“Buz heykəl”, “Od içində”, “Ananın ölümü”, “Silahlı dağlar”, “Qanlı möhür” pyesləri ilə xalqın qəlbində yaşayan yazıçı Ənvər Məmmədxanlı Azərbaycan nəsrində lirik-romantik üslubun yaradıcılarından biri olub. O, yaradıcılığında həm müasir, həm də tarixi mövzularda əsərlər yaradaraq ədəbiyyatımızın nəsr və dramaturgiyasında dərin iz qoyub.
NUHÇIXAN xəbər verir ki, bu gün tanınmış yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlının doğum günüdür.
“Həyatda nələrsə xoşumuza gəlmir, nələrsə ziddiyətlidir - bax həmin hadisələr mədəniyyətimizin inkişafı üçündür”,-deyən Ənvər Məmmədxanlı 1913-cü il fevral ayının 28-də Göyçay şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Bakıda Sənaye Texnikumunda təhsil alıb. Əmək fəaliyyətinə Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik olaraq başlayan Ənvər eyni zamanda, Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb. Sonra təhsilini yarımçıq qoyaraq yaradıcılıqla məşğul olmağa başlayan Ənvərin bu seçimini ailəsi xoş qarşılamayıb. Amma Ənvər öz istəyindən dönməyib. Yaradıcılığı müddətində mətbuat üzrə bir çox sahələrdə işləyən gənc yazıçı İkinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində “Qızıl ordu” cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilib. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olub. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışıb. Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilib. Təbrizdə nəşr olunan “Vətən yolunda” ordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışıb. Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olub.
Ənvər Məmmədxanlı müharibə illərində qələmə aldığı hekayələrdə, mübariz, döyüşkən, odlu publisistika vəhdət təşkil edib. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunaraq geniş oxucu rəğbəti qazanıb. “Qərb cəbhəsindən məktub”, “Analar yollara çıxdılar”, “Yeni ilin hökmü”, “Silahlı dağlar”, “Qanlı möhür”, “Buz heykəl”, “Haralısan əsgər qardaş?”, “Ananın ölümü”, “Ulduz”, “Od içində” pyesləri və “Şirvan gözəli” lirik komediyası tamaşaya qoyulub. “Şirvan gözəli” Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülüb. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” əsəri SSRİ Dövlət mükafatına layiq görülüb.
Həyatının böyük bir hissəsini yazıb-yaratmaqla keçirən görkəmli sənətkar dövrün çətinliklərinə görə sevdiyi qıza qovuşa bilmir. Buna görədə ömrünün sonuna kimi heç zaman ailə həyatı qurmur. Xasiyyətcə daha çox inadkar, risk etməyi sevən biri olaraq bir çox əsərlərini dövrün ziddiyətlərinə qarşı yazaraq dərc etdirir. Onun Azərbaycan Dövlət televiziyasından dinlədiyimiz müsahibəsində “Od içində” əsərinin Cənubi Azərbaycanda milli demokratik hərəkatının qanla susdurulmasından danışaraq qeyd edib ki, “Bu pyesin tamaşasının hazırlanması mənim həyatımda unudulmayacaq böyük çətinliklərə səbəb oldu. Bu əsərə görə mən gözləmədiyim insanlarla üz-üzə gəldim. Bildirim ki, mən iki il İranda işləmişdim. Azərbaycan demokrat partiyasının yaranması mənim gözümün qarşısında olmuşdu. Orada biz “Vətən yolunda” qəzet çap edirdik. Qəzeti ərəb əlifbası ilə çap edib yayırdıq ki, bütün azərbaycanlılar oxusun… “Od içində” əsəri tamaşaya qoyulmazdan əvvəl baxışdan keçirdilər. Sonra dayandırıldı. Nə qadağan edirdilər, nə də tamaşaya qoyurdular. Hadisələrin uzun müzakirəsi mənim əsəblərimə çox təsir edirdi. Buna görə mən Mircəfər Bağırova məktub yazdım. Ancaq bilməməzlikdən məktuba imzamı çəkməmişdim. Sonra Bağırovun yanında işləyən xanıma zəng edib məktubum haqqında soruşdum. O, da dedi ki, imza çəkməmisiniz. Dedim lazımdır, gəlim çəkim, mən dediyim sözün arxasındayam. Bu məsələdən sonra Mirzə İbrahimov Bağırovun yanında olanda, ondan soruşub ki, Ənvər məndən nə istəyir? Oda cavab verib ki, əsərin tamaşası hazırdır, gəlin baxın veriləcəksə, verilsin. Bu söhbətdən sonra Bağırov gəlib baxdı və pyes tamaşaya qoyuldu”.
Xalq yazıçısı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Bir çox xairici ölkələrdə səfərdə olan görkəmli sənətkar iki dəfə “Şərəf nişanı”, “Qırmızı Əmək bayrağı” və “İkinci Dünya müharibəsi” ordenləri, döyüş medalları ilə təltif olunub.
Ənvər Məmmədxanlı 1990-cı il dekabrın 19-da Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.Yaradıcılığının son əsəri “Babək” romanı olsa da, romanı tamamlaya bilməyib. Yazıçının ölümündən sonra Anar Rzayev həmin romanı və “Babək” kinossenarisini birləşdirib “Azərbaycan” jurnalında çap etdirib.
Qeyd edək ki, yazıçı xalq şairi Rəsul Rza ilə həm xalaoğlu, həm əmioğlu olan Ənvər Məmmədxanlı xatirələr kitabına yazdığı “ön söz”də ilk və bəlkə də gecikmiş etirafı səslənmişdi: “Rəsul Rza bir ömür boyu mənim üçün nəinki bir dost, bir yoldaş və böyük qardaş idi, o eyni zamanda uşaqlıq illərindən mənə müəllimlik eləmişdi və həmişə mənim üçün örnək olmuşdu”.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru