5-i ötən illərdə, 2-si isə 2024-cü ildə olmaqla, Naxçıvan Muxtar Respublikasında (MR) 7 meteoroloji stansiya quraşdırılıb.
NUHÇIXAN-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının (MR) ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev deyib.
O qeyd edib ki, bu stansiyalar vasitəsilə hər 3 saatdan bir meteoroloji müşahidələr aparılır:
“Sutka ərzində havanın temperaturu, yağıntının miqdarı, küləyin sürəti və istiqaməti, buludluq, torpaqda şeh nöqtəsi və bir sıra parametrlər üzrə məlumatlar əldə edilir. Həmin məlumatlardan proqnozların hazırlanmasında istifadə olunur.
Hidrometeorologiya Mərkəzi ilk dəfə olaraq 2023-cü ildən “TÜRK METCAPP’’ sisteminə qoşulub. Muxtar respublika ərazisində hava şəraiti ilə bağlı gündəlik və üç günlük proqnozların, həmçinin xəbərdarlıqların hazırlanması üçün həmin sistemdən məlumatlar götürülür və əhaliyə çatdırılır”.