Azərbaycan və Pakistan dostluğu: Tarixi bağlar, güclü əlaqələr

A- A A+

Azərbaycan və Pakistan arasında ümumi maraqlara və qarşılıqlı dəstəyə əsaslanan strateji tərəfdaşlıq, illərə söykənən dostluq və qardaşlıq münasibətlərinin uzun tarixi var. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra onu ilk dəstəkləyən dövlətlərdən biri Pakistan olub. 12 dekabr 1991-ci ildə Pakistan Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb, 9 iyun 1992-ci ildə Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələr qurulub və bununlada iki ölkə arasında dostluq münasibətlərinin əsası qoyulub. 12 mart 1993-cü ildə Pakistan Bakıda öz səfirliyini açıb. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra Azərbaycan-Pakistan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoydu. 1995-ci ilin oktyabrda Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya, bir il sonra isə ulu öndər Heydər Əliyev dost ölkəyə səfər etdi. Səfərlər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, habelə iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün bir neçə saziş imzalandı. 1997-ci il avqustun 24 də Azərbaycan İslamabadda öz səfirliyini açmaqla qarşılıqlı diplomatik münasibətləri daha da genişləndirdi.

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin 2004-cü ilin iyulunda Azərbaycanda rəsmi səfəri zamanı hökumətlər arasında turizm və gömrük işi sahəsində əməkdaşlıq haqqında sazişlər, habelə digər mühüm sənədlər imzalandı. Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini beynəlxalq səviyyədə tanıdı, ərazi bütövlüyünü dəstəklədi və Ermənistanın təcavüzünü daim pislədi. Belə ki, 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı Soyqırımını tanıyaraq faciəni insanlığa qarşı cinayət kimi qiymətləndirdi. 2017-ci ildə Pakistan Milli Assambleyasının Xarici İşlər Komitəsi oxşar qərar qəbul edərək Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədi və işğalçı dövlətə qarşı beynəlxalq təzyiqlərin artırılmasını tələb etdi.

2017-ci ildə Prezident İlham Əliyevin Pakistana səfəri zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə Toplantısında iştirak etməsi iqtisadi-ticari əlaqələrin inkişafını gücləndirdi. 2019-cu ildə Pakistan Prezidenti Arif Alvinin Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycana səfəri siyasi əlaqələrin gücləndirilməsinə şərait yaradıb. Pakistan, həmçinin İkinci Qarabağ müharibəsində də Azərbaycanla həmrəylik nümayiş etdirdi. 44 günlük müharibə zamanı Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərdi. Bu dövründə Pakistan rəsmiləri Azərbaycanın haqq işini açıq şəkildə müdafiə edərək Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pislədilər.

Azərbaycan və Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir. 2023-cü ildə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. 11-12 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri isə strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb etdi. Səfər zamanı ikitərəfli görüşlər keçirildi, iqtisadi, ticarət və enerji əməkdaşlığı məsələləri müzakirə olundu və iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi ilə bağlı razılıq əldə edildi.

Ötən il Bakıda təşkil olunan COP29 sammiti çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu. 

İki qardaş ölkə siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlığı daha da genişləndirməklə, regional və beynəlxalq arenada bir-birinə dəstək verir. Son illərdə iki ölkə ticarət və investisiya sahəsində əlaqələri genişləndirmək üçün mühüm addımlar atıb. Kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat və informasiya texnologiyaları sahəsində tərəfdaşlıq imkanları genişlənir.

Fevralın 24-də Bakıda keçirilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü də siyasi münasibətlər sistemində Azərbaycan-Pakistan münasibətlərinin səviyyəsinin göstəricisidir.

Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Hər iki lider mütəmadi olaraq bir-birini rəsmi səfərlər çərçivəsində ziyarət edir, beynəlxalq tədbirlərdə görüşlər keçirirlər. Bu görüşlər zamanı siyasi, iqtisadi və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm razılaşmalar əldə olunur.

Azərbaycan və Pakistan arasındakı münasibətlərin gələcəyi üçün geniş potensial mövcuddur. Xüsusilə enerji, ticarət, müdafiə sənayesi, turizm və təhsil sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün zəmin vardır. Qeyd olunan əksər sahələrdə mövcud münasibətlər strateji xarakter daşıyır. Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri regionda sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynayır.

Bu səfər iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və qarşılıqlı əməkdaşlığın daha da gücləndiyini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifi səmimi qardaşlıq hissi ilə salamlayaraq Azərbaycan və Pakistan arasında əlaqələrin son illərdə daha da dərinləşdiyini vurğuladı.

İmzalanmış sazişlər və gələcəkdə həyata keçiriləcək investisiya layihələri Bakı və İslamabad arasında daha sıx əməkdaşlıq formatlarının yaradılmasına, ortaq müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə zəmin yaradacaq. Bu strateji tərəfdaşlıq hər iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, gələcəkdə daha da güclənəcək və iki dövlətin siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığını daha da dərinləşdirəcəkdir.

Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin möhkəmləndirilməsi baxımından Pakistanın Azərbaycanın yanında olması, eyni zamanda Azərbaycanın Pakistana olan dost münasibəti gələcəkdə daha da dərinləşəcək və hər iki xalqın rifahına xidmət edir. Prezident İlham Əliyevin dediyi kimi: “Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Bu gün güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq. Əziz qardaşım, dəvətimi qəbul etdiyinizə və Azərbaycana dövlət səfərinə gəldiyinizə görə Sizə bir daha minnətdaram. Ölkə lideri kimi fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm. Sizin baxışınız və həyata keçirdiyiniz islahatlar həqiqətən nəinki iradənizi göstərir, o cümlədən iqtisadi sahədə, siyasi sabitlik sahəsində və Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi potensialında mühüm nəticələr verir. Bütün bunlar gərgin əməyiniz və heyətinizin işi sayəsində mümkün olmuşdur. Bir sözlə, qardaş və dostlarınız kimi, Baş nazir Şərifin müdrik rəhbərliyi ilə Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik. Biz qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə olacağıq”.

Gülxarə TARVERDİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: