Naxçıvan Hərbi Kollecində Novruz bayramı qeyd olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Novruz bayramına həsr olunmuş “Sevinc və sülh: Novruz təntənəsi!” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra Novruz bayramının adət-ənənələrindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova çıxış edərək bildirib ki, bu gün Azərbaycan əsgərinin qalibiyyəti Ali Baş Komandanın uzaqgörən siyasətinin təzahürüdür. Xalqımız beş ildir, fərqli Novruz bayramı keçirir. Artıq milli bayramımız işğaldan azad olunmuş Qarabağımızda qeyd olunur. Xalqımızın bu günə hər zaman inamı olub.
Günay Nəzərova Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin salamlarını və təbriklərini hərbi kollecin şəxsi heyətinə çatdırıb.
Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxış edərək bildirib ki, cari tədris ilindən Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri sırasına belə bir vacib, önəmli, strateji əhəmiyyətli hərbi təhsil müəssisəsi də qoşulub. Bu isə Prezident İlham Əliyevin muxtar respublikamızdakı təhsil zəncirini ən mükəmməl tamamlayan müdrik addımlarındandır. Naxçıvan yetirdiyi hərbçi sərkərdələri və eyni zamanda İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq nümunələri ilə hərb tariximizdə silinməz iz buraxıb. Məhz bu baxımdan hərbi təhsil müəssisəsi qəhrəmanlıq irsimizin yaşadılmasında müstəsna rol oynayacaq.
Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı misilsiz zəfərdən, Vətən yolunda döyüşə atılan oğulların igidliyindən danışıb, təbriklərini ifadə edib.
Tədbirdə səlahiyyətli nümayəndəliyin əməkdaşı Günay Nəzərovaya Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülovun adından təşəkkürnamə və rəsm əsəri təqdim olunub.
Sonra hərbi kollecin həyətində 4 ədəd sərv ağacı əkilib, bayram tonqalı alovlandırılıb, kursantlar tərəfindən şeirlər, musiqilər səsləndirilib, Kosa, Keçəl obrazları nümayiş etdirilib və milli rəqslərimiz ifa olunub.