İqlimin ən təzadlı dövrü – boz ay

A- A A+

Xalq təqvimi sistemimizdə xüsusi yer tutan boz ay Novruz bayramı gəlməzdən əvvəl olan dövrə verilən addır. Xalq arasında bu dövrə boz ayla yanaşı, “alaçalpo(v)”, “çillə­beçə”lər, “ağlar-gülər ay” da deyirlər. Ayın bu cür adlanması onun buludlu, yağışlı, küləkli, bəzən də günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır.

Xalq arasında qışı müəyyən zamanlara bölüb ona müxtəlif adlar vermişlər. Qışın böyük çilləsinin 40, kiçik çilləsinin 20 və boz ayın 30 gün bölgüsünə el deyimlərində də rast gəlirik. Həsən bəy Zərdabi isə onların hər birinin 30 gün olduğunu yazırdı. Boz ayda 4 ünsür – su, torpaq, yel və odla bağlı dörd çərşənbə təntənəli şəkildə qeyd edilərmiş. Belə rəvayət olunur ki, qədim dövrlərdə insanlar ili 12 aya bölür, hər aya 32, boz aya isə 14 gün düşür. Boz ayın incidiyini görən ayların hər biri ona bir gün verir. Boz ay yenə razılaşmır. Ancaq bu dəfə ayların bəziləri bir gün versə də, digərləri vermir. Xalq arasında belə bir təqvimin, həqiqətən də, olduğunu bir tapmaca da təsdiq edir:

Bir ağacım var
On iki budaqlı,
Otuz iki yarpaqlı.

Boz ayda olan dörd çərşənbə müqəddəs sayılmış və təbiətin dəyişilməsində dörd ünsür: su, torpaq, yel və od mühüm rol oynamışdır. Boz ayla bağlı folklorşünas Bəhlul Abdulla “Kommunist” qəzetinin 24 fevral 1989-cu il tarixli nömrəsində dərc olunmuş “Novruz gəlir” adlı məqaləsində yazır: “Boz ay çilləbeçələrə bölünür. Etiqada görə, çərşənbələrdən birinci üçünə “oğru buğ” (“oğru üskü”), ikinci üçünə “doğru buğ” (“doğru üskü”), sonuncuya isə ilaxır çərşənbə deyilir. Bu çərşənbələrin hər birinin ayin və mərasimləri vardır. Məsələn, torpağa dəyən ilk “oğru buğ”da adamlar tonqal üstündən hoppanmaqla yanaşı, öncədən düzəltdikləri lopanı alışdırıb üç kərə ev-eşiyin çevrəsinə dolandırıb: “Qaçın-qaçın, şeytanlar, sizi oda qalaram”, – deyərmişlər. Ayinə görə, şər qüvvələr qorxub qaçarmışlar.

Digər qaynaqlarda da əlavə çərşənbələrin olması haqda məlumatlar vardır. Əzizə Cəfərzadə 3 mart 1989-cu ildə “Ədəbiyyat və incəsənət” qəzetində “Anam deyərdi ki...” məqaləsində yazır ki, əslində, dörd çərşənbə var, analar bu çərşənbələrin sayına ikisini də əlavə edirdilər: yalançı çərşənbə, xəbərçi çərşənbə. Bu çərşənbələrin xuşkəbəri (quru meyvəsi) çox olmazdı. Şam da çox yandırılmazdı. Xörəyi də yüngül çilovdan-zaddan olardı. Çərşənbələrin, bayram axşamının öz xörəkləri var. İlaxır çərşənbə və bayram axşamında turşulu plov bişirmək olmaz. Yəni narqovurma, turşu qovurma, sirkəplov, zirinc plov bişirilməz. Yalançı çərşənbədə – sirkəplov, xəbərçi çərşənbədə – lobya çilov (balqabaqla), birinci çərşənbədə narqovurma və ya turşu qovurma, ikincidə – paxlaplov, üçüncüdə – səbzi qovurma, ilaxır çərşənbədə – çığırtma və ya şirinplov kişmiş, bayram axşamı isə qaysı ilə toyuqplov ­bişirilərdi. 

Əhali boz ayda, adətən, bayrama hazırlaşır. İlk əvvəl bayram səmənisi qoyulur. Əvvəlki dövrlərdə bütün qışı içəridə yanan buxarı və kürsü təndirinin tüstüsü tavan və divarları qaraltdığı üçün əvvəlcə evlər təmizlənər, divarlar ağardılardı.

Professor Mirəli Seyidov 4 mart 1989-cu ildə “Kommunist” qəzetində dərc olunan “Yaz-günəş bayramı” sərlövhəli məqaləsində yazır ki, qədim azərbaycanlılar təqvimlə bağlı vaxt anlayışını hərdən animisləşdirmiş, canlandırmış, hərdən insan kimi gözə çarpdırmış, hərdən isə zoomorfik dünya ilə ­əlaqələndirmişlər. 

Etnoqraf Qəmərşah Cavadov da bu mövzuya uyğun folklor nümunəsini misal çəkir:

Babamın bir çuxası var, on iki cibi. 
Hər cibində otuz düymə.
Hər düymənin bir üzü ağ, bir üzü qara.

Bu nümunədə baba kainatı, çuxa ili, on iki cib ilin aylarını, otuz düymə ayın günlərini, düymələrin ağ üzü gündüzü, qara üzü isə gecəni təmsil edir. 
Bu cür bağlama formalı söyləmələr aşıq ədəbiyyatında da öz əksini tapmışdır. Molla Cümə “Varmı” adlı qoşmasında belə yazır:

Bir guş eylər Molla Cümə bədbəxtə, 
Bir çıraq görmüşəm yeddi otaqda.
On iki şəcərdə, üç yüz altmış budaqda,
Gül olan otuzdan xəbərin ­varmı?

Boz ay haqqında bir neçə deyim də vardır: Boz ay bozara-bozara keçər. 

İkinci deyimi yuxarıda qeyd etdiyimiz rəvayətlə əlaqələndirirlər. Bütün aylar boz aya gün verdiyi üçün bu ayda havalar tez-tez dəyişir. Havalar əlverişli keçəndə ­palaz-xalçalar çırpılır, ev-eşik bayramsayağı ­döşənir.

Boz ay dövründə iqlim təzadlı keçsə də, əkinçilikdə bəzi işlərin həyata keçirilməsinə başlanır. Yaşlılar söyləyirlər ki, Naxçıvanda noxudu fevralın axırı, martın birinci ongünlüyündə əkmək lazımdır. Əsasən, dəmyə əkilən noxud bu dövrdə əkildikdə yağıntının hesabına su ilə təmin olunur, erkən əkildiyi üçün “ağ” (xəstəlik) vurmur. Bu ay heyvandarlar üçün də məsuliyyətli dövrdür. Çünki, adətən, mart ayının əvvəlindən heyvanlarda döl başlayır. 

Bəzi etnoqraflar bahar müjdəçisi novruzgülünün Novruz bayramı ərəfəsində açdığını yazırlar. Qeyd olunmalıdır ki, bu gül kiçik çillənin sonu, boz ayın əvvəlində açır. Çox maraqlıdır ki, qış builki kimi mülayim, qarsız­-boransız keçsə də, novruzgülü boz ay girmə­miş açmır. Ən sərt keçən qışda isə boz ayın əvvəlində güneylərdə talalanan qarın altından zərif çiçəklər boylanır.

Zaleh NOVRUZOV

"Şərq qapısı qəzeti"

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: