Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova: “Diktorluq, hər şeydən əvvəl, fərdi istedaddır.”

A- A A+

Naxçıvan Televiziyasının, xüsusən də Naxçıvan radiosunun daimi tamaşaçıları bu dəfəki müsahibimi çox yaxşı tanıyır. O, uzun illər televiziya sahəsində səmərəli fəaliyyət göstərmiş peşəkar jurnalist, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Laləzar xanım Hüseynovadır. Laləzar xanımla görüşüb söhbəti etmək çoxdankı arzum idi. Bilirdim ki, onunla söhbətimiz çox yaxşı alınacaq. Müsahibənin oxucusu da kifayət qədər çox olacaq. Bir neçə həftə öncədən əlaqə saxlayıb, müsahibə üçün razılıq əldə etsəm də, müəyyən səbəblərə görə görüşümüz bir qədər yubanmışdı. Nəhayət, bu günlərdə vaxt tapıb görüşdük və maraqlı söhbət edə bildik...

 Müsahibəmizə başlamazdan əvvəl, yaxşı olar ki, oxucularımızı əvvəlcə Laləzar xanımın tərcümeyi-halı ilə tanış edim. Laləzar Əli qızı Hüseynova çoxəsrlik tarixə malik olan Naxçıvan şəhərində anadan olub. Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olub. Məktəbdə oxuduğu illərdə "Divar qəzeti" adlanan məlumat stendində oxuduğu məktəb və məktəbin şagirdləri haqqında qısa yazılar yazıb. Həmin məktəbi yaxşı qiymətlərlə başa vurub və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialına daxil olub. Laləzar Hüseynova 1971-ci ildə, hələ tələbə ikən Naxçıvan Dövlət Televiziya və Radio Verlişləri Qapalı Səhəmdar Cəmiyyətində (o zamanlar Komitə idi) ilk əmək fəaliyyətinə başlayıb. 1974-cü ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali təhsilini başa vurub. 1976-cı ildə SSRİ Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin sədri S.Q.Lapin tərəfindən yazılı təşəkkürnamə ilə təltif olunub. Bununla yanaşı, o, Naxçıvan Muxtar Respublikasının Maarif İşçiləri Evi nəzdində təşkil edilmiş iki illik tikiş-dərzilik kursunu əla qiymətlərlə bitirib. "Şərq qapısı" qəzetində silsilə məqalələri, xəbərləri çap olunub. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. 2008-ci ildə Naxçıvan Mətbuat Şurası tərəfindən diplomla təltif olunub. Hazırda təqaüddədir.

 - Laləzar xanım, xoş gördük sizi. Əvvəlcə əhvalınızı xəbər almaq istəyirəm. Necəsiniz? Bilirəm ki, bir neçə ildir təqaüddəsiniz. Günləriniz necə keçir?

 - Çox sağ olun, təşəkkür edirəm. Yaxşıyam. Bəli, qeyd etdiyiniz kimi hazırda təqaüddəyəm. Ancaq işimdən, fəaliyyətimdən ayrılmamışam. Hər həftə Naxçıvan televiziyasında – radioda oluram. Şənbə günləri "Bulaq başı" verlişim efirdə olur.

 -Təqaüddə olsanız da, sizə doğma olan kollektivdən və ən əsası sevib-seçdiyiniz işinizdən ayrılmamısınız...

 - Bəli, işimdən ayrılmamışam. Daha doğrusu ayrıla bilməmişəm. Nə qədər ki canım sağdır, səhhətim əl verir, işimin üzərində dayanacağam. Hərdən gənc həmkarlarımdan biri "yoruldum", "bu gün çox işləmişəm" deyəndə onları işə həvəsləndirirəm. Deyirəm, mən sizin yaşınızda olanda bundan artıq məsuliyyətim var idi. İş qayğısı, ailə-uşaq qayğısı...Ancaq bir dəfə də olsun "yoruldum" demirdim.

 - Laləzar xanım, gəlin bir az keçmişə qayıdaq. Sizin Naxçıvan Televiziyası ilə tanışlığınız nə zamandan başladı?

 - Elə tələbəlik illərimdən başladı. Amma radio sahəsinə sevgim, televiziyaya hədsiz marağım məktəbli çağlarıma gedib çıxır. Yaxşı xatırlayıram. Məktəbimizdə kiçik bir otaq var idi. Həmin otaqda radio qovşağı yerləşirdi. Böyük tənəffüslərdə məktəbimizin uğurları, nailiyyətləri, əlaçı şagirdlərin, necə deyərlər, xoş sədaları həmin radio vasitəsilə elan olunurdu. Hər dəfə radionun o sehirli səsi məktəbin dəhlizinə yayılanda məni qəribə bir hiss bürüyürdü. Həmin illərdən radio sevgisi artıq məni öz ağuşuna almışdı. Elə oldu ki, məni məktəbimizdəki həmin o radio qovşağına dəvət etdilər. Səhv etmirəmsə, 6-cı sinifdə oxuyurdum. Elə həvəslə, şövqlə o təklifə "hə" demişdim ki...

 - Ancaq peşəkar radiojurnalistakaya, qeyd etdiyiniz kimi, tələbəlik illərində gəlmisiniz...

 - Bəli. 1968-cı ildə məktəbi yaxşı qiymətlərlə başa vurub Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olundum. Üçüncü kursda oxuyarkən təsadüfən bir elan xəbəri oxudum: Naxçıvan Televiziyasına aparıcı axtarılırdı. Böyük bir inamla televiziyaya getdim. Ancaq sözün düzü, qəbul edilənə qədər içimdə bir tərəddüd, bir şübhə var idi; düşünürdüm ki, belə məsuliyyətli işə - radio və televiziya aparıcılığına məni qəbul etməzlər. Bu tərəddüdüm televiziyanın həyətinə daxil olanda daha da artdı. Çünki bu elanı görüb iş üçün gələnlərin sayı onlarlaydı. Gələnlərin, demək olar ki, hamısı ali təhsili tam başa vurmuş şəxslər idi. Onların yanında da mən - hələ universitetin üçüncü kursunu belə bitirməmişdim...

 - Ancaq qəbul olundunuz...

 - Olundum. Xoş xəbəri alanda sevincimin həddi - hüdudu yox idi...

 - Yəqin ki, televizyaya qəbul ediləndə də müsabiqə prosesindən keçdiniz.

 - Əlbəttə! Müsabiqə prosesi çox ciddi təşkil olunmuşdu. Uzun illər televiziyada çalışan yaradıcı insanlar - jurnalistlər, rejissorlar, aparıcılar müsabiqə heyətinin üzvü idilər. Səs tembirindən tutmuş diksiyaya, ordan da görünüşə və yazı təcrübəsinə qədər hər bir şey dəqiqliyi ilə yoxlandı. Mənə geniş bir mətn verdilər. Oxudum. O illərdə televizyanın baş rejissoru mərhum Əsgər Əsgərov idi. Müsabiqə nəticələri elan olunanda mənə yaxınlaşıb dedi ki, qızım, Allah-taala sənə gözəl səs verib, nəcib görkəm verib və ən əsası sənə gözəl camal bəxş edib. Biz səni aparıcı kimi televizyamıza qəbul etdik. Ancaq səndən bir xahişimiz də olacaq. Bu gün burada gördüklərini, yəni müsabiqə prosesində baş verənləri yazıb bizə gətir. Qələmini də yoxlayaq. Əsgər müəllimin tapşırığına əməl etmək üçün evə tələsdim. Onun dediklərinə uyğun olaraq, televizyaya daxil olduğum andan ta ki müsabiqə prosesi yekunlaşana qədər nə görmüşdümsə, yazdım. Ertəsi gün gətirib rəhbərliyə təhvil verdim. Oxudular və yazımı işimi bəyəndilər. Rəyləri müsbət oldu. Əsgər müəllimdən işə qəbul olunduğumun xəbərini alanda, sanki qanad açıb göylərə ucaldım. Necə sevinməyəsən!? Uşaqlıq arzum gerçək olmuşdu. İndi də o günün, o anın, həmin dəqiqələrin xoşbəxtliyini canımda hiss edirəm.

 - Televizyadakı, daha doğrusu, radiodakı ilk aylarınız necə keçdi? Alışa bildiniz? Uşaqlıq arzunuz sizi məyus etmədi ki?

 - Çox tez alışdım işə, kollektivə. Həmkarlarımla qaynayıb-qarışdıq. Fəaliyyətim də rəhbərlik tərəfindən bəyənildi. O illərdə komitə rəhbəri Fərman müəllim idi - Fərman Tağıyev. Çox sadə, gülərüz, bir o qədər də prinsipial adam idi. İşə məsuliyyətlə yanaşardı. Həmin məsuliyyəti işçilərdən də gözləyirdi. Biz də canla-başla işimizə ciddi nəzarət edirdik. Çalışırdıq ki, hər şey nöqsansız olsun. Hətta televiziyanın o illərdəki şəraitsizliyinə, avadanlığın kifayət qədər zəngin olmamasına baxmayaraq, əlimizdən gələnin ən yaxşısını etməyə cəhd edirdik. Mənə elə gəlir bunun öhdəsindən lazimi qədər gəlirdik də.

 - Texnikanın, lazimi avadanlığın olmaması televizya üçün böyük problemdir...

 - Əlbəttə! İşıqlandırmanın düzgün qurulmaması, mikrofonlarda tez-tez baş verən texniki nasazlıqlar və ən əsası sufluyorun, yəni aparıcıya xəbər materialını xatırlatmağa kömək edən yardımcı ekranın və videoyazının olmaması ciddi problemlər yaradırdı bizə. Bu səbəbdən çox əziyyət çəkirdik. Hətta bəhs etdiyim texniki nasazlıqlarla bağlı bir xatirəm də var...Adi günlərdən biri idi. Studiyada xəbər oxuyurdum. Birdən necə oldusa qarşımdakı, lap bir addımlığındakı projektor partladı. Qıp-qırmızı qızarmış irili-xırdalı isti şüşə parçaları bir anda yağış kimi üstümə yağdı. Qaynar şüşə parçaları uzunqol paltarımı əridib qollarıma yapışdı. Tez bir neçə saniyəlik efirdən çıxdıq. Sonra mən yenə efirə qayıtdım və heç nə olmamış kimi, (halbuki qollarım acışırdı) təmkinlə dedim: “Hörmətli tamaşaçılar, texniki nasazlığa görə üzr istəyirik. Proqramımız davam edir. Efirdə xəbərlərdir. Studiyada Laləzar Hüseynovadır...” Beləcə xəbərləri bitirdim. Efirdən sonra işçilər dedilər ki, qolun o vəziyyətdə olduğu halda sən xəbəri necə oxudun? Dedim ki, efir mədəniyyəti adlı bir anlayış var. Heç bir hadisənin tamaşaçıya, dinləyiciyə aidiyyatı yoxdur...

 - Bəs suflorsuz xəbər materiallarını necə tam, səhvsiz oxuya bilirdiniz? Mənə elə gəlir çox çətin olardı sizin üçün...

 - Bəli, çətinlik olurdu. Ancaq xəbər materiallarını, mətnləri yadımda saxlamaqda əməlli-başlı səriştəm var idi. Yaddaşım iti olduğu üçün çox problem yaşamırdım. Efirə çıxmazdan əvvəl bir neçə dəfə xəbərləri oxuyurdum, hətta bəzi qısa xəbərləri əzbərliyirdim. Kağız üzərində də qeydlər aparırdım. Məsələn, filan yerdə səs düşümü olacaq, filan yerdə pauza olacaq, filan sözdə vurğu sonuncu hecaya düşür...Bax beləcə yaddaşıma həkk edirdim həmin xəbər materiallarını. Efir vaxtına qədər bəlkə də on dəfə onları özümə danışırdım. Bu işi artıq vərdiş halına gətirmişdim. Ona görə mövcud çətinliyin öhdəsindən gələ bilirdim. Hətta bununla bağlı maraqlı bir xatirəm də var. Onu da sizinlə bölüşüm.

 - Bölüşün...

 - Televiziyada yeni fəaliyyətə başladığım illər idi. Kompüterin, printerin, indiki çap qurğularının olmadığı dövrdə xəbər materiallarını makinada yazıb çap edirdik. Mətnlər çox keyfiyyətsiz alınırdı, daha dəqiq desək, hərflər, rəqəmlər çox çətin oxunurdu. Studiyada, güclü işıqların əhatəsində həmin xəbər materillarını oxumaq heç də asan deyildi. Təqdim olunacaq xəbərlərin biri məndə, yəni xəbər aparıcısında, bir sürəti isə xəbər rejissorunda olurdu. Aparıcı xəbərləri təqdim etdikcə rejissor da xəbərin ardıcıllığına, düzgünlüyünə nəzarət edirdi. O illərdə efirə, qəzetə, bir sözlə, kütləvi informasiya vasitələrinə olan diqqət çox güclü idi. Ən adi bir səhv belə ciddi tənbehlə, töhmətlə nəticələnirdi. Yaxşı xatırlayıram. Bir gün televiziyada efirə hazırlaşırdım. İctimai-siyasi verlişlər üzrə rejissorumuz Fikrət müəllim - Fikrət Qasımov özünə aid olan xəbər materialını götürəndə yanlışlıqla mənim xəbər materialımı da özünə aid olanların arasına qatıb aparmışdı. Efir başlayanda baxmışdı ki, aparıcının xəbərini də səhvən götürüb. Ancaq daha gec idi. Çünki mən efirə çıxmışdım...Xəbərləri ardıcıl, heç bir səhv buraxmadan oxudum. Hava proqnozunu da təqdim etdim. Xəbər başa çatandan sonra studiyadan ayrıldım. Bir də baxdım ki, çöldən - televiziyanın həyətindən Fikrət müəllimin səsi gəlir: "Belə diktora afərin! Xəbəri səhvsiz, heç bir ardıcıllıq pozulmadan oxudu”. Əməkdaşlarımız Fikrət müəllimdən soruşublar ki, müəllim, nə baş verib axı. Adi gündür, Laləzar xanım həmişəki kimi xəbərini oxuyub. O da cavab verib ki, Laləzara aid olan xəbər materialını mən səhvən götürmüşəm. Buna baxmayaraq o, xəbəri səhvsiz oxuyub.

 - Laləzar xanım, fəaliyyətinizin ən çətin dövrləri hansı illəri əhatə etdi?

 - 90-cı illərin əvvəlləri. Yalnız fəaliyyətimin yox, həyatımın da ən çətin, böhranlı dövrləri idi o illər. Tək mənim üçün yox, elə bütün soydaşlarımız üçün təlatümlü dövrlər idi. Həmin illərin ağrılarını elə indi, bax bu saat da canımda hiss edirəm. Qarabağda baş verən hadisələr...Qanlı Xocalı faciəsi...Naxçıvanın blokada şəraitinə salınması...Sədərəkdə gedən qanlı döyüşlər...Və bütün bu hadisələrin xəbərini tamaşaçıya çatdıran mən. Necə ola bilərəm? Kədərli, hüznlü, şəhid anaları, şəhid bacıları qarşısında məyus...Hər dəfə efirdə şəhid xəbərini, yaxud da Qarabağın dilbər guşələrinin işğal xəbərini verəndə qəhər məni boğurdu.Göz yaşlarıma hakim ola bilmirdim. İndi də o illəri yada salanda kövrəlirəm, qəhər məni boğur...Allah şəhidlərimizə rəhmət eləsin...(kövrəlir)

 - O illər təkcə sizin yox, bütün soydaşlarımızın həyatına sağalmaz yaralar vurdu. Bu gün qələbə qazanmış bir ölkə kimi tanınsaq da, Qarabağımızda üçrəngli bayrağımızı dalğalandırsaq da qan yaddaşlı o illəri heç zaman unutmayacağıq...

 - Həqiqətən də, unutmaq olmur. Vətənimizin o dövrlərdə yaşadığı çətinlikləri sözlə ifadə etmək qeyri-mümkündür. Bir tərəfdə günahsız soydaşlarımızın erməni vandalizminə məruz qalması, digər tərəfdən torpaqlarımızın işğal edilməsi, bunlar bəs etmirmiş kimi bir tərəfdən də Azərbaycanda baş verən siyasi böhran...Bütün bunlar mətbuatda işıqlandırılırdı, heç bir məlumat televizyanın və qəzetin diqqətindən kənarda qalmırdı. O illərdə insanlar informasiyanı yalnız qəzetlərdən və televizyadan alırdı. Heç bir köməkçi informasiya mənbəyi yox idi. Naxçıvanın blokada şəraitində olması vəziyyəti tamam çətinləşdirirdi. Təsəvvür edin ki, paytaxtdan xəbərlər təyyarə vasitəsi ilə Naxçıvana gəlirdi.

 - Səhv etmirəmsə, həmin dövrlərdə, yəni 80-ci illərin sonları, 90-cı illərin əvvəlləri Xalq Cəbhəsinin Naxçıvan Televiziyasına hücumu da baş vermişdi. Xatırlayırsınız həmin günü, həmin hadisəni?

 - Əlbəttə xatırlayıram. 1992-ci il. Oktaybrın 24-ü. Həmin gün mən efirdə idim. Radioda müəllifi olduğum verlişi aparırdım. Efir təzə başlamışdı. Studiyanı səs rejissorlarının əyləşdiyi otaqdan ayıran qalın şüşədən (aparıcı və səs rejissoru həmin şüşədən bir-birini görür və müəyyən jestlərlə, mimikalarla bir-birinə informasiya ötürə bilirlər) baxıb gördüm ki, digər otaqdakı həmkarların üzündə qəribə bir ifadə yarandı. Baş aça bilmədim. Sonra bir-bir qalxıb otağı tərk etdilər. Efiri başlı-başına qoyub çıxıb getdilər. Sən demə bunlar bayırda baş verən səs-küyü eşidiblər.

 - Sizə bir məlumat vermədilər?

 - Yox...Heç kim bu barədə bir söz demədi mənə. Baş verənlərdən xəbərsiz studiyada oturub verliş aparırdım. Gözlədim, gördüm əməkdaşlarımız geri qayıtmadı.

- Bəs siz necə xəbər tutdunuz?

      - Bir də baxdım studiyanın qapısı aramsız döyülür. Cəbhəçilərin televiziyaya hücum etdiyindən xəbərsiz olduğum üçün qapını açdım. Kaş açmayaydım. Nə biləydim ki, məni belə bir təhlükə gözləyir. Fikirləşdim ki, yəqin əməkdaşlarından biri olar. Qapı açdım. Gördüm qarşımda hündürboy, enlikürək, qara paltarlı, qara maskalı iki adam dayanıb. Əllərində də avtomat. Şoka düşmüşdüm. Özümü itirmişdim. Nə çığıra bildim, nə səsimi çölə çatdıra bildim. Heç nə...Həmin qara paltarlılardan biri əlindəki avtomatın qundağı ilə məni geriyə itələdi. Dedi, studiyanı tərk et! Ancaq çölə çıxmadım. Onun mikrofona tərəf diqqətlə baxdığını gördüm. Hiss etdim ki, mikrofonu almaq istəyir. Onu qabaqladım. Tez gedib aparıcı stulunda əyləşdim, mikrofonu masa üzərindən götürüb bərk-bərk qucaqladım. Ana övladını necə bağrına basar, bax elə qucaqladım mikrofonu. Qaramaskalı gəlib qarşımda dayandı və amiranə bir tərzdə dedi ki: "Mikrofonu masanın üzərinə qoy!". Özümü itirmədim, cəsarətlə qara maskadan üzümə zillənən, qan çanağına dönmüş bir cüt gözə baxıb dedim ki, qoymuyacağam! Əlimdən almaq istədi, ancaq yenə də müqavimət göstərdim. Əlisilahlıların amansız təhdidlərinə, hədə qorxularına baxmayaraq, vermədim mikrofonu onlara...(kövrəlir)

    - İlk sözünüz nə oldu? Qorxu və təlaş içində onlara nə dediniz?

    - Sual verdim onlara. Dedim, siz əlinizdəki silahı mənə verərsiniz!? Bu da mənim silahımdır. Verməyəcəyəm sizə. Nə sizdən qorxuram, nə də sizin silahınızdan...

    - Nə üçün vermədiniz? Bir halda ki, qarşınızdakı əlisilahlılar mikrofonu işlətməyi belə bacarmırdı. Çox ehtimal onlar sizin mikrofonla harasa məlumat verməyinizdən ehtiyatlanıb onu yararsız hala salacaqdı...

    - Rejissorlar "pult" arxasından qalxıb getdikləri üçün sistem açıq idi. Mən mikrofonun aşağı hissəsindəki balaca düyməni basıb cihazı söndürmüşdüm. Əgər mikrofonu söndürməsəydim, studiyada baş verən bütün danışıqlar, əlisilahlıların hədə qorxuları, təhdidləri...hamısı dinləyiciyə çatacaqdı. Ancaq mən qapını açmağa qalxanda mikrofonu söndürmüşdüm. Onda məndən həmin mikrofonu alsaydılar vəziyyət çox pis olardı. Cihazı aktivləşdirib yalan məlumatlar çatdıra bilərdilər. İnsanları qorxuya sala bilərdilər, Naxçıvanla bağlı yalan məlumatlar verə bilərdilər. Buna görə "silahımı" onlara verə bilməzdim. Vermədim də. Qorudum onu. Ana öz balasını qoruyan kimi qorudum...

   - Sonra nə baş verdi?

   - Əlimi masanın bir küncündə dayanan telefona uzatdım. Həmin telefon radionun daxili xətti idi. İstədim səsimi bir nəfərə çatdıram ki, ay insanlar, ay yoldaşlar, mən burda əlisilahlıların mühasirəsindəyim. Məni xilas edin! Ancaq olmadı. Telefona əl atdığımı gördülər. Qara maskalı adamlarından biri cibindəki iti bıçağı çıxarıb telefonun dəstəyini kəsib üstümə atdı. Sonra binanı çox vahiməli bir səs bürüdü. Həmin səsin sahibi amiranə bir tərzdə dedi ki, əlisilahlılar, televiziyanın damına qalxın! Onlar da tez otaqdan çıxdılar. Onların ardınca mən də ayağa qalxdım. Qapıları bağladım. Otaqda nə qədər qaldım, neçə saat qaldım, bilmirəm. Bir zaman gördüm ki, şüşənin digər tərəfindən bir yaşlı kişi mənə işarə verdi ki, qapını aç. Açdım. Dedi ki, çıx bayıra, xəta sovuşdu. Televizyanın həyətinə çıxanda gözlərimə inana bilmədim. Sevimli iş yerimizin divarı uçmuşdu, dəmir hasarları yararsız hala salınmışdı. Həyətdə zirehli bir texnika da var idi. Televiziyanın qarşısı isə insanlarla dolu idi. Mən həmin izdihamın içindən keçib canımdakı qorxu hissi ilə evimə doğru yol aldım...

     - Laləzar xanım, neçə sədrlə bir dövrdə işləmisiniz?

      - Təxminən, 10-a yaxın sədrlə bir dövrdə işləmişəm...

     - Kiminlə işləmək daha yaxşı idi?

     - Əməkdar jurnalistimiz, rəhmətlik Vahid Bağırovla, bir də indiki sədrimiz Sahil Tahirli ilə. Çünki Vahid Bağırov işçilərə qayğı ilə yanaşan, onların dərdinə şərik olan bir insan idi. Onu hər zaman özümə böyük qardaş bilmişəm. Həqiqətən də böyük qardaş mehr-məhəbbəti ilə yanaşardı həmkarlarına. Allah rəhmət eləsin! Sahil Tahirli də işçilərini sevən, onları müdafiə edən, yaşlı nəslə hər zaman diqqət və qayğı ilə yanaşan insandır. Allah ona cansağlığı versin. Yaxşı insanlar heç zaman unudulmur...

    - Laləzar xanım, media sahəsindəki səmərəli fəaliyyətiniz diqqətindən kənarda qalmayıb. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüsünüz...

     - Bəli. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşəm. Bu fəxri adı almağımın xoş xəbərini də həmkarlarım verdi mənə. İnana bilmirdim. Sərəncamın qeyd oldunduğu vərəqi əlimə alıb baxır, baxırdım. Sevinirdim. Bununla yanaşı, Naxçıvan Mətbuat Şurasının, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Probləmləri üzrə Dövlət Komitəsinin diplomları, 65 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin fəxri fərmanı ilə də təltif olunmuşam. Sağ olsun dövlətimiz. Sağ olsun dövlət başçımız. Bu gün Azərbaycan inkişaf edir. Hər bir sahədə uğurlar, nailiyyətlər qazanır. Bu gün Azərbaycan jurnalisti efirə qalib ölkənin xoş günlərindən, inkişaf və tərəqqisindən danışır. Arzum budur ki, Vətənimiz daha da inkişaf etsin, çiçəklənsin.

     - Tərcümeyi-halınızda SSRİ Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin sədri S.Q.Lapin tərəfindən yazılı təşəkkürnamə ilə təltif olunmağınız haqqında məlumat var...

   - Bəli. Həmin mükafat gənclik illərimin, gənclik zəhmətimin mükafatı idi. Həmin mükafatı alanda da çox xoşbəxt olmuşdum. Sevinmişdim. Həmkarlarım məni canı-dildən təbrik edirdi. Məni sevənlər sevincimə şərik olurdu. Mən də onların bu təmiz sevgisindən güc alırdım. Ancaq həyat təzadlarla doludur. Sevincim uzun çəkmədi. Mükafatım naqis insanların qurbanı oldu. Həmin ərəfədə yazılı təşəkkürnamənin orjinal nüsxəsini televiziyanın kadrlar şöbəsindən istəmişdilər. Mən də heç bir pis niyyət güddüklərini düşünməyib, gətirib vermişdim. Kadrlar şöbəsinə nəzarət edən qadından xahiş etmişdim ki, icazə versin mən həmin mükafatın sürətini çıxarıb ona verim, əsasını isə özümdə saxlayım. İcazə vermədi. Dedi elə bu cür lazımdır. Sonradan məlum oldu ki, həmin mükafatı məhv ediblər. Paxılıqmı onları bu işə vadar etmişdi, xəbislikmi, həsədmi, deyə bilmərəm. Ancaq həmin mükafatdan geriyə heç nə qalmayıb. Xatirələrdən başqa...

İllərin peşəkar aparıcısına belə bir sual vermək istəyirəm; Laləzar xanım, əsl aparıcı özündə hansı müsbət xüsusiyyətləri cəmləşdirməlidir?

 - Peşəkar aparıcı Azərbaycan dilinin zəngin çalarlarını bilməli, gözəl nitq mədəniyyətinə malik olmalı, səlis, axıcı və rəvan danışmalıdır. Radio aparıcısı üçün gözəl səs başlıca amillərdən biridir. Gözəl səs, rəvan danışıq aparıcıya tamaşaçı və dinləyici sevgisi gətirir. Radionu dinləyənlər aparıcını görmür, ancaq onun səsindən mədəniyyətini, danışıq qabiliyyətini hiss edə bilir. Onu da deyim ki, səsin də öz rəngi, özünəməxsus çalarları var. Diktorluq fərdi istedaddır, - desəm, yəqin ki, yanılmaram. Mən gənclik illərindən Azərbaycan radiosunu çox dinləyirdim. Hələ o zamanlardan dilimizin zənginliyinə heyran olurdum. Mən gözəl səsli diktorları dinlədikcə radionu daha çox sevmişəm, ixtisasca müəllim olsam da bu sənətin vurğunuyam və bu gün də peşəmi sevirəm...

     - Söhbətimizin əvvəlində aparıcısı olduğunuz bir verlişin adını qeyd etdiniz. Həmin verliş barədə də bizə məlumat verin, zəhmət olmasa.

    - Bəli, "Bulaq başı" verlişi. Mənim sevimli layihəm. Sözügedən verlişi 2013-cü ildə yaratdım. Məqsədim bu idi ki, doğma radiomuzda uzunömürlü bir verliş olsun. O illərdə mən həm xəbərlər redaksiyasında işləyirdim, hər gün çəkilişlərdə olurdum, həm də radioda "Yeddi gün" ictimai – siyasi informasiya həftəlik proqramı hazırlayıb, özüm də efirə təqdim edirdim. Mənim fəaliyyətim tək aparıcılıqla yekunlaşmırdı, həm də jurnalist idim. Odur ki, "Bulaq başı"na vaxtım bir o qədər qalmırdı. Ona görə də bu verilişi əziz həmkarım, şairə Təranə xanım Arifqızı hazırladı. Onu da deyim ki, çox gözəl hazırlayır. 2023-cü ildə isə verlişin 10 illik yubileyini qeyd etdik. Bu gün də həmin verliş efirdədir. Bizim zəngin adət-ənənələrimizdən, xalqımızın milli-mənəvi dəyərlərindən, folklor nümunələrimizdən bəhs edir...

    - Laləzar xanım, səmimi bir müsahibənin sonuna gəldik. Hesab edirəm ki, 54 illik fəaliyyətinizin acılı-şirinli xatirələrini az da olsa yada sala bildik. Buna görə sizə təşəkkür edirəm.

    - Mən də sizə təşəkkür edirəm. Son olaraq fəaliyyətimlə bağlı bir faktı, daha doğrusu bir xatirəmi də diqqətinizə çatdırmaq istəyirəm. Deməli, 1975-ci ildə Bakıda “Naxçıvan günləri” keçirilirdi. Yaxşı yadımdadır, Naxçıvanın adlı-sanlı ziyalılarının, mədəniyyət və incəsənət adamlarının iştirak etdiyi bu tədbir 10 gün davam etdi. AzTV – də muxtar respublikamızın sosial-mədəni, iqtisadi həyatı, bir sözlə uğur və nailiyyətləri barədə verlişlər hazırlanmışdı. Həmin verlişləri canlı olaraq AzTV-dən efirə mən təqdim etmişəm. Bu tədbirdən sonra televiziya rəhbərliyi məni iki il ərzində təcrübə mübadiləsinə dəvət etdi. Hətta mənə orda iş də təklif olundu. Sözün düzü, çox sevindim. Ancaq qalıb işləyə bilmədim. Naxçıvana – doğma televiziyamıza qayıtdım. Bir sözlə, doğulduğum torpaqdan, doğma kollektivimdən ayrıla bilmədim.

- Buna deyirlər peşə sədaqəti, peşə sevgisi...Maraqlı müsahibəyə görə çox sağ olun, Laləzar xanım.

   - Təşəkkür edirəm. Siz sağ olun.

Məcid RƏŞADƏTOĞLU

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: