Danışan xalçalar

A- A A+

Azərbaycan öz maddi-mənəvi dəyərləri ilə tarix boyu-keçmişdə və bu gün  dünyanın diqqət mərkəzində dayanıb və onun “inciləri” bütün zamanlarda  dünya xalqlarının marağına səbəb olub. Bu incilərdən biri də dekorativ-tətbiqi sənət nümunələridir. Azərbaycanın dekorativ-tətbiqi sənət  nümunələri bu gün  dünya muzeylərinin  ona görə qiymətli  eksponatına çevrilib ki, hər biri istər   bənzərsiz rəngi,   zəngin naxışları, ümumilikdə estetik zövqləri oxşayan bədii forması ilə  insanları düşündürür və özünə valeh edir. Bu el sənəti ona görə dəyərlidir ki, o  tarixin  süzgəcindən keçib və əcdadlarımızdanbizə miras qalıb.  Məhz ona görə doğmadır ki, bu xalq sənəti  yüksək zəhmətin,  göz nurunun və  ruhun  birgə  vəhdətinin təzahürüdür. Bir rəvayətdə deyildiyi kimi:

Bir gün el-obanın insanları   el ağsaqqalı Dədə-Qorqudun yanına gəlir,  ondan kömək istəyərək deyirlər:

-Bizim  yazımızı əbədi, gül-çiçəyimizi solmaz et. Quşlarımız daim ötsün. Evlərimizdən istilik–hərarət, sevgi  heç əskik olmasın. Bizi hər vachlə qoruyan qüvvələr hər zaman var olsun.

El ağsaqqalı  biraz fikrə getdikdən sonra deyir:

-Qız-gəlinlər gəlsin və onlara elə bir sənət öyrədimki,  evinizin istisi, qəlbinizin fərəhi heç bitməsin. Üzərində  sizi qoruyacaq  məna yüklü  naxışlar toxuyun- həyat ağacı toxuyun, həyat eşqiniz  sönməsin.

Gül-çiçək, quş toxuyun üzərinə, müqəddəs ilahi sevginiz sizi tərk etməsin.

Ulduz, göl, axar su  salın üzərinə həyatın keçməkeşli yollarında xoşbəxtliyə doğru gedərkən  zəkanızın işığı daima yolunuzu aydınlatsın, sonzuluğa gedən  yolda axar su sizi müdafiə etsin.

Bədnəzər duası sal üzərinə, səni kəm gözlərdən qorusun. Darağı və çərxifələyi unutma! Ailənin taleyini ondan istə, müqəddəsliyini daima əziz tut.

Sevənlər əhdi-peyman bağladıqca  üzərinə gülləri daha rəngarəng sal ki,  ilahi sevgi daima sizilə olsun. Həsrət çəkənlər qovuşsun.

Pıtraq toxu, dəvə toxu. Düşmən üzərində güc-qüvvətin rüzi bərəkətin  dözümlülüyün  üstünlüyün olsun!

Beləliklə  sizə müqəddəs bir el sənəti olacaq  xalçanı  öyrədirəm.

İlmə-ilmə toxunan bu xalçalar  isə danışsaydılar , yəqin ki bunları deyərdilər:                     

Toxu məni ilmə-ilmə,

Oxu məni sətir-sətir

Toxun mənə əllərinlə, ürəyinlə

Gör kimlərin izi qalmış üzərimdə

Ürəyimə toxun mənim, deyim sənə

Hansı qəlbin,  arzuları, istəkləri nəzərimdə

Neçə yurdun hərarətli nəfəsləri,

Neçə gözün nuru  qalmış üzərimdə.

Oxu məni ilmə-ilmə.

Oxu gör ki,

“Kimlər mənim” ürəyimə yara vurmuş?

Kimlər mənim keşiyimdə necə durmuş

Düşmənləri susduracaq qeyrətilə,

Oğullarım at belində qamətilə,

Qızlarım da namusuyla, ismətiylə

Dastanlarda yazılacaq şərəfiylə,

Neçə-neçə dahilərim

Üzərimdə əbədi bir tarix yazmış.

Bəlkə də bu dediklərim

          hələ azmış.

Toxun mənə əllərinlə, ürəyinlə,

İnildəyir parçalanmış, yandırılmış,

 məhv edilmiş hissələrim,

Ürəyimdə zaman-zaman məskən salan,

Yaralarım, çözələnən ilmələrim desin sənə.

Qəzəblə bax, qəzəbli bax, qına bunu edənləri,

Məni kimlər amansızca məhv etməkçün,

Çirkli, qəddar xislətiylə tarix boyu sıralanmış.

Toxun mənə, sinəm üstü yaralanmış,

Mən sevmədən  məni “sevən” ,

bu torpaqdan qoparıbdır,

Oğurlayıb, məni zorla yad ellərə aparıbdır,

Desin  sənə, mənasına dünya sığan naxışlarım,

İllərdir ki,  dünya ilə  təmasdakı naxışlarım,

Bu gün məndən üz çevirib butalarım.

Hələ yenə duymuram ki, nədir mənim xətalarım?

Bu gün mənim neçə-neçə “incilərim”

Yad muzeylər bəzəyirlər.

Yurd həsrətli vətən qoxan çiçəklərim,

Saralıbdır, yad ellərdən səsləyirlər.

Müqəddəsdir ərişlərdə cəh-cəh vuran quşlar,

Gecə-gündüz həsrətinlə nəğmə oxuyur,

Hər naxışla gözəl qızlar,

Üzərimdə eşqlərini ilmə-ilmə toxuyur,

 Həm intizar müjdəsidir.

Qarmaq, əjdaha, axar su,

Güc-qüvvəni sonsuzluğu göstəribdir,

                 Çərxi-fələk hey dönəcək,

                 Var olduqca iki sevən üzərimdə,

Sevgi ilə əhdi-peyman bağlamışdır,

 Əlləri belində dayanan anam,

Taleyimə hey üzülüb ağlamışdır,

Lakin məni heç bir qüvvə, səndən alsa,

     özününkü edə bilməz,

Üzərimdə pis xislətdən qoruyacaq,

“gözüm” vardır,

Rənglərini səndən almış naxışlarım,

Naxış qədər zəngin olan zəfərlərim,

şərəfli bir tarixim var.

Qüdrətli bir Azərbaycan,

şöhrətli bir Təbrizim var!

Zəkasıyla millətləri heyran qoyan

Heydərim var!

Bu gün məni toxuyacaq qız-gəlinim,

Qəlbi bütün, dilə dastan Qarabağda.

Toxuyacaq incə-incə, oxuyacaq “Xarıbülbül”,

Həsrət deyil, sevinc  dolu nəğməsini,

Yayacaqdır bu dünyaya haqq səsini.

Toxuyacaq şövqlə bu gün Qarabağda

                                           qız-gəlinim,

 Oxuyacaq məna yüklü naxışlarım,

“Xan” səsiylə “Qarabağın şikəstəsin”,

Bir yurd vardır üzərimdə məskən salmış.

“Kimsənələr” sığındığı inanc yerim Əshabi-Kəhf!

Rəngarəngdir, həm sirlidir, 

                         torpağından ilhamlanıb naxışlarım,

Üzərində toxunubdur, o daima toxuncaq,

Əcəmi tək bir dahinin yaratdığı,

 qadın üçün ucaltdığı,

İlmə-ilmə toxunacaq, sətir-sətir oxunacaq,

Abidəm var!

Oxunacaq üzərimdə, tarixlərə səs salacaq,

Şərqin gözü, Nuhun yurdu,

Naxçıvan var!!!

Səriyyə Hüseynova

“Azərxalça” ASC-nin Naxçıvan filialının direktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: