət təyyarələrin enməsinin qarşısını alır. 1991-ci ildə keçirilən əməliyyatların əsas iştirakçısı olan Ələsgər Novruzov dəmir yolunun dağıdılıb Xankəndinə gedən yolun bağlanmasında Xankəndi–Norağuğ yolunda 2 maşın və 20-yə qədər erməninin məhv edilməsində yaxından iştirak edir. 25 fevral 1992-ci il tarixində Ələsgər Novruzov öz rəhbərlik etdiyi dəstəyə bildirir ki, “döyüş ağır olacaq, ona görə də patrona qənaət etmək lazımdır, çalışın havayı güllə atıb mövqeyimizi bildirməyin”. Döyüşdə Ələsgər Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərir. O, sərrast atıcılığı ilə 20-yə qədər erməni quldurunu məhv edir. Döyüş mövqelərini dəyişmək üçün Xocalıda beşmərtəbə binaya tərəf çəkilən Ələsgər Novruzov ağır güllə yarası alır. O,yaralı olamğına baxmayaraq son gülləsinə qədər döyüşür. Qəhrəman çoxlu qanitirmədən özünü itirir. Bu haldan istifadə edən ermənilər ona işgəncələr verib, qətlə yetirlər. Ələsgər Novruzovun meyidi 4 nəfər erməni əsiri ilə dəyişdirildikdən sonra alınıb, Laçın rayonun Kürdhacı kəndində dəfn edilib.

Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı Fərmanı ilə Ələsgər Xanlar oğlu Novruzov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına və “General Məhəmməd Əsədov” mükafatına layiq layiq görülüb.

Xocalının unudulmaz qəhrəmanlarından biri olan Füzuli Rüstəmov Tərtər rayonunun yetirməsi idi. Ancaq ata və anasını vaxtsız itirən qəhrəman Xocalıda babası Kərim kişinin himayəsində böyüyüb. Ana yurdu Xocalıya qəlbən bağlı olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edib oranı darmadağın edir. Bu hadisədən sonra ona 4 ay həbs cəzası verilib. O, xain düşmənin məkirli niyyətinin qarşısını almaq üçün mübarizəsindən dönmür. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aeroportunun partladılmalıdır deyiləndə bu tapşırıq üçün seçilən dörd nəfərdən biri də Füzuli olur. Onlar əməliyyatı uğurla başa çatdırırlar. 1992-ci il fevral ayının 25-də Xocalı faciəsi törədilən zaman onlarla dinc sakini xilas edən qəhrəman həmin vaxt Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağı bacarır. Yerli əhalinin təhlükəsizliyini təmin etməyə çalışan vətənin igid oğlu döyüş meydanında boynundan ağır yaralanır. Onu xilas etmək mümkün olmur. Füzuli Rüstəmov Tərtər rayonunun Hüsənli kəndində dəfn edilib.

Azərbaycan Respublikası Prezidentninin 25 fevral 1997-ci il tarixli 553 saylı Fərmanı ilə Füzuli Salah oğlu Rüstəmov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Sonuncu qəhrəmanımız Xocalının “Mixailo” ləqəbli qəhrəmanı Tofiq Hüseynovdur. O, dünyaya göz açdığı yurdunu yağı düşməndən qorumaq üçün 1991-ci ildə Xocalıda özünümüdafiə taborunu yaradır. Daha sonra həmin taborun komandiri olan Tofiq Naragux kəndindən Xocalını tez-tez top atəşinə tutan ermənilərin bütün qurğularını məhv edir. Daha sonra Mehdikəndə hücum edən erməni quldurlarına əks-cavab verərək onların artilleriyası “Alazan” qurğusu partladılaraq, yerləşdikləri fermanı darmadağın edir. Bu əməliyyat zamanı Tofiq burada on erməni yaraqlısını əsir götürür. Bu qəhrəmanlıqlarına görə ona el arasında Xocalının “Mixailo”su adını verirlər. Uğurlu əməliyyata görə Tofiq Hüseynova mayor rütbəsi verilir. Vətənin igid oğlunun sonuncu döyüşü Xocalıda fevral ayının 26-da olur. Dünyada görülməyən bu soyqırımın qarşısını almağa çalışan Tofiq Hüseynov neçə-neçə dinc sakini ölümün pəncəsindən xilas edib, son nəfəsinə qədər vuruşaraq onlarla erməni quldurunu məhv edir. Ən sonda düşmən əlinə keçməmək üçün sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partladır. Həmin gecə doğma yurdunda gözlərini əbədi yuman Tofiq Hüseynov Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Tofiq Mirsiyab oğlu Hüseynov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Ruhunuz şad olsun, vətən oğulları! Son damla qanınınıza kimi axıtdığınız qanınız yerdə qalmadı. Ali Baş Komandanın rəhbərliyi və Müzəffər Ordumuzun rəşadəti ilə əzəli torpaqlarımız geri alınaraq, düşməndən qisasınız alındı!

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: