Sidqinin arzusu… - FOTOLAR

A- A A+

Bu gün onun doğum günüdür… Fəqət o yoxdur. Ömrünü elmə, təhsilə həsr edən bir insanın yoxluğu indi qaranlıq bir boşluq kimi dayanır qarşımızda. Təsəvvür edin… XIX əsrin sonları. Qəflət içində yatan bir xalq. Mollaxanaların divarları arasında sıxılıb qalan elm. Cəhalətə əsir düşmüş ruhlar. Susan dillər. Taleyin amansız sövdələşmələrinə boyun əyən qızcığazlar. Bu qaranlıq dönəmdə bir insan, Məhəmməd Tağı Sidqi zülmətdə nur kimi parlamağa başladı. O, cəhalətin qaranlığını yırtmaq üçün əlində fənər, ürəyində ümid yola çıxdı. O, məktəb açır, balaca əlllərə dəftər, qələm və kitab verərək ilk ümid toxumlarını səpirdi.

Sidqi ilk dəfə məktəbin qapısını açanda, sanki bir əsrin qaranlıq niqabını da qaldırıb Arazın lal sularını tulladı. O, uşaqlara bu məktəbdə təkcə hərf öyrətmir, azadlığı, düşünməyi və qərar verməyi də öyrədirdi. Bunca fədakarlığa baxmayaraq cəhalət onun arxasınca gəlir, təzyiqlər, iftiralar və hədələr onu məktəbdən qoparmağa çalışırdı. Zaman ötür, onun şagirdləri böyüyür, Əxtəri bitirənlər isə dünyaya səs salır. Amma indi nə məktəb var, nədə ki, Sidqi!

Bu gün onun ad günüdür. Fəqət o yoxdur. Ruhu hələ də dərs desə də, cismi bir daşın altında yatır–susqun, sakit, kimsəsiz…

Əxtər: Zülmətdə nur kimi parlayan ilk milli məktəb

XIX əsrin sonu və XX əsrin əvvəllərində Naxçıvan mühiti güclü maarifçilik ruhu ilə seçilirdi. Bu dövrün ziyalıları ali təhsil almasa da, öz bilik və təcrübələri, maarifçi idealları və mədəni həyatın formalaşmasına verdikləri töhfələrlə fərqlənirdilər. Onların səyləri nəticəsində yeni təhsil ocaqları yaranır, dünyəvi elmlər öyrədilən məktəblər açılırdı. Bu hərəkatın öncüllərindən biri də Məhəmməd Tağı Sidqi idi. O, Ordubadda “Əxtər”, Naxçıvanda isə “Məktəbi Tərbiyə” adlı milli məktəblər təsis edərək, Azərbaycan maarif tarixində silinməz iz qoydu.

1892-ci ildə Sidqi Ordubadda Zahiri-Dövlə İbrahim xan mədrəsəsi binasında “Əxtər” (Ulduz) adlı yeni üsullu məktəb açdı. Bu məktəb sıradan bir təhsil ocağı deyildi. Burada tədris üsulları dövrün ən qabaqcıl ideyalarına əsaslanır, şagirdlərə rus, ərəb, fars və Azərbaycan dilləri, elmi-hesab, coğrafiya, tarix, ədəbiyyat və digər fənlər öyrədilirdi. Sidqinin bu addımı təkcə Ordubad üçün deyil, bütövlükdə Azərbaycan maarifi üçün mühüm yenilik idi. Professor İbrahim Mollayevin sözləri ilə desək, “Sidqinin Ordubad qəzasında yeni üsulla milli ana dili məktəbi təsis etməsi Azərbaycan məktəbi və pedaqoji fikir tarixinə gətirdiyi yenilik kimi qiymətləndirilməlidir.”

Bu məktəbin yaradılması və fəaliyyət göstərməsi Sidqinin dostları və maarifçi ziyalılar – kapitan Hüseyn Sultan Kəngərli və Hüseyn İsmayılovun maddi dəstəyi sayəsində mümkün olmuşdu. Məktəb xalqın hesabına saxlanılır, burada ödəniş tələb olunmurdu. Cəmi bir neçə il ərzində məktəb böyük nüfuz qazandı və Ordubadın elm ocağına çevrildi. Buradan Məmməd Səid Ordubadi, İbrahim Əbilov kimi görkəmli şəxsiyyətlər yetişdi.

    Naxçıvanda yeni maarif ocağı: Məktəbi-Tərbiyə

1894-cü ildə Sidqi Naxçıvana dəvət olundu və burada “Məktəbi-Tərbiyə” adlı yeni məktəb açdı. Çox keçmədən məktəb 100-dən çox şagirdin təhsil aldığı böyük bir elm mərkəzinə çevrildi. Bu məktəbdə rus dili məcburi fənn kimi tədris olunurdu ki, bu da onun dövlət tərəfindən rəsmi təsdiqinə səbəb oldu. “İrəvan quberniyasının icmalı”nda bu haqda belə yazılırdı:

“Naxçıvan şəhərində rus dili məcburi fənn olmaqla düzgün təşkil edilmiş məktəb meydana gəlmişdir. Məktəbə çox tezliklə 100 nəfər şagird daxil olmuşdur. Bu rəqəmə uyğun olaraq yerli məscid məktəblərində uşaqların sayı azalmışdır.”

Sidqinin təhsil sahəsindəki bu uğurları o dövrün tanınmış ziyalıları tərəfindən böyük rəğbətlə qarşılanırdı. Onun maarifçilik fəaliyyətini Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Rəşid bəy Əfəndiyev və digər görkəmli şəxsiyyətlər alqışlayır, onu xalqın savadlanması işində öncül ziyalı kimi tanıyırdılar. Lakin Sidqinin açdığı məktəblər Azərbaycanın maarifçilik tarixində mühüm iz buraxdı. Hacı Zeynalabdin Tağıyev belə bu məktəbin şöhrətini eşidərək məktəbə 1000 rubl ianə göndərmişdi.

Məhəmməd Tağı Sidqi ömrünü maarifçilik işinə həsr etmiş, xalqın elm və təhsilə yiyələnməsi üçün fədakarlıq göstərmişdir. Onun yaratdığı “Əxtər”“Məktəbi-Tərbiyə” məktəbləri Azərbaycanın maarifçilik tarixində unudulmaz bir səhifə olaraq qalmaqdadır.

Sidqinin maarifçilik fəaliyyətinə təzyiqlər

Sidqinin yaratdığı məktəblər cəmiyyətin modernləşməsində böyük rol oynasa da, o, ciddi maneələrlə üzləşirdi. Çar üsul-idarəsi və dini fanatizmdən qidalanan qüvvələr onun fəaliyyətini dayandırmağa çalışırdı. Cavid Əfəndi bu haqda yazırdı: “Məktəbi o hala qoyan hökumət barmağı oldu.” 1897-ci ildə Sidqini məktəbin müdiri vəzifəsindən uzaqlaşdırdılar, səbəb kimi isə onun müəllimlik attestatının olmaması göstərildi. Lakin Sidqi bu maneəni dəf edərək, 1902-ci ildə imtahan verib rəsmi müəllimlik sənədi aldı.

Bütün çətinliklərə baxmayaraq, Sidqi maarifçilik yolundan dönmədi. Onun yandırdığı maarif məşəli təkcə Naxçıvan və Ordubadda deyil, bütün Azərbaycanda milli təhsilin formalaşmasına güclü təsir göstərdi.

Sidqinin maarifçilik mirası

Sidqinin fəaliyyəti yalnız məktəb açmaqla məhdudlaşmırdı. O, pedaqoji fikrin inkişafına dair mühüm araşdırmalar aparır, ana dilinin tədrisinə xüsusi diqqət yetirirdi. Böyük pedaqoq ərəb əlifbasının islahı məsələsində Mirzə Fətəli Axundovun fikirlərini dəstəkləyir və latın qrafikalı əlifbaya keçid ideyasını müdafiə edirdi. O, həmçinin türkçülük ideyalarına sadiq qalaraq, İsmayıl Qaspıralının maarifçilik çağırışlarını dəstəkləyirdi.

Sidqinin məktəbləri sadəcə təhsil ocağı deyil, həm də milli şüurun formalaşdığı mərkəzlər idi. Onun yetişdirdiyi ziyalılar sonrakı illərdə Azərbaycanın maarif, ədəbiyyat və siyasət sahələrində böyük rol oynadılar.

Sidqi haqqında yazılan əsərlər, xatirələr, onun pedaqoji və ədəbi irsi sübut edir ki, bu böyük maarifçinin gördüyü işlər zamanın sınağından çıxaraq bu gün də aktuallığını qoruyur. Onun yaratdığı məktəblər milli təhsilin təməlini qoydu və maarif yolunda yeni bir səhifə açdı.

Bu gün Sidqinin adı Azərbaycan maarifçiliyinin ən parlaq simalarından biri kimi tarixdə qalır. O, yalnız təhsil verən bir müəllim deyil, həm də cəmiyyətin tərəqqisi üçün yorulmaz mübarizə aparan bir maarif fədaisi idi.

Sidqinin arzusu

Sidqinin bir arzusu vardı: Elm işığında böyüyən bir nəsil görmək. O istəyirdi ki, uşaqlar qorxmadan oxusun, suallar versin, düşünə bilsin. Məktəbin qapısından girən hər kəs nura qərq olsun. Bu arzuya görə o, həyatını qurban verdi. Çoxları onu anlamadı, bəziləri düşmən bildi. Amma o, inadla yoluna davam etdi. Çünki bilirdi – məktəb açmaq, işıq yandırmaq, qaranlıqla döyüşmək deməkdir. Bizlər bu gün onun yolunun yolçusuyuq. Hər açılan kitabda, hər oxunan sətirdə, hər öyrənilən dərsdə Sidqinin arzusu yaşayır.

O, indi bir məzar daşının altında yatsa da, əslində hələ də bizimlədir–məktəblərdə, kitabxanalarda, düşünən beyinlərdə!

Ruhun şad olsun əziz müəllim!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: