Bakıda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

A- A A+

Martın 5-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının və AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan dövlətinin yaranma tarixi, inkişaf mərhələləri və qadınların bu işə verdiyi töhfələr, həmçinin Azərbaycan qadınlarının cəmiyyətdəki rolu barədə qısametrajlı film nümayiş etdirilib.

Daha sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən Prezident İlham Əliyevin qadınlara təbrik məktubu səsləndirilib.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib: "Təqvimin əlamətdar günlərindən biri kimi 8 Mart qadınlarımızın dövlət və cəmiyyət həyatındakı rolunu, ailədəki əvəzsiz zəhmətini və fədakarlığını bir daha vurğulamaq üçün bir fürsətdir".

Onun sözlərinə görə, son 20 ildə qanunverici orqanda qadınların təmsilçiliyi artaraq 11,2 faizdən 20,8 faizə çatıb. İdarəetmənin parlament, hökumət və məhkəmə hakimiyyəti ölçüsündə qadınlar daha parlaq və daha geniş spektrdə imkanlarını genişləndirməkdədir. Son 20 ildə qanunverici orqanda qadınların təmsilçiliyi artaraq 11,2 faizdən 20,8 faizə çatıb. Dövlət qulluqçuları arasında 29,7 faizlik iştiraka malik qadınlar hakimlər korpusunda, hüquq-mühafizə orqanlarında və vəkillər arasında sıralarını daha da genişləndirməkdədir. Onların informasiya texnologiyaları və süni intellektə marağı daha da artıb, rəqəmsal iqtisadiyyatda geniş imkanlar əldə ediblər. Ölkəmizdə qadınların təhsil, sahibkarlıq və əmək bazarına çıxışı son illərdə daha əlçatan olub. Onlar dünyada sülh, təhlükəsizlik, rifah və inkişaf naminə mübarizəyə töhfələr verir, güclü, inklüziv cəmiyyət quruculuğunda, ictimai həyatda daha fəal iştirak edirlər.

Komitə sədri vurğulayıb: “Biz həyatımızın konstitusiya və suverenlik təminatı altında yeni bir dönəmindəyik. Qarşımızda işğaldan azad olan bölgələrimizin tam bərpası, keçmiş məcburi köçkünlərin hər birinin öz doğma yurdlarına qayıdışını reallaşdırmaqla yanaşı, Qərbi azərbaycan əsilli soydaşlarımızın öz doğma və tarixi ərazilərinə ləyaqətli qayıdışını təmin etmək kimi vacib vəzifələr dayanır. Biz hamılıqla bu hədəflərimizə yetişmək kimi vacib prosesin bir parçasıyıq”.

Sonra çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan xanımlarını təbrik edib: “Qadına hörmət, ehtiram və qayğı hər bir cəmiyyətin, xalqın dünya görüşünün, mədəniyyətinin, mənəvi dəyərlərinin sanki bir məhək daşıdır. Azərbaycanın mədəniyyətində qadına hörmət xüsusi əhəmiyyət kəsb edir”.

Daha sonra çıxış edən Azərbaycanda “Rəşadət” ordeni alan ilk xanım Aydan Rəhimli ölümlə üz-üzə olarkən güclü olduğunu deyib.

O, peşəkar iş yoldaşlarının qəhrəmanlığı sayəsində həyatda olduğunu vurğulayıb. Bildirib ki, dəhşətli təyyarə qəzası zamanı öz vəzifə borcunu yerinə yetirərək əlindən gələni etməyə çalışıb: “Azərbaycan qadını güclüdür, bundan əlavə, həm də zərifdir. Azərbaycan qadını lazım gələndə düşmənə qarşı savaşan bir qəhrəman, çətin anlarda yol göstərən ana və fədakarlıq nümunəsi olan bacıdır. Mən istərdim ki, bu müsbət keyfiyyətlərimizi heç vaxt itirməyək, əksinə daha da möhkəmləndirək".

Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, tədbirdə dövlət və hökumət nümayəndələri, eləcə də ictimai-siyasi fəaliyyəti ilə seçilən qadınlar iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: