Bu gün Azərbaycanın Qəhrəmanlarından Elşad Əhədov, Vüqar Ağayev və Nail İbrahimlinin doğum günüdür.
Masallı rayonunun yetirməsi Elşad Əhədov 1968-ci il mart ayının 4-də Təzə Alvadı kəndində anadan olub. Orta təhsilini kənddə yeddinci sinfə qədər oxuyan qəhrəman hərbçi olmaq arzusu ilə sənətlərini Cəmşid Naxçıvanski adına Hərbi liseyə verərək, oranı müvəffəqiyyətlə başa vurur. Sonra təhsilinə Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbində davam edir. Təhsilini bitirən Elşad baş leytenant rütbəsi ilə Volqoqrad vilayətindəki hərbi hissələrdən birinə rota komandiri təyin olunur. Burada bir müddət xidmət edən gənc zabit Vətənə qayıdaraq əvvəlcə Güzdək qəsəbəsində, sonra isə Lənkəranda rota komandiri kimi xidmətinə davam edir. Həmin dövlərdə ermənilərin Azərbaycan torpaqlarına hücumları intensivləşirdi. Bununla razılaşmayan gənc komandir döyüş bölgəsinə üz tutaraq hərbi biliyi və təcrübəsi ilə hücuma məruz qalan əhalini qorumaq üçün əlindən gələni əsirgəmir. Füzuli rayonu ərazisindən döyüşlərə qatılan Elşad sonra Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayaya kəndlərinin müdafiəsi uğrunda mübarizə aparır. Beyləqanın müdafiəsində böyük rəşadət göstərən gənc zabitin minaladığı sahəyə 8 düşmən tankı və onlarla erməni yaraqlısı düşərək məhv olur. Xüsusi döyüş tapşırığı alan Elşad 10 nəfər döyüşçü yoldaşı ilə çətin və dönüşü olmayan əməliyyata cəlb olunur. Elşad Əhədov öz dəstəsi ilə gecə irəliləyir. Düşmən postuna yaxınlaşan zaman düşmən hücum olunduğunu anlayıb atəş açır. Düşmən məhv edilsə də, açılan atəşdən üç güllə yarası alan qəhrəman komandir şəhid olur. Vətənin igid oğlu doğulduğu Təzə Alvadı kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda vəzifə borcunu şərəflə yerinə yetirib şəhid adını qazanan Elşad Saday oğlu Əhədov ölkə Prezidentinin müvafiq fərmanları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə və “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qəhrəmanın adı əbədiləşdirilərək Təzə Alvadı kənd orta məktəbi və istirahət parkına verilib.
30 ilə yaxın yurd həsrətinə son qoyan 44 günlük Vətən müharibəsi…
1993-cü il avqustun 31-dən Qubadlı rayonun üzərini qara buludlar almışdı. Bu buludlar 25 oktyabr 2020-ci ilə kimi çəkilmədi. Rayon gün üzünə, elə doğma insanlarına da həsrət qaldı. 44 günlük Vətən müharibəsi ilə Müzəffər Ordumuzun qəhrəman hərbçiləri qanı-canı bahasına olsa da, bu həsrətə son qoyaraq torpaqlarımızı işğaldan azad etdi. Onlar sırasında Qubadlı rayonunun 50-dən çox igidi də var idi. Onlardan 11-i şəhid, 40-dan çoxu isə vətən üçün sağlığından keçərək doğma yurdunu düşməndən təmizlədi. Belə oğullardan biri də Vətən Müharibəsi Qəhrəmanı şəhid, mayor Vüqar Ağayevdir.
1973-cü il martın 4-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olan Vüqar kənd tam orta məktəbində təhsilini başa vurub. 1991-1992-ci illərdə əsgəri xidmətini yerinə yetirən qəhrəman Birinci Qarabağ müharibəsində Milli Qəhrəman Əliyar Əliyevin taborunun tərkibində döyüşlərdə iştirak edib. Sonra Heydər Əliyev adına Hərbi Liseyə daxil olan Vüqar 1994-cü ildə hərbi təhsilini başa vuraraq leytenant rütbəsi alıb. Bir müddət Qusar rayonunda hərbi təlim keçən gənc leytenant sonra Naxçıvan qarnizonunda “N” saylı hərbi hissədə bölük komandiri kimi hərbi xidmətə başlayıb. Dörd il Ordubad rayonunun sərhəd bölgəsi Soyuq dağda, sonra Naxçıvan şəhərində “N” saylı hərbi hissədə, üç il Kəngərli rayonu Qıvraq kəndində, bir il Şahbuz rayonunda, xidmətinin 6 ilini isə Naxçıvan şəhərində “N” saylı hərbi hissədə yerinə yetirən gənc zabit bu illər ərzində qüsursuz xidmətinə görə Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi yubiley, I, II, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Hərbi Xidmətlərə görə” medalları ilə təltif edilib.
Doğma yurdu Qubadlı həsrəti vətənin igid oğlunun qəlbində dərin yara idi. O, ordudan tərxis olunsa da, Vətən müharibəsi başlayanda könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinə müraciət edərək döyüşlərdə iştirak edir.
Uğurlu döyüş əməliyyatlarında iştirak edən vətənin igid oğlu 2020-ci ilin noyabrın 1-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Mayor Vüqar Ağayev Bakıda II Fəxri Xiyabanda dəfn edilib.
Vətən torpaqlarının işğaldan azad olunmasında rəşadət göstərib, bu uğurda şəhid olan mayor Vüqar Ağayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Qəhrəmanın adı əbədiləşdirilərək Qubadlı rayonu Xanlıq kənd tam orta məktəbinə verilib. “Nova Gorica” kino mərkəzi “Euroclima” şirkətinin dəstəyi ilə “Torpaqdan-torpağa” adlı sənədli filmi Vətən müharibəsi qəhrəmanı Vüqar Ağayevə həsr olunub.
44 günlük Vətən müharibəsində torpaqlarımızın düşməndən təmizlənməsində rəşadət göstərən igid oğullarımızdan biri də kiçik gizir Nail İbrahimli idi.
O, 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində dünyaya göz açıb. Orta məktəb illərindən idmanın güləş növü ilə məşğul olan Nail bir çox yarışlarda tərifnamələrə layiq görülüb. Hərbi xidmətini yerinə yetirib ordudan tərxis olunan Nail sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi birləşməsinə daxil olaraq vətənə xidmətinə davam edib. 44 günlük Vətən müharibəsi başlayan zaman torpaqlarımızı azad etmək arzusu ilə döyüşlərdə iştirak edən Nail İbrahimli Murovdağ istiqamətində düşmən postlarının darmadağın edilməsində və bir neçə hakim yüksəkliklərin nəzarətə götürülməsində igidlik göstərib. O, Füzuli, Qubadlı və Zəngilan istiqamətlərində aparılan əməliyyatlarda da qəhrəmancasına iştirak edib. Sonra qəhrəman gizirin üzvü olduğu dəstənin əks-hücumu nəticəsində Zəngilan şəhəri qısa müddətdə işğaldan azad olunub. Pulemyotçu olaraq döyüşlərdə iştirak edən Nail Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün də işğaldan azad edilməsində şücaət göstərir. Onun iştirak etdiyi bölük tezliklə Qubadlı istiqamətində strateji yüksəklikləri, yaşayış məntəqələri, sərhədyanı əraziləri və Qubadlı şəhərini işğaldan azad edir. Sonrakı istiqamət isə Laçın dəhlizi uğrunda olur. Aparılan əməliyyatlarda uğurlar qazanılsa da, Nail İbrahimli noyabrın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalır. Vətənin igid oğlu doğma kəndi Xaçmazda Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi rəşadətə görə gizir Nail İbrahimli ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru