Vətən torpağına qarışıb, əbədiləşən qəhrəman

A- A A+

O, Qarabağ torpaqlarını erməni təcavüzündən qorumaq üçün könüllü ordu sıralarına daxil olub, cəbhəyə üz tutan vətənin igid oğullarından biri idi. Düşmənlə böyük mübarizə aparan qəhrəman Xocalı faciəsi gecəsi onlarla dinc əhalini ölümün pəncəsindən xilas edir. Ancaq özü isə Vətən torpağına qarışaraq əbədiləşir...

NUHÇIXAN xəbər verir ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı Hikmət Nəzərlinin doğum günüdür.

Hikmət Nəzərli 1966-cı il mart ayının 7-də Bakı şəhərində anadan olub. İlk təhsilini beşinci sinfə qədər Bakı şəhərinin Xətai rayonundakı 27 saylı orta məktəbdə alan Hikmət sonra ailəsinin Daşkəndə köçməsinə görə yarım qalan təhsilini orada tamamlayır. 1984-cü ildə ordu sıralarına çağırılan qəhrəman əsgəri xidmətini Gürcüstan Respublikasının Duşefi şəhərindəki kəşfiyyat məktəbində yerinə yetirir. İki il sonra ordudan tərxis olunan Hikmət Nəzərli Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsində işə düzələrək həm də Azərbaycan Politexnik İnstitutunda ali təhsil alır.

1990-cı ilin əvvəllərindən Qarabağ bölgəsində yaranmış gərgin vəziyyət bir vətəndaş, vətənpərvər oğul kimi Hikmət Nəzərlini narahat edir. O, Şıx qəsəbəsində könüllülərdən təşkil olunmuş müdafiə batalyonuna üzv yazılır. 1991-ci ilin dekabrında tərkibində olduğu batalyonla Ağdam istiqamətində döyüş bölgəsinə yollanan Hikmət Umudlu, Xocalı istiqamətində gedən döyüşlərdə iştirak edir. Umudlu kənd sakinlərinin təhlükəsizliyini təmin edən qəhrəman apardığı mübarizə və çətinliklərə görə ağır xəstələnir. Səhhətinə görə bir müddət müalicə olunan Hikmət sağlığına qovuşar-qovuşmaz cəbhəyə döyüş yoldaşlarının yanına qayıdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının göylərindən yerə qar deyil, od yağmağa başlamışdı. Tarixdə görülməmiş faciə törədən ermənilərlə mübarizə aparan vətənin igid oğlu idarə etdiyi maşınla düşmən qarşısında maneə yaradaraq uşaqların və qadınların təhlükəsiz yerə aparılmasında böyük şücaət göstərir. O gecə qeyri-bərabər döyüşdə son qüvvəsinə kimi döyüşən Hikmət Nəzərli sayca çox olan düşmənin qarşısının almağın mümkün olmayacağını görüb, batalyondan cəmi dörd nəfər sağ qalan döyüşçü yoldaşı ilə meşəyə çəkilir. Və bundan sonra vətən sevgisi ilə torpağa qarışan qəhrəmanın talehi haqqında heç bir məlumat yoxdur.

Nəzərli Hikmət Baba oğlunun Vətən torpaqlarının qorunmasında göstərdiyi şücaətləri ölkə prezidenti tərəfindən yüksək qiymətləndirilərək “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 Qəhrəmanımızdan yadigar qalan şəxsi əşyaları isə Milli İstiqlal Muzeyinin dəyərli eksponatları sırasına daxil edilərək saxlanılır.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: