Naxçıvan Muxtar Respublikası Azərbaycanın mühüm tarixi və strateji bölgələrindən biri olaraq daim diqqətdə olub. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, infrastruktur layihələri və enerji təhlükəsizliyi sahəsində atılan addımlar muxtar respublikanın inkişafında yeni mərhələ açıb. Xüsusilə, Naxçıvanın “yaşıl enerji zonası” elan olunması, İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər muxtar respublikanın sosial-iqtisadi potensialını artırmağa xidmət edir.
Azərbaycan - Türkiyə arasında strateji əməkdaşlığın növbəti mərhələsi olan İğdır-Naxçıvan qaz kəməri layihəsi, Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini təmin etmək və onun iqtisadi inkişafını sürətləndirmək məqsədi daşıyır. 2023-cü ilin sentyabrın 25-də Naxçıvana səfərləri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməli qoyulan bu layihə, iki ölkə arasındakı qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Həmin səfər çərçivəsində reallaşan İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması və ötən gün qaz kəmərinin hər iki ölkə liderinin iştirakı ilə istifadəyə verilməsi Türkiyənin Azərbaycanla enerji sahəsində birgə əməkdaşlığını daha da inkişaf etdirməklə bərabər, Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfə verəcək. Eyni zamanda Naxçıvanın təbii qaza olan tələbatının bir mənbədən asılılığını aradan qaldıracaq. Bu da, öz növbəsində, muxtar respublikanın enerji təminatının dayanıqlılığının artması, daha da inkişafı deməkdir. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “... açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.”
Layihənin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapması onu deməyə əsas verir ki, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsinin varisi və onun uğurlu davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyev üçün ölkənin digər bölgələri kimi Naxçıvan Muxtar Respublikasının da hərtərəfli inkişafı və enerji təhlükəsizliyi ən vacib məsələlərdir.
İğdır-Naxçıvan qaz kəməri vasitəsilə Naxçıvana Azərbaycan qazının birbaşa Türkiyə ərazisindən ötürülməsi həm enerji təhlükəsizliyimizi möhkəmləndirir, həm də Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı üçün yeni imkanlar açır. Təbii qazın daha əlçatan və etibarlı şəkildə təmin edilməsi regionda sənayenin genişlənməsinə, yeni müəssisələrin yaradılmasına və əhalinin sosial rifahının daha da yüksəlməsinə töhfə verəcək. Eyni zamanda, bu infrastrukturun yaradılması gələcəkdə Naxçıvanın regional enerji habına çevrilməsi perspektivlərini də artırır.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı edilən bu strateji layihə təkcə Azərbaycan və Türkiyə üçün deyil, ümumilikdə, regionun enerji xəritəsində mühüm dəyişikliklərə səbəb olacaq.
Azərbaycan neft və qaz kimi təbii sərvətlərlə yanaşı, alternativ və bərpa olunan enerji mənbələri ilə də olduqca zəngindir. Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi “Ölkəmiz təbii sərvətlərlə zəngindir, həm də bunlar təkcə neft və qazdan ibarət deyildir. Azərbaycanın bir çox başqa təbii sərvətləri və güclü iqtisadi potensialı var və biz bunlardan dövlətimizin möhkəmlənməsi, xalqımızın rifah halının yaxşılaşdırılması üçün səmərəli istifadə etməyə çalışırıq” - fikri Azərbaycanın iqtisadi inkişafının əsas strateji xəttini müəyyənləşdirirdi. Ulu Öndər ölkənin təkcə neft və qaz kimi təbii sərvətlərinə deyil, həm də onun güclü iqtisadi potensialına əsaslanaraq davamlı inkişaf strategiyasını formalaşdırmışdı. Bu gün Prezident İlham Əliyev məhz bu strateji xətti uğurla davam etdirərək ölkəmizi daha da gücləndirir, iqtisadiyyatın dayanıqlılığını artırır və vətəndaşların sosial rifahı yaxşılaşdırılır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və yeni texnologiyaların tətbiqi sahəsində genişmiqyaslı islahatlar aparılır. Bu islahatlar içərisində “yaşıl enerji” mənbələrinin inkişafı mühüm yer tutur. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, Naxçıvanın “Yaşıl enerji zonası” elan edilməsi, ekoloji təmiz texnologiyalardan istifadə bu istiqamətdə görülən işlərin bir qismidir. Naxçıvan Muxtar Respublikasının “Yaşıl enerji zonası” elan edilməsi isə Azərbaycanın yaşıl enerji siyasətinə töhfə verməklə yanaşı, Naxçıvanın ekoloji cəhətdən daha təmiz və dayanıqlı enerji mərkəzinə çevrilməsinə imkan yaradır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində günəş, su və külək enerjisi sahəsində həyata keçirilən layihələr muxtar respublikanın enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, onun yaşıl iqtisadiyyata keçidini də sürətləndirir.
İqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji dayanıqlılığın artırılması üçün ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və istifadəsinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 mart 2025-ci il tarixli “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı bu istiqamətdə atılan növbəti addımlardan biridir. Bu mühüm sənədə əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobusun alınması Naxçıvan şəhərində ekoloji təmiz, dayanıqlı ictimai nəqliyyat sisteminin qurulmasına xidmət edəcək.
Bir zamanlar enerji böhranı ilə üzləşən Naxçıvan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu çətinlikləri arxada qoyaraq, sabit və etibarlı enerji təchizatına nail olub.
Müqəddəs Ramazan ayında Türkiyə-Azərbaycan birliyinin, dostluğunun, qardaşlığının növbəti ifadəsi kimi İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsini muxtar respublika əhalisi olaraq ikiqat bayram kimi qeyd edir, eyni zamanda Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın inkişafı istiqamətində görülən bütün işlərə görə Prezident cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Qəzənfər Abdullayev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri