MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR İŞIĞINDA: NOVRUZ

A- A A+

Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir.

Milli dəyərlər-öncə özünü millət kimi dərk etmək, tarixin alt qatlarında yaranmış, uzun illərin sınağından keçərək sintez olunmuş mədəniyyət məcmusuna sahib çıxmaq, onu müasir tələblər daxilində zənginləşdirmək və nəsillərdən-nəsillərə ötürərək yaşatmaqdan ibarətdir. Milli dəyər maddi və mənəvinin vəhdəti və ya mənəvi mədəniyyətin maddi mədəniyyətdə təzahür etməsidir. Eyni zamanda milli dəyərlər dedikdə özündə tarixi keçmişi, ilkin münasibətlərin milli münasibətlərə çevrilməsi prosseslərini qoruyub saxlayan şərtlər sayılır. Və buradan da milli mədəniyyətin formalaşması yaranır.

Milli mədəniyyət anlayışının əsas şərtlərindən biri də mənəvinin maddidə təcəlləsidir. İnsan maddi və mənəvinin ən kamil nümunəsi olduğundan hər ikisinin inkişafı ondan asılıdır. İnsanın yaratdığı, çalışaraq düzəltdiyi, fiziki əməyinin məhsulu olan hər şeyi maddi mədəniyyətə aid etmək olar. Millət anlayışına uyğun olaraq milli dəyərlər müəyyən zaman və məkan daxilində, ümumi dil, mənəvi-psixoloji, tarixi-coğrafi əraziyə, uzun illər boyu formalaşmış adət-ənənəyə uyğun olaraq yaranmış mədəniyyətdir.

Bəs milli dəyərlər deyəndə nə başa düşülməlidir? Milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz: hansı ki bura bizim yaddaşımız – fərd yaddaşı, etnos yaddaşı, millət, xalq yaddaşı daxildir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir.

Xalqımızın məişətində, milli düşüncə tərzinin və dünya baxışının formalaşmasında ciddi rol oynayan bayram və mərasimlər mənəvi dəyərlərimizi özündə əks etdirən əsas amillərdəndir. Çünki bayram və mərasimlər milli-mənəvi dəyərlərimizin tarixi köklərini özündə əks etdirən əsas elementlərdəndir. Xalqların ictimai həyatında mühüm rol oynayan, mənəvi mədəniyyətin daşıyıcısı olan, kütləvi forma kəsb edən bayramlar hər bir etnosun tarixini, mənəvi təkamülünü, təbiətə və cəmiyyətə münasibətini açıqlayan ictimai-bədii bir hadisədir. Tarixi köklərdən süzülüb gələn bayramlarımızın ən qədimlərindən biri, heç şübhəsiz, Novruzdur. Dərin kökləri ilə Azərbaycan xalqının mədəniyyətinin uzaq keçmişindən xəbər verən Novruz bayramı əski çağlardan başlayaraq xalqımızın həyatında özünəməxsus, əbədi, unudulmaz bir yer tutmuşdur. Novruz – dünyanın və insanın yaradılış bayramıdır. Bu bayram bütün mahiyyəti etibarilə xalqımızın milli varlığı ilə bağlıdır. Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən Ulu öndərimiz Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirib. Ulu Öndər Heydər Əliyev: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.” 

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra xalqımızın başına gətirilən müsibətlər Novruzdan yan keçməmişdir. Ona qara yaxılaraq dini bayram damğası vurulmuş, bu ad altında xalqımızın milli mədəniyyətinin formalaşmasında ciddi rol oynamış mənəvi dəyərlərini məqsədli şəkildə məhv etməyə çalışmışdılar. Lakin bu siyasi təsirlərə baxmayaraq, xalqımızın qan yaddaşına hopmuş əməyin yaranışı, təbiətin oyanışı, ulu şənliklə bağlı olan bu bayram məhv olmamışdır. Bütün qadağalara, damğalara baxmayaraq, Novruz bayramı günümüzə qədər gəlib çatmışdır. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycanın Çar Rusiyası tərəfindən işğal olunmasına qədər (1813, 1828) təzə il martın 21-dən başlayırdı. Öz kökləri ilə qədim Azərbaycan-Türk mədəniyyəti dövrünə aid olan Novruz adətlərinin Azərbaycan xalqı içərisində uzun zamandan bəri yaşamasının səbəbi hər şeydən əvvəl onun təsərrüfat həyatı, əmək və məişəti ilə əlaqəli olmasıdır. Qeyd edək ki, bütün təsərrüfat sahəsi ilə bağlı təqvimin başlanğıcı Novruz bayramından (yazdan) hesab olunur.

Milli mənəvi dəyərlərimizin daşıyıcısı olan Novruz bayramını bəzi şəxslər Zərdüştlüklə əlaqələndirirdilər. Bununla da bəzi kəslər Novruzu hind-arilərə bağlamaq istəyirlər. Məlumdur ki, bütün dinlər onu qəbul edən xalqlar arasında özündən əvvəlki etiqad və təsəvvürlərə kölgə salmağa cəhd göstərmişdir. Zərdüştlükdə bu bayramı xalqın hafizəsindən çıxarmağın mümkün olmadığını gördükdə, ona atəşpərəstlik damğasını vurmuşlar. Novruzda tonqal qalamanın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Çünki atəşpərəstlər odu müqəddəs saymış, onun közünün dağılmasına belə  imkan verməmişlər. Bundan əlavə, oda keşik çəkən döyüşçülər üzlərinə niqab keçirirmişlər ki, onların ağzından çıxan nəfəs oda toxunub murdarlamasın. Ancaq Novruzda insanlar ağırlığım, dərdim, bəlam bu oda düşsün deyə odun üzərindən tullanarlar. Buradan bir sual ortaya çıxır, insan müqəddəs bildiyi bir şeyin üzərindən tullanarmı? Xeyir tullanmaz. Demək, od günəşin yerdəki rəmzidir. Qədim türklər oda kult kimi baxmışdılar.

Novruz sözünə gəldikdə isə bayrama bu adın verilməsi orta əsrlərə aid olduğu göstərilir. Etnoqrafik materiallara görə türklərdə bu bayram Ərgənəkon adı ilə keçirilmişdir. Əcdad bayramından bahar və əkinçilik bayramınadək uzun bir yol keçmiş bu bayram qədim Turan bayramı olmuşdur. Ümumiyyətlə, bayramın türk mənşəli olması və qədim türklərlə bağlılığına aid geniş ədəbiyyat materialları da vardır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirir. Ölkə başçısı tərəfindən ənənəvi olaraq imzalanan əfv sərəncamları Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür.Prezident İlham Əliyevin: Biz Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi.

Novruz bayramı milli təfəkkürümüzün, milli dəyərlərimizin ayrılmaz hissəsinə çevrilmişdir. Biz Azərbaycan xalqı olaraq, Novruz bayramına dövlətin verdiyi dəyər və önəmi doğru-düzgün qiymətləndirməli, ona milli dövlət quruculuğumuzda hər bir vətəndaşın yaxından iştirakı üçün verilmiş milli quruculuq töhfəsi kimi yanaşmalıyıq. Çünki xalqımızın mənəvi mədəniyyətinin, etnik-mifoloji keyfiyyətinin müəyyənləşdirilməsində,  xalqın qədim mifik görüşlərindən tutmuş, adət-ənənəsi, həyat haqqında düşüncələri barədə aydın təsəvvürlər əldə edilməsində Novruz bayramının rolu olduqca əhəmiyyətli və əvəzsizdir.

Qoy, bu bayram xalqımıza bolluq bərəkət, yenilməzlik, şadlıq, əmin-amanlıq gətirsin. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, artıq çox sevindirici haldır ki, Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etdik. Bayramınız mübarək, əziz Azərbaycan xalqı.

Asəf Orucov

Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı,

dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: