Naxçıvan MR Həmkarlar İttifaqları Şurası tərəfindən şəhid əmanətlərinin “Qış düşərgəsi” təşkil edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, martın 5-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi və “Naxçıvan şəhid ailələri” İctimai birliyinin birgə təşkilatçılığı ilə şəhid ailə üzvlərinin Ağbulaq İstirahət Mərkəzində 2 günlük “Qış düşərgəsi” təşkil olunub. Çay süfrəsi arxasında baş tutan səmimi görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək şəhidlərin əziz xatirəsini yad edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən oğullarının adını uca tutmaq, onların doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuz və ən vacib vəzifələrimizdən biri olduğunu bildirib. Şura sədri hər zaman şəhid ailələri və qazilərin yanında olduğunu və bu kimi layihələri reallaşdırmaqdan qürur hissi keçirdiyini vurğulayıb. Sonra “Naxçıvan şəhid ailələri” İctimai birliyinin sədri Mais Gülməmmədov çıxış edərək, şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bildirib. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov şəhidlərin ailə üzvlərinə baş sağlığı verib, qəhrəman oğullarla hər bir azərbaycanlının fəxr etdiyini diqqətə çatdırıb. Tədbir düşərgə iştirakçıları ilə səmimi söhbətlə davam edib.
Qeyd edək ki, 5-6 mart tarixlərində 41 nəfər şəhid ailəsi üzvünün Ağbulaq İstirahət və Xizək Mərkəzində 2 günlük istirahətləri təşkil olunub.
Proqram çərçivəsində uşaqlar üçün xizək təlimi təşkil edilib, kanat xətlərindən istifadə imkanı yaradılıb, onlar kirşə sürüb və digər əyləncəli proqramlarla vaxtlarını səmərəli keçiriblər.