Novruz bayramı təkcə təbiətin oyanışı deyil

A- A A+

“Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır.”

Heydər Əliyev

Taleyimiz kimi bizə təmənnasız bəxş olunan Novruz bayramı xlaqımızın milli bayramı, böyük həvəslə qeyd etdiyimiz el bayramıdı. Novruz bayramı insanların qəlbində yeni ümidlərin, sevgi və mehribanlığın çiçək açdığı bir zamana təsadüf edir. Milli ənənəmizə görə bu bayramın ən gözəl tərəflərindən biri insanları birləşdirməsi, küsülüləri barışdırması və cəmiyyətə sülh, həmrəylik gətirməsidir. Çox vaxt el arasında bu bayramı bahar bayramı da adlandırırlar. Bahar bayramı sevgi və dostluq dəyərlərini ön plana çıxarır. Ən qədim zamanlardan bu bayramı müqəddəs bayram hesab edirlər. Bu bayram bəşəriyyətin ən qədim və dəyərli irslərindən biri olub, milli-mənəvi dəyərləri və humanizmi özündə birləşdirir. İslamdan əvvəlki dövrlərdən qeyd olunan bu bayram, Azərbaycan və Şərq xalqları üçün birlik və bərabərlik rəmzidir. Baharın gəlişini, yenilənməni və paylaşmanı simvolizə edən Novruz, əsrlər boyu xalqların mədəni yaddaşında qorunmuş və bu gün də öz əhəmiyyətini qorumaqdadır.

Ulu Öndər Heydər Əliyev Novruz bayramına böyük önəm verir, onu Azərbaycan xalqının milli kimliyinin və mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qiymətləndirirdi. Ulu Öndər müstəqillikdən sonra Novruz bayramının rəsmi şəkildə dövlət səviyyəsində qeyd olunmasına və onun unudulmuş ənənələrinin bərpasına böyük töhfə vermişdir. O, bu bayramın milli-mənəvi dəyərlərimizin qorunmasında və nəsillərə ötürülməsində mühüm rol oynadığını vurğulayırdı. Ulu Öndər hər il Novruz şənliklərində xalqla birlikdə olur, tonqal ətrafında bayramı qeyd edir və insanlara xoş arzularını çatdırırdı. Onun rəhbərliyi ilə Novruz Azərbaycanda təkcə bir bayram kimi deyil, həm də milli birliyimizin və dövlət müstəqilliyimizin rəmzinə çevrildi.

Prezident İlham Əliyev hər il Novruz bayramı zamanı xalqa ünvanladığı təbriklərində bu bayramın Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, ərazi bütövlüyünün qorunması və xalqın rifahının yüksəlməsi ilə bağlı ümumi sevinci əks etdirdiyini qeyd edir. O, Novruzun həm də xeyirxah, sülhsevər və gələcəyə ümidlə baxan bir cəmiyyət yaratmaq məqsədinə xidmət etdiyini bildirir. Novruzun bəşəri dəyəri 23 fevral 2010-cu ildə BMT tərəfindən rəsmən tanınmış və 21 mart Beynəlxalq Novruz Günü elan edilmişdir. 2016-cı ildə isə UNESCO-nun qərarı ilə İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da bu bayramın rəsmi siyahısına daxil olmuşdur. Beləcə, Novruzun işığı daha geniş coğrafiyalara yayılmış, onun birlik və bahar sevincini simvolizə edən ruhu dünya mədəniyyətinin bir parçasına çevrilmişdir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Novruz bayramının beynəlxalq səviyyədə tanıdılması və qorunması üçün mühüm işlər görmüşdür. Onun təşəbbüsü və səyləri nəticəsində Novruz 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Bununla da Novruzun bəşəri dəyəri rəsmən tanınmış, bayramın türk və Şərq xalqları üçün əhəmiyyəti dünyaya çatdırılmışdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər il bayramla bağlı müxtəlif tədbirlər təşkil edir, ehtiyacı olan insanlara bayram sovqatları paylanır və milli adət-ənənələrin qorunması istiqamətində layihələr həyata keçirilir.

Baharın gəlişi qədim zamanlardan bəri insanları sevindirən, ruhunu oyadan bir möcüzə kimi qəbul edilib. Bu əziz mövsümün gəlişini qarşılamaq üçün ulu babalarımız müxtəlif ayinlər həyata keçirib, ənənələri yaşadaraq nəsildən-nəslə ötürüblər. Onların arasında xüsusi yeri çərşənbələr tutur. Bayrama qədər olan dörd çərşənbə – su, od, yel və torpaq çərşənbələri təbiətin oyanışını, həyatın yenilənməsini simvolizə edir. Beləcə, Novruzun gəlişi toy-bayram ab-havasında, qarşılanıb, insanlar yeni başlanğıca sevinc və ümidlə qədəm qoyublar.

Su cərşəmbəsi təmizliyi, yeni başlanğıcı əhatə edir. Artıq yazın ilk günlərində sular təravətlə canlanır, bulaqlar sevinc içində pıçıldayır, insanlar təmizliyə, yeniliyə qovuşaraq ruhlarını baharın tərtəmiz axarına tapşırırlar.

Od çərşənbəsində odun, ocağın başına yığışıb sanki qışla vidalaşır, keçmiş soyuq günlərin, ayların çətinliklərini və dərdlərini odda yandıraraq, baharın ətirli, ümid dolu günlərinə qovuşurlar. Ümumbəşəri dəyərlərə əsaslanan, siyasi baxışlarından, dünyagörüşündən, fərdi münasibətlərindən asılı olmayaraq insanları bir ocaq başına toplayan bu bayram gələndə el-obada, kənd- kəsəkdə gizli bir həyəcan olur. Hər kəs öz həyətində ocaq qalamağa hazırlaşır, təmizlik işləri aparır, oğul-uşaq keçən ildən qlan bütün çır- çıpını bir yerə toplayır, həyət -bacanı silib – süpürürlər, hamı çalışır, hər kəs əlindən gələni edir. Nəhayət, çərşəmbə axşamı yaxınlaşır üst-üstə yığılmış odunlar, ikinci çərşəmbədə hava qaralarkən alovlanacaq. Həyətlərdən xoş rayihəli səs-küy, sevinc, gülüş sədaları yüksəlir. Tonqallar odlanır, hamı ocaq başına toplanır, ocaqların üstündən atlanaraq “ağırlığım-uğurluğum tökülsün bu odun üstünə” deyirlər.

Yel çərşəmbəsində küləklər qışın, soyuğun son nəfəsini sovurur, ağacların, kolların qulağına baharın ilk pıçıltılarını çatdırır, ana təbiət yeni həvəslə nəfəs almağa başlayır, günəş həsrətinə son qoyulur. Nazlı baharın nəfəsi duyulur küləklərin pıçıltısında isti ölkələrə uçub gedən quşlar yurd-yuvalarını düzəltməyə tələsir, bəxtəvərcəsinə oxumağa başlayırlar.

Torpaq çərşənbəsində təbiət canlanır, ana torpq qış yuxusundan oyanır hər bir varlığın yenidən doğuşu kimi, torpaq da sanki yenidən doğulur, həyatın ritmi ilə öz dövrünü yenidən qurur, baharın səsinə səs verir. Torpağın qoynundan ilk tumurcuqlar çıxır, təbiətin ən incə nəfəsi ilə dünya yenidən cana gəlir. Təbiətin sirri açılır, hər kəsin içindəki ümidin, hər çiçəyin, hər yarpağın yenidən doğulmağının sirri.

 Bayram həvəsi ilə evlərdə səməni cücərdilir. Səməni bolluq, bərəkət və həyatın yenilənməsinin rəmzidir. bayram süfrəsinin bəzəyi səmənidir, torpağın qucağından çıxan yam-yaşıl otlar, bolluq, bərəkət gətirir evlərimizə. Həyatın yenilənməsinin ifadəsi olan hər bir buğda dənəsi, bir təzə başlanğıcın, ümidin və sevginin toxumudur. Səməni, bir yanda bərəkət, digər tərəfdə isə yeni həyatın müjdəçisi olur. Bayram günlərində hamının evində Novruz süfrəsi açılır, səməni halvası, şəkərbura, paxlava, qoğal, şərbət süfrələri bəzəyir. Novruz süfrəsi ətrafa bərəkət və sevinc saçır, süfrələr yeməklərlə doludur. Novruz süfrəsində yalnız yemək deyil, hər kəsin ürəyində bir arzu, bir dua, bir xoşbəxtlik var. Bu süfrədə nə qədər təam olsa da, ən böyük hədiyyə bir-birinə verilən gülümsəmələr, ürəkdən gələn dualar və birlikdə keçirilən xoş anlardır.

Novruzda süfrələrə yeddi cür təamın qoyulması, bolluq və bərəkətin çox olması üçün niyyət edilən qədim ənənədir. Yeddi nemətin hər biri öz mənası ilə Novruz bayramının ruhunu tamamlayır:

Səməni-Həyatın yenilənməsi və təzələnməsi, təbiətin oyanışının rəmzi.

Su-Həyatın davamlı axışını və təbiətin canlanmasını ifadəsi.

Səbzi-Novruz süfrəsinin yaşıl otları, bərəkətin, sağlamlığın və xeyir-duanın rəmzi, təbiətin oyanışını, torpağın zənginliyini və onun gücünü göstərən, torpağın dərinliyindən yüksələn həyat enerjisinin daşıyıcısı, hər zaman təzə və canlı olmağı ilə həyatın özünü təmsil edən, hər mövsüm yenilənən, hər dövrün özünəxas gözəlliklərini daşıyan təbii varlıq.

Sumaq-Novruz süfrəsində həyatın şirin və acı tərəflərinin bir arada mövcud olduğunu xatırladan, həm acı, həm də şirin bir dad , çətinliklərə qarşı göstərilən dözümün və bu çətinliklərin sonunda gələn gözəlliklərin müjdəçisi, bir yandan acılıqla bəzədilmiş bir həyatın, digər yandan isə güzəşt və sevgiylə dolu olanın təmsilçisi.

Sirkə-Böyük mənaya sahib olan bir nemət, turşuluğu və kəskinliyi, sağlamlığın qorunması, həyatın çətinliklərinə qarşı güc və dayanıqlılığın simvolu, uzun ömrün, rəmzi, təbiətin öz əlindən çıxan bir güc, həyatın turşuluğu ilə bacaran, insana çətinliklər qarşısında sağlam qalmağı öyrədən, ruhun təmizlənməsini, təravətli və kəskin dadı ilə yenilənməzlyi simvolizə edir.

Şirə-Novruz süfrəsində həyatın şirinliyinin, sevincin və xoşbəxtliyin rəmzi, insanlara baharın gətirdiyi yeni ümidlərin, gələcək günlərin bərəkətini və ailə ocağında yayılan istiliyi xatırladan, yalnız bir nemət kimi deyil, həm də həyatın ən gözəl anlarının, sevincli günlərin və şirin xatirələrin təcəssümü, yumşaq və həzin dad, baharın ilk günəş şüalarının torpağa toxunduğu, təbiətin oyanmağa başladığı o sehrli anları canlandıran, hər qışdan sonra yazın gəldiyini, hər çətinlikdən sonra xoşbəxtliyin qapımızı döydüyünü, hər anın gözəlliyini dəyərləndirməyi bizə öyrədən şirin dad.

 Qoz-Dadlı və faydalı nemət, zəka, təmizlik və bolluğun rəmzi, sərt qabığı həyatın sınaqlarını, içindəki ləpəsi bilik və müdrikliyi xatırladan, xaricdən sərt, daxilən zəngin və dəyərli olan, dərin bir mənaya malik, bolluğun və bərəkətin göstəricisi, süfrəyə gətirilərkən, evə ruzi, uğur və firavanlıq gətirən, ləzzəti, mənası ilə novruz süfrəsinin vazkeçilməz neməti.

Tarixin müxtəlif dövrlərində cəmiyyətlər fərqli ideoloji və siyasi bölünmələrlə üzləşsə də, Novruz bayramı hər zaman insanlar arasında sülh və barışın rəmzi olub. Bu bayram süfrəsi ətrafında müxtəlif baxışlara malik insanlar, hətta bir-birinə küsülü olanlar belə eyni masa arxasında oturur, kin-küdurəti unudaraq barış və dostluq əli uzadırlar.

Novruz bayramının gətirdiyi mənəvi dəyərlər arasında həmrəylik, sülh və qarşılıqlı anlaşma xüsusi yer tutur. Çünki bu bayram təbiətin yenilənməsi ilə yanaşı, insanların da daxili dünyasında bir yenilənmə, saflaşma və yeni başlanğıclar üçün bir fürsət yaradır. Novruz süfrəsində yandırılan tonqallar yalnız qışın soyuğunu deyil, insanların qəlbindəki kin və nifrəti də yandırıb yox etməyə xidmət edir.

Bu günümüzdə də Novruz bayramı cəmiyyətdəki bütün təbəqələri birləşdirən nadir bayramlardan biri olaraq qalır. İstər adi vətəndaş, istər siyasətçi, istər dost, istərsə də düşmən olsun hər kəs Novruzun gəlişi ilə bir anlıq fərqləri kənara qoyub baharın sevincini yaşayır. Məhz bu xüsusiyyəti ilə Novruz bayramı milli və insani dəyərlərin qorunmasında müstəsna rol oynayır.

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: