Zəngəzur Milli Parkında 5 bəbir görüntülənib - VİDEO
NUHÇIXAN xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında məskunlaşan 5 bəbirin görüntüsü paylaşılıb.
Paylaşımda deyilir:
"Məlumat verdiyimiz kimi, biz 2007-ci ildən başlayaraq ölkəmizdə foto və videotələlər vasitəsilə Bəbir (Panthera pardus) və onun qida obyektlərinin, rəqib növlərin monitorinqini aparırıq.
İlk dəfədir ki, kameralarımıza 5 (beş) bəbir bir yerdə düşür. Onun dördünü yaxşı tanıyırsız - adını sizinlə birlikdə Banu qoyduğumuz ana bəbir və yanında 3 balasıdır. Beşinci fərd isə qonşu dövlətləri də gəzib gələn SC_026 kodlu bir erkəkdir.
Bizim Naxçıvandakı komandamızın özəyini ARETN Bioresurslar İnstitutunun əməkdaşları təşkil edir. Onların sayəsində zəngin təbiətimizin gizli qalan bir çox sirrinin üstünü açmaq mümkün olmuşdur".
Qeyd edək ki, layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İB ilə birgə həyata keçirilir.