Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinov

A- A A+

I Qarabağ müharibəsi xalqımızın qeyrətli oğullarının vətən torpaqlarının qorunması uğrunda apardığı qəhrəmanlıq mübarizəsidir. Bu tarixi mübarizə əsr-əsrə ötsə də, ölkəmizdə bir səlnaməyə çevrilərək xalqımızın yaddaşından silinməyəcək.

Bu gün vətənin dar anında, onun üçün odlu cəbhəyə yollanan oğullarımızdan olan - Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinovun doğum günüdür.

1961-ci il mart ayının 18-də, yaz fəslinin ən gözəl bayram günündə Bakı şəhərində anadan olan Rafiq xasiyyətcə sakit, mehriban, vətənpərvər olub. Orta təhsilini Nərimanov rayonu 39 saylı məktəbdə başa vuran qəhrəman hərbi xidmətə çağrılaraq, orduda tank qoşunlarında qüsursuz əsgəri xidmətini yerinə yetirib. Ordudan təxris olunan Rafiqin bircə arzusu olub, o da ali təhsil almaq. Bir il sonra Bakı Dövlət Universitetinə daxil olan vətənin igid oğlu buranı müvəffəqiyyətlə bitirib və Su Təsərrüfatı İnstitutunda mühəndis vəzifəsinə təyin edilib.

Ölkənin Qarabağ bölgəsində başlayan gərgin vəziyyətə görə 1987-ci ildə zabit kimi Səbail Rayon Hərbi Komissarlığı tərəfındən Milli Orduya çağrılan Rafiq cəbhə bölgəsinə üz tutaraq təcrübə və hərbi biliyi ilə düşmənə qarşı aparılan hərbi əməliyyatlarda yaxından iştirak edib. Onun döyüş bacarığı və şücaəti nəticəsində əməliyyatlar uğurla nəticələnərək düşmənə ağır itkilər verilib. Qazanılan bu uğurdan sonra Rafiq tank bölüyünün qərargah rəisi vəzifəsinə təyin edilib. Ağdərə rayonu və bir sıra kəndlərinin erməni quldurlarından təmizləmək üçün rəşadət göstərən qəhrəman apardığı çətin mübarizədən hər zaman uğur qazanaraq qayıdıb. Onun bu cəsarəti döyüş yoldaşlarına da ruh yüksəkliyi və qələbəyə inam hissi yaradıb.

1992-ci il 6 sentyabr…

Ağdərə rayonunun Qızılqaya kəndinə hücuma keçən düşmənin qarşısını almaq üçün qeyri-bərabər döyüşə atılan baş leytenant Rafiq Nəsrəddinov qatbaqat çox texnika və canlı qüvvəyə malik olan düşmənlə mübarizə aparmağın bu dəfə çətin olacağını yaxşı bilirdi. Ancaq vətən, yurd sevgisi onun üçün hər şeydən üstün idi, şirin canından belə… Döyüşdə son nəfəsinədək vuruşan Rafiq qəhrəmancasına həlak olub. Vətənin iğid oğlu Bakı şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Ölkəmizin ərazi bütövlüyünün qorunmasında şücaət göstərən baş leytenant Rafiq Nəsrəddinov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Xatirəsi əziz tutulan qəhrəmanın adı oxuduğu 39 saylı orta məktəbə verilib və məktəbdə büstü qoyulub. Həmçinin qəhrəmanın döyüş yoluna həsr olunan "Şəhidliyin zirvəsi" adlı sənədli film çəkilib və onun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında nümayiş olunub.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: