Naxçıvan Muxtar Respublikasında (MR) 2024-cü ildə formalaşan tibbi və bərk məişət tullantılarının həcmi məlum olub.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə statistikanı Naxçıvan MR ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev açıqlayıb.
Nazirin sözlərinə görə, muxtar respublika ərazisində ötən il formalaşan bərk məişət tullantılarının həcmi 631010,96 m3 (151 min 442,63 ton) müəyyən edilib.
O, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 9 hektar sahədə təhlükəli tullantıların zərərsizləşdirilməsi poliqonunda topoqrafik planaalma işlərinin icra olunduğunu bildirib:
“Bu çərçivədə tikintialtı sahələrdə 35 quyu olmaqla, ümumi dərinliyi 260 metr olan mühəndisi-geoloji tədqiqat quyusu qazılıb, 84 ədəd sınaq götürülmüş və sahənin mühəndisi-geoloji tədqiqatları barədə hesabatlar hazırlanıb”.
X.Mustafayev qeyd edib ki, Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən əldə edilən məlumata əsasən, 2024-cü ildə muxtar respublika ərazisində formalaşan tibbi tullantıların həcmi 124,170 ton olub.