Səlahiyyətli nümayəndə “YAŞAT” Fondunun “Qış düşərgəsi"nin iştirakçıları ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “YAŞAT” Fondunun Naxçıvanda təşkil etdiyi “Qış düşərgəsi"ndə iştirak edən şəhid övladları ilə görüşüb.
Fuad Nəcəfli Xocalı soyqırımı zamanı həlak olmuş soydaşlarımızın xatirəsini anıb və bildirib ki, Azərbaycan artıq Qarabağ problemini həll edib, Xocalı faciəsi qurbanlarının qisasını alıb, suverenliyini təmin edib. Ümummilli Liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən ölkə başçısı, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə bu gün Xankəndidə, Ağdamda, Qarabağda geniş quruculuq işləri görülür, Böyük Qayıdış konsepsiyası həyata keçirilir.
Bütün bunlar istər birinci, istərsə də ikinci Qarabağ müharibələrində şücaət göstərən qəhrəman şəhid və qazilərimizin şücaəti sayəsində əldə olunub. Dövlətimiz Vətən fədailərinin qəhrəmanlıqlarını unutmur, onların övladlarını daim xüsusi qayğı ilə təmin edir. “YAŞAT” Fondunun bu layihəsi də bu qayğının davamı kimi mühüm əhəmiyyət kəsb edir.
Ötən il “YAŞAT” Fondunun Naxçıvanda təşkil etdiyi “Yay düşərgəsi"ni xatırlayan səlahiyyətli nümayəndə layihəni şəhid övladlarının təcrübə və geniş dünyagörüşü əldə etməsi, ən əsası isə yeni dostluq münasibətləri qurması baxımından yüksək qiymətləndirib, düşərgə iştirakçılarına xoş istirahətlər və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov görüşdə iştirak edən gənclərin qəhrəman ataları ilə birgə döyüş xatirələrindən danışıb, onların əmanətlərinə xüsusi qayğı ilə yanaşıldığını qürur hissi ilə qeyd edib, layihənin təşkilinə verilən dəstəyə görə minnətdarlığını ifadə edib.
Səmimi söhbət zamanı şəhid övladları təəssüratlarını paylaşıb, düşərgənin təşkilində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev ölkəmizdə ilk dəfə Naxçıvanda şəhid övladlarının iştirakı ilə “Qış düşərgəsi”nin təşkil olunduğunu diqqətə çatdırıb.
Sonra düşərgə iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, "YAŞAT” Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə bir qrup şəhid övladı Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Qış düşərgəsi"ndə iştirak edir.