Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən 500.000 ədəd saxta aksiz markası aşkar edilərək götürülüb.
DTX-nın İctimai əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları Mehdiyev İntiqam Hüseyn oğlu və Nəcəfov Ruslan Həmzə oğlu müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər.
Başlanılmış cinayət işi üzrə araşdırmalar davam edir.
"Azərbaycan Respublikasında vətəndaşların sağlamlığına qəsd edən hüquqazidd əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq", - DTX-nın məlumatında bildirilib.