Gəmiqayadan başlanan bayram: Müqəddəs duyğularla bayram tonqalı başında
Orada göz görür, könül sevir. Orada oğul qılınc qurşanır baba qeyrəti üçün. Orada el ozanları var əllərində qolça qopuz. Orada yüyrək atlar çapırlar. Orada ərlər, ərənlər bilir ki, Azərbaycanın ən qədim yaşayış yeri Naxçıvan bəşəriyyətin ən sirli tarixini özündə ehtiva edən yurd yeridir.
Qədim rəvayətlərə görə, Nuhun gəmisi Gəmiqayada quruya çıxdıqdan sonra qaranquşun gətirdiyi xoş xəbər gəmi sakinlərinin ən xoş günü olub. Onların quruya çıxdığı həmin vaxt mart ayına təsadüf edib və “Nuhruz” yəni “Nuh günü” adı ilə qeyd olunub. Yeni həyat başlandığı gün səməni cücərdilər, yüksək dağ zirvələrində tonqallar qalanar, sübh günəşi görünməmiş bulaq başına gedilər, su üstündən tullanaraq “Ağırlığım, uğurluğum düş bu suyun üstünə”, yaxud da tonqal üstündən tullanaraq “Ağırlığım, uğurluğum düş bu odun üstünə” kimi sözlərlə bayramın ilk gününü qarşılayırmışlar.
Odun müqəddəsliyi və ilaxır tonqalı
Odun, atəşin qeyri-adi güc, qüdrət kəsb etməsi, düşmənə üstün gəlməsi, məğlubedilməzlik keyfiyyətinə sahib olması barədəki mifik təsəvvür Azərbaycan folkloruna zaman-zaman geniş şəkildə sirayət edib. Od adi od kimi, qaladığımız ocaq kimi, əlimizi yandırıb-yaxan istilik kimi xatırlanmır, əksinə, hər zaman müqəddəs duyğularla anılır.
Azərbaycan xalqı odu atəşpərəstlikdən, zərdüştlükdən də öncələrdə qoruduğu, sirlərini ifadə etdiyi, ən əsası, tapındığı vasitə kimi yaşadaraq bu günümüzə çatdırıb. Bu səbəbdən də bayram tonqalını həyətin girəcəyində qalayır ki, həyətə gələn özüylə ağırlıq gətirməsin. Xalqın özü məsəl çəkir:
-Od yuduğunu su yumaz
-Odsuz ocaq olmaz
-Oda pənah aparanın ocağı sönməz
-Odu, çırağı yandıran xeyir aparar
-Od küllə gizlənər
-Ocaq sönməyən yerdə məskən salarlar
Od həm də ulularımızın and yeri olub: Od haqqı, Gün haqqı, Çıraq haqqı.
İlaxır çərşənbədə odun rolu
Doğrudan da, oddan sonra adam özündə yüngüllük hiss edir. Sanki tonqalın alovu hamıya rahatlıq, dinclik gətirir. Novruz bayramı ərəfəsində elə bil odun ilkinə – doğuluşuna qayıdılır. İçimizdə oda tapınmaq, oda sığınmaq istəyi yenidən və yenidən yaranır.
Bu inanclar zaman-zaman xalq təbabətində öz əksini tapıb. Yeni doğulmuş körpəni külün üstünə qoyardılar ki, xəstəlik tapmasın. Bu inamın izi “Çevir ocağa, al qucağa” atalar sözündə yaşadılır. Həmçinin bununla bərabər yaraya ocaq külü bağlayardılar ki, yara tez sağalsın və yaxud odla dağlayardılar. Ulusumuzda odun qüdrətinə inam o dərəcədə güclü olub ki, Novruzda yataq xəstələri belə yaxınlarının köməyi ilə azı üç dəfə tonqalın üstündən keçirilirmiş. Ahıl insanlar böyük tonqaldan atıla bilmədiyi üçün ocaqdan götürülən və aralıda qoyulan odun üzərindən addımlayaraq keçərmişlər.
Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, ona and içiblər, alqışlar qarğışlara qarışıb. Ulularımız deyir ki, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar.
Axır çərşənbə və Novruz tonqalı arasındakı fərq
Deyirlər, axır çərşənbə tonqalı ilə Novruz tonqalı arasında fərq var. Bu fərq ona görədir ki, axır çərşənbə tonqalı keçmişi yola salmaq üçündür, Novruz tonqalı isə torpağın oyanışının şərəfinə yandırılır. İnsanlar axır çərşənbənin odu ilə bütün ağırlıqlarını uğurladığı halda, Novruz tonqalı ilə hər cür dərddən-bəladan, ağırlıqlardan, çilədən təmizlənir.
Bu tonqalından atılanda dərd-azarımızın odda yanacağına inanırıq. Novruz türk xalqlarının, bəlkə də, yeganə bayramlarındandır ki, bu əziz günlərdə böyüklü-kiçikli hər kəsin qəlbi bahar təravəti, yaz duyğuları, aşıb-daşan sevinc, yüksək əhvali-ruhiyyə ilə dolur, ruhumuz yenidən oyanır.
Odun nurunda Qarabağın bərpası
Bu gün tarixin dolanbac künc-bucağında yadelli işğalçıların yağmalarına dözüb divlər sarayında nər igidlər böyütmüş, qoynunda Xudafərini bəsləmiş, əlçatmayan, ün yetməyən, quşqonmayan müqəddəs yurd yerlərimizdə – Qarabağ və Şərqi Zəngəzurda, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə bayram tonqalları qalanıb. Yoxluğunun ağrısında mərd oğulların hicrana dözməyib 30 illik ayrılıqdan sonra başını almış qara buludları od olub yandırdı, şimşək olub doğradı. Bununla da yetinməyib torpağına yeni nəfəs, göyünə sonsuz mavilik qatdı. İndi körpə fidanlar səs-səsə verib qıy vuraraq torpağın, daşın, qayanın yaralarını sarır, incə, xəfif toxunuşlarla ruhuna məlhəm olur.
Bayramın mübarək, odlar yurdu Azərbaycan!
Xocalım, Xankəndim, Şuşam, Laçınım, Zəngilanım, Füzulim və daha adlarını çəkə bilmədiyim müqəddəs torpaqların sakinlərinin “Gün o gün olsun, Novruzu öz elimizdə qeyd edək” kimi arzuları artıq bu tonqal başında gerçəkləşib.
And yerimiz – tonqalımız.
Səndə keçən qışın, gələn baharın isti nəfəsi yatır indi. Şölələrinlə göylərə nur saçırsan. Nuru və işığı dünyaya sən salırsan. Qordan doğulmuş, qor olmuş, ocaqlaşmısan.
Mən də bu əziz gündə uşaq kimi sevinir, içimdən gələnləri duaya dönüşdürərək deyirəm: Müqəddəs duyğularla bayram tonqalı başında yaşını yenidən tarixə qatıb, tarix olan, qədimləşən diyarım, bayramın mübarək!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru