Xəstəliyin qlobal yükünü tədqiq edən beynəlxalq alimlər qrupu belə qənaətə gəlib ki, siyasi islahatlar və müvafiq tədbirlər görülməzsə, 2050-ci ilə qədər dünyanın yaşlı əhalisinin yarıdan çoxu (3,8 milyard nəfər) və uşaq və yeniyetmələrin üçdəbiri (746 milyon nəfər) artıq çəkidən və ya piylənmədən əziyyət çəkəcək. Bu, qlobal miqyasda vaxtından əvvəl xəstəlik və ölüm riskini artıracaq, ictimai sağlamlıq üçün görünməmiş təhlükə yaradacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The Lancet” elmi jurnalında dərc olunmuş araşdırmada deyilir.
ABŞ-ın Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirilməsi İnstitutundan (IHME) tədqiqatın aparıcı müəllifi Emmanuela Qakidou deyir: “Artıq çəki və piylənmənin görünməmiş qlobal epidemiyası böyük faciə və ciddi bir sosial uğursuzluq sayıla bilər”.
Məlumatların təhlili göstərir ki, son üç onillikdə artıq çəkidən əziyyət çəkən və kökəlmiş yetkinlərin sayı 1990-cı ildəki 731 milyondan 2021-ci ildə 2,11 milyarda çatıb. Uşaq və yeniyetmələr arasında isə həmin dövrdə bu rəqəm 198 milyondan 493 milyona qədər artıb.