Novruz Şərq xalqlarının ən qədim bayramlarındandır. Dərin məna və məzmun kəsb edən Novruzu tək bir xalqın adı ilə bağlamaq olmaz. Novruz bayramını qədim şərq ölkələrində yaşayan, oturaq həyat tərzi keçirən və yüksək əkinçilik mədəniyyətinə malik olan xalqların bəşəriyyətə bəxş etdiyi zəngin mənəvi dünya kimi qiymətləndirmək lazımdır. Şübhəsiz, həmin qədim xalqların, o cümlədən Azərbaycan xalqının bu bayramın təşəkkül tapmasında, inkişaf etməsində və onun daha da zənginləşməsində özünəməxsus rolu olmuşdur.
1673-cü ilin Novruz bayramı günü Azərbaycanda olmuş fransız səyyahı və taciri Şarden yazır: “1673-cü il martın 21-də gündüz saat 1247-də oldu. Həmin gün astronomlar yeni ilin təhvil olmasına 2 saat qalmış gözəl paltarlarını geyib, Günəşin həməl bürcünə gəlməsi vaxtını təyin etmək üçün şah sarayının damına çıxıb şənlənirdilər. Yeni ilin təhvil olması barədə sarayın damından xəbər verən kimi həmin dəqiqədən musiqi alətləri, o cümlədən baraban, şeypur, tütək və ney çalınır. Beləliklə, Novruz şənliyi başlanır. Şah sarayı qarşısında musiqi çalınır, mahnılar oxunur, atəşfəşanlıq edilir, komik səhnələr tamaşaya qoyulur. Hamı təmiz paltar geyir, evləri təmizləyir, bir-birinə bayram hədiyyəsi verirlər. Şah qızıla tutulmuş, ətrafına gözəl şəkillər çəkilmiş yumurta hədiyyə verir. Onlar bir-birinə boyanmış yumurta verir və belə hesab edirlər ki, yumurta həyatın meydana gəlməsi və mövcudatın başlanğıcıdır”.
Kökünü tarixin ilk çağlarından alan və xalq arasında “böyük el bayramı”, “yeni il bayramı”, “bahar bayramı” adı ilə tanınan Novruz bir çox Orta Şərq xalqları kimi, azərbaycanlıların da çox əziz saydığı, sevinclə qarşıladığı bayramdır. Əsrlər keçdikcə bu gözəl bayram milli bayrama çevrilib. Müxtəlif xalqlar arasında cürbəcür yozulsa da, Novruz əsasən təbiətin yenidən oyanıb canlanması, qışın sona çatması, ağacların çiçəkləməsi, insanın fərəhlənməsi və sevinci ilə bağlıdır.
Xalq arasında belə bir inam var ki, odu insanlara Günəş bağışlayıb. Günəşin, odun rəmzi olaraq Novruz bayramında yumurtaların qırmızı rəngə boyanması, səməniyə qırmızı parça bağlanması, kosanın qırmızı paltar geyinməsi və bu kimi adətlərə bu gün də əməl edilir. Bu etnoqrafik materialların hər biri atəşpərəstlikdən əvvəl türklərin oda tapınması, Günəş kultuna inamı ilə daha çox səsləşir. Deməli, qədim türklər oda kult kimi baxmış, ona tapınmışlar.
“Novruz” sözünə gəldikdə isə, qeyd etmək lazımdır ki, bayram orta əsrlərdən başlayaraq bu cür adlandırılmışdır. AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun fikrincə, türklərdə bu bayram “Ərgənəkon” adı ilə keçirilmişdir. Əcdad bayramından bahar və əkinçilik bayramınadək uzun bir yol keçmiş bu bayram qədim Turan bayramı olmuşdur. Ümumiyyətlə, bayramın türk mənşəli olması və qədim türklərlə bağlılığına aid geniş ədəbiyyat materialları vardır. Lakin, necə olursa-olsun, xalq hələ elmi mübahisələrdən, sizin-bizim məsələsindən min illər əvvəl bayrama öz damğasını vurub, ona türk kimliyini verib. Bunun üçün bayramla bağlı adət və inamların xarakterinə diqqət yetirmək kifayətdir.
Novruz bayramının tədqiqi zamanı bayrama hazırlıq, həmin gün keçirilən şənlik və adətlər diqqəti daha çox cəlb edir. Bayram günləri müxtəlif əyləncələr “Nənni-asdı”, “Kosa-kosa” və sair oyunlar keçirilir. “Kosa-kosa” oyununda kosa yazı, keçəl isə qışı təmsil edir. Bu mərasimdə qış fəsli ilə yaz fəslinin qarşılaşması, mübarizəsi açıq-aydın görünür. “Kosa-kosa” yazla, həmçinin təqvim və mövsüm mərasimləri ilə sıx bağlıdır. Əvvəllər Naxçıvanda Novruz bayramına bir neçə gün qalmış qışın yola salınması, yazın qarşılanması münasibətilə “Kosa-gəlin” mərasimi də keçirilərmiş. Bayram günlərində kəməndatma, qurşaqtutma oyunları bayrama rəngarənglik gətirərdi. Onu da qeyd edək ki, bu ayin və mərasimlərdə kökə qayıdış, milli mənliyi uca saxlamaq qayəsi əks olunur.
Novruz ərəfəsində yağan yağışın yaratdığı rənglər – göy qurşağı (xalq arasında “qarı nənənin hanası” da deyirlər) da əski inancla bağlı olub rəmzi məna ifadə edir. Bu rənglərin içərisində əgər yaşıl rəng çox olarsa, bu, əkin-biçinin bolluğuna işarə edər. Bununla bərabər, ilin bol-bərəkətli olması üçün erkən yazda ilk göy gurultusu eşidiləndə yerdən torpaq götürüb əkin sahələrinə, tövləyə, bağ-bağçaya səpərlər. Naxçıvanda xalq arasında belə deyimlər də var: “Göy guruldamayınca pencər (göyərti) yeyilməz”, “Naxçıvanda bahar ildırımın çaxması ilə başlanır” və sairə. Qədim dövrlərdə Novruz bayramına müəyyən müddət qalmış müxtəlif qablarda buğda, arpa, mərci, noxud, lobya göyərdirdilər. Novruz bayramı gününədək onlardan hansı yaxşı cücərsəydi, əkinçilər onu uğurlu hesab edib həmin il əkirdilər.
Novruz bayramı günü pəhləvanlar zurna-balaban sədaları altında meydanlarda, küçələrdə güləşir, çövkan və qonuk oyunları təşkil edilirdi. Yeni ilin hansı heyvan üzərində təhvil olunmasına gəldikdə, bu da türkdilli xalqların təqvimi ilə əlaqədardır. Çox qədimlərdə türk xaqanı tarixi hafizələrdə möhkəmləndirmək üçün səmanın 12 bürcü və 12 ay sayında hər ilə bir heyvan adı qoydurur. Onlar sıra ilə siçan, öküz, pələng, dovşan, əjdaha, ilan, at, qoyun, meymun, xoruz, it, donuz adlanır. Bu adlar əsasən türk dilində olmuş və işlənmişdir. İl hər 12 ildən bir yenidən həmin heyvanların adı ilə adlanırdı. Birinci il siçan, sonuncu – on ikinci il isə donuz ili adlanırdı. Bu heyvanların əlamətlərinə görə ilin uğurlu və ya uğursuz keçəcəyini yozurdular. Məsələn, inanırdılar ki, öküz ilində savaş olacaq, xoruz ilində ərzaq bolluğu olsa da, insanlar arasında qarışıqlıq düşəcək, əjdaha ili yağmurlu keçəcək, donuz ilində şiddətli soyuq olacaq və qar yağacaq. On iki heyvanın adı ilə adlanan rəsmi təqvim isə ilk dəfə çinlilər tərəfindən həyata keçirilmiş, onlardan da uyğurlara keçmişdir.
Hülaki xan dövründən (1258-1265) başlayaraq, hətta Səfəvilər və Qacarlar dövründə də Azərbaycanda hicri təqvimi ilə yanaşı, həmin heyvanların adları olan təqvimdən də istifadə edilmişdir. Qazan xanın (1295-1304) əmri ilə 1301-ci ildən ilin başlanğıc ili hesab edilən yeni təqvim yaranır ki, bu təqvim də “tarixi türki-ye Qazani” adlanırdı. Günəş ili ilə hesablanan həmin təqvim 12 il ərzində hər il bir heyvanın adı ilə adlandırılırdı.
İlin son ayı sayılan “işfənd”i (Boz ay) 4 həftəyə bölünmüş və hər həftənin bir çərşənbəsi üçün bir ad verilmişdi. Dörd çərşənbənin ən önəmlisi axır çərşənbədir. Axır çərşənbə günü tonqal üstündən tullanan insanlar dərdlərinin, çətinliklərinin ocaqda yanacağına qəlbən inanırdılar. Axır çərşənbə bu gün də müqəddəs sayılır, xalq tərəfindən sevilir. Digər 3 çərşənbədə qeyd olunan bəzi ayinlər bu çərşənbədə də təkrarlanır.
Novruz bayramı ilə bağlı diqqət çəkən məsələlərdən biri də ilin təhvil olmasıdır. Maraqlı cəhətlərdən biri də ilin təhvil olmasının balıqla bilinməsidir. Naxçıvandan toplanılan etnoqrafik materiallara görə, ilin təhvil olma vaxtını bilmək üçün bir qaba su töküb içərisinə balıq ötürürlər. İl təhvil olan zaman balıq arxası üstə dönür və bununla da ilin təhvil olduğu vaxt təyin edilir. Xalq arasında balığın buraxıldığı su “çil yasin” suyu adlanır. İl təhvil olanda həmin su qohum-qonşulara paylanır. Qeyd edək ki, il təhvil olan zaman günəş balıq bürcündən qoç bürcünə daxil olur. Burada ilin təhvil olması ilə balıq arasında bir bağlantının olduğu da açıq-aydın görünür.
İlin təhvil olması ilə bağlı Naxçıvanda bir sıra başqa inamlar da vardır. Xalq arasında olan inama görə, il təhvil olan gecə axar sular bir anlığa dayanır, bar verməyən ağaclar (qələmə, söyüd) başlarını yerə əyir. İl təhvil olandan sonra Naxçıvanda görüş başlanır. İnsanlar bir-birinin bayram görüşünə gedirlər. El arasında buna “bayramlaşma” deyirlər. Xalq arasında belə bir deyim də var ki, xan tutu, iydə, gilas yetişənə qədər bayramdır.
Novruz bayramında 3 gün ərzində Ordubad bölgəsində “Xanbəzəmə” mərasimi keçirilir. Hər kəndin, hər bölgənin öz xanı olur. Xan mötəbər, ağsaqqal adamlar tərəfindən seçilir. Xan seçilərkən onun ciddiliyi, sözünün ötkəmliyi də nəzərə alınır. Xan kəndin və ya məhəllənin baş meydanında taxtda oturur. Xanın yanında vəziri, vəkili əyləşir. Xanın buyurduğu əmrlərə hər kəs əməl etməlidir.
Xalqımızın qədim zamanlardan günümüzə qədər yaddaşlarda saxladığı səməni göyərdilməsi, süfrəyə yeddi nemətin (yeddiləvin) qoyulması, bayram gecəsi yandırılmış tonqalın külünü mal-qaranın, toyuq-cücənin üstünə səpilməsi, bar verməyən ağacı kəsməmək üçün zamına götürmək və ya həmin ağacın dibinə xına basdırılması, “Novruz aşı”nın yağından ağacların gövdəsinə sürtmək, yumurta boyanması, qışdan sonra bütün ev əşyalarının təmizlənməsi, palaz-paltarların yuyulması və bu kimi adətlərə yaşıllaşma, təbiətin oyanması, baharın gəlişi, nəsil artırma, xeyir-bərəkət, məhsuldarlıq və təmizlik rəmzi kimi baxılır. Novruz həmçinin barış, sevgi, yardımlaşma bayramıdır. Novruz bayramında qeyd edilən mərasimlərə nəzər salsaq, görərik ki, onların hər biri ayrı-ayrılıqda milli dəyərimizdir.
Bütün bunlar Novruz bayramının köklərinin çox qədim dövrlərə gedib çıxdığını, əkinçiliyin, əməyin, milli şüurun yaranışı ilə bağı olduğunu sübut edir. Buna görə də, ulu babalarımız qədim zamanlardan baharın gəlişini yeni gün – Novruz bayramı kimi qeyd etmişlər. Novruz bayramı artıq milli təfəkkürümüzün, milli dəyərlərimizin ayrılmaz hissəsinə çevrilmişdir. Xalqımızın milli mədəniyyəti, etnik-mifoloji keyfiyyətləri, qədim adət-ənənəsi, həyat haqqında düşüncələri barədə aydın təsəvvürlər əldə edilməsində Novruz bayramının rolu olduqca əhəmiyyətli və əvəzsizdir.
Qafar QƏNBƏROV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı