NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad şəhərindəki Cümə məscidinin açılışından sonra jurnalistlərə müsahibə verib. O bildirib ki, Ordubad şəhərindəki Cümə məscidi 2023-2027-ci illər üçün nəzərdə tutulan dövlət proqramının hədəf memarlıq abidələrindən biri idi.
Fuad Nəcəfli qeyd edib ki, 2023-cü ildə aparılan araşdırmalar nəticəsində Naxçıvan Muxtar Respublikasında heç bir şəhərin baş planının yeni olmadığı müəyyən olunub. Hətta Naxçıvan şəhərinin ən son baş planı 1983-cü ildə tərtib edilib və bu da müasir dövrün tələblərinə cavab vermirdi. Buna görə də Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığı ilə şəhərlərin yeni baş planlarının hazırlanmasına start verilib.
Səlahiyyətli nümayəndənin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında əsas şəhərlərin baş planlarının işlənməsi dövlət proqramı çərçivəsində prioritet istiqamət kimi müəyyən edilib. Naxçıvan, Ordubad və Şahbuz şəhərlərində bu istiqamətdə işlər görülür və artıq Naxçıvan şəhərinin baş planının hazırlanması yekunlaşmaq üzrədir. Ordubad və Şahbuz şəhərlərində isə bu proses İsveçrənin "SA Partner" şirkəti tərəfindən həyata keçirilir və təxminən bir il müddətinə tamamlanması gözlənilir. İşlər sürətlə aparılır, şəhərlərin planlaşdırılması zamanı memarlıq abidələri, yaşayış massivləri və iş yerləri nəzərə alınır. Planlaşdırma Avropa standartlarına uyğun şəkildə rəqəmsallaşdırılaraq sənədləşdirilir.
Ordubadın əsas tarixi abidələrindən biri olan Cümə məscidinin bərpasına xüsusi diqqət yetirildiyini vurğulayan Fuad Nəcəfli, burada əvvəlki dövrlərdə aparılan nöqsanlı idarəetmə nəticəsində tarixi-mədəni irsə ciddi ziyan dəydiyini qeyd edib. O bildirib ki, mümkün qədər bu izləri qoruyaraq məscidin təmirini uğurla başa çatdırmaq mümkün olub.
"Sevinirəm ki, uzun müddət davam edən bərpa prosesindən sonra bu gün Ordubad sakinlərinə Cümə məscidinin açılışını hədiyyə edə bilirik. Düşünürəm ki, bu, Ramazan ayında ordubadlıları sevindirəcək. Lakin işlər bununla yekunlaşmır. Hazırda Ordubad şəhərində yerləşən digər tarixi abidələrin, o cümlədən Sərşəhər məscidinin layihələndirilməsi və bərpası ilə bağlı işlər aparılır," – deyə Fuad Nəcəfli vurğulayıb.