Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir

A- A A+

Müstəqil və suveren dövlətə sahib olmaq, milli mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

Prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı sərəncamı tarixi zəfərin hüquqi-siyasi qiymətidir. Suveren dövlət - beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir. Həmçinin suveren dövlət müasir dövlət anlamına gəlir. Əgər bu gün kimsə “müasir dövlət” terminini işlədirsə bu, siyasi müstəvidə suveren dövlət ifadə edir. Çünki bəşəriyyətin hazırkı yaşam tərzi məhz suveren dövlətin meydana çıxmasından sonraya təsadüf edir və onun mahiyyətindən qaynaqlanır. Suveren dövlətin meydana çıxması ilə suveren dövlətlər sistemi yaranıb və müasir beynəlxalq münasibətlər təşəkkül tapıb. Biz bu gün mütəqil dövlət olan Azərbaycanın qəhrəman əsgər və zabitlərinin, şəhidlərinin qanı hesabına qazanılmış, xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüzün, suverenliyimizin əldə edilməsində keçilən yola nəzər salsaq bir daha görərik ki, Azərbaycan xalqı yenilməz və danılmazdır.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali xüsusiyyətini ifadə edir, sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum idi. Suverenlik dövlətinin mövcudluğunun hüquqi əsası və onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərti kimi çıxış edir.

Xalqımızın illərlə davam edən müstəqillik və azadlıq arzusu nəhayət, XX əsrin 90-cı illərində reallaşdı. Lakin bütün bunlar heç də asan başa gəlmədi. Bu ideya və amal uğrunda saysız itkilər, qurbanlar verdik. Bu yolda yürümək nə qədər şərəfli idisə, onu qoruyub saxlamaq da bir o qədər çətin oldu. Bu müddət ərzində xalqımızın başına gətirilən müsibətlər, hakimiyyət uğrunda mübarizə, səriştəsiz rəhbərlər, hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül, zorla cəlb edildiyimiz müharibənin ağrıları, torpaqlarımızın itirilməsi, azadlıq uğrunda verdiyimiz şəhidlərin günbəgün artması, 1 milyondan artıq insanın öz dədə-baba yurdlarından didərgin düşməsi və daha nələr....

Xalqın yeganə qurtuluş və nicatı yenidən ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişində oldu. Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, diplomatik uğurlar və ordu quruculuğu məhz bu şəxsiyyətin, müdrik siyasətçinin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatlarının qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Xüsusilə onu qeyd edim ki, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə Dövlət Suverenliyi günü kimi qeyd ediləcək. Yaşasın müstəqil və suveren Azərbaycan!

Zülfü İSMAYILOV

Notariat, qeydiyyat və reyestr şöbəsinin

Arxiv bölməsinin rəisi, ədliyyə müşaviri

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: