Bəşər tarixinin müxtəlif dövrlərində qadın hər zaman cəmiyyətdə aparıcı qüvvə olaraq özünəməxsus yer tutub. Xüsusilə xalqımız qadına, anaya hər zaman yüksək dəyər verib, dərin hörmət və ehtiram bəsləyib. Azərbaycan qadını bu gün də artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında çox fəal iştirak edir. Müstəqilliyimizi bərpa etdikdən sonra dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlı olub. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə deməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi getdikcə yüksələn xətlə inkişaf edir. Ulu Öndər Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.”
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev bu istiqamətdə də böyük işlər görüb. Ölkə başçısının 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Gender bərabərliyinin təmin olunması üçün qanunvericilik bazası yaradılıb. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub.
Hazırda cəmiyyətimizdə qədim adət-ənənəyə söykənən qadına yüksək ehtiram və hörmət əlamətləri yaşadılmaqdadır. Qadın, xüsusilə ana anlayışları keçmişdə və indiki dövrdə də bizim üçün çox müqəddəs olub. Anaya hər zaman diqqət və qayğı ilə yanaşılıb və bu adət- ənənə kitablarımızda, dastanlarımızda və digər tarixi mənbələrdə öz əksini tapıb. Azərbaycan türklərinin qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında qeyd olunan “Ana haqqı, Tanrı haqqı” ifadəsi xalqımızın qadına və anaya yüksək dəyər verdiyinin və qadına xüsusi ehtiram, hörmət bəslədiyinin bariz nümunəsidir. Uşaqları böyütmək, onları tərbiyə etmək, dövlətimiz, cəmiyyətimiz, vətənimiz üçün faydalı nəsil yetişdirmək qadınların, anaların müqəddəs vəzifəsidir. Sağlam cəmiyyətin yetişməsi və təşəkkül tapması ilk növbədə qadınlardan asılı olması onların yüksək məqama sahib olduğunun bariz göstəricisidir. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli dəyərlərimiz, milli adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin dövrlərin sınağından uğurla çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialının göstəricisidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu bir daha təsdiq edir.
Yüksək vətənpərvərlik hisslərinə, eləcə də yüksək mənəvi keyfiyyətlərə malik əzmkar, cəsur vətən oğullarının yetişdirilməsində anaların rolu danılmazdır. Həmin vətənpərvər ruhlu övladlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində 44 gün ərzində topraqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzü təmin etdilər.
Mövlan Məmmədov
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı