Naxçıvanda Baharfest: Milli ruhun canlanması - FOTOLAR
Bu Novruz bayramı daha coşğulu, daha da təmtəraqlı keçdi… Bütün Azərbaycan torpaqlarında. 30 ildir bayram həsrəti çəkən, işğaldan azad olunmuş bütün torpaqlarımızda tonqallar qalandı… Bir daha sönməyəcək diləyi ilə.
Novruz bayramı Azərbaycan xalqının ən qədim bayramlarından biri olmaqla yanaşı uşaqlar və böyüklər tərəfindən coşğuyla qarşılanır. Xüsusilə Naxçıvanda bu bayram bir başqa qeyd olunur, qədim adət-ənənələr yaşadılır və yeni nəsillərə ötürülür.
Son illərdə isə bu ənənələrin festivallaşmış formada təqdim edilməsi məqsədilə “Baharfest” adlı tədbir təşkil olunur. Təşkil olunan bu rəngarəng tədbir Naxçıvanın tarixi rəmzi olan “Möminə Xatın” abidəsi ətrafında həyata keçrilir və Novruzun bütün ritualları burada təqdim olunur.
Festivalda yaşadılan Novruz adətləri
18-23 mart tarixlərində Naxçıvan Muxtar Respublikasında təşkil olunan Baharfest qədim adət-ənənələrin təbliği, milli mədəniyyət nümunələrinin geniş nümayişi ilə, konsert proqramları, əyləncəli oyun və tamaşalarla iştirakçıların yadında şirin bir dad kimi qaldı. Demək olar ki, Novruzda Naxçıvanın hər guşəsi əsasəndə Ordubad Novruzun ruhuna bürünür.
Festival zamanı “Möminə Xatın” türbəsinin yerləşdiyi ərazi xüsusi bəzədilir. Sakinlər və şəhərin qonaqları böyük həyəcanla bayramı görməyə tələsirlər. Festival iştirakçıları burada Novruzun ənənələri ilə tanış olur və bayramın ruhunu daha dərindən hiss edirlər. Novruzun ən maraqlı adətlərindən biri olan Kosa və Keçəl oyunları burada canlandırılır. Onların zarafat dolu səhnəcikləri festival iştirakçılarının gülüşünə səbəb olur. Bununla bərabər ənənəvi Novruz yarışı olan yumurta döyüşdürmə də burada xüsusi maraqla qarşılanır.
Təşkil olunan festivalda xonçalar düzəldilir, süfrələr bəzədilir, səməni, şam və digər simvolik elementlər nümayiş olunur.
Ənənəvi oyunlar və milli geyimlər də çox maraqla qarşılanır. Həmçinin milli geyimlərin burada nümayişi, festival iştirakçılarının da bu geyimlərdən istifadə etməsinə səbəb olur. Bəlkə də tədbirə gələnlər bu geyimləri geyinərək özlərini keçmişin bir parçası kimi hiss edirlər.
Festival zamanı iştirakçılar bayramın əsas rituallarından biri olan tonqal ətrafında toplaşaraq birlik, bərabərlik göstərir, xalq mahnıları oxunur və rəqs qrupları çıxış edir yallı nümayiş olunur.
Novruz və Möminə Xatın
Novruz minilliklər boyu xalqın yaddaşında sevin və şadlıq hissi ilə yaşayan bir bayramdır. Məhz bu baxımdan Novruz tədbirləri üçün Möminə Xatın türbəsinin seçilməsi təsadüfi deyil. Abidə Azərbaycan xalqının qədim tarixini və mədəni irsini özündə birləşdirərək festival vasitəsilə keçmiş və gələcək arasında körpü rolunu oynayır. Novruz bayramının abidə ətrafında keçirililməsi həm Möminə Xatın türbəsini həm də ki, milli irsi yaşadaraq gələcək nəsillərə ötürür. Bu baxımdan Naxçıvan Novruz ənənələrinin yaşadılması və bu cür festivalların təşkili ilə mədəniyyətimizin və adət-ənənələrimizin qorunmasına və ölkə xaricində tanıdılmasına böyük töhfə verir. Bu festivalın təşkili həm yerli sakinlər, həm də turistlər üçün maraqlı və yaddaqalan olur.
Festivalda qədim sənətkarlıq nümunələri ilə yanaşı, dulusçuluq, xalçaçılıq, rəssamlıq və misgərlik kimi ənənəvi sənət sahələrinin ustaları göz oxşayan sənət əsərləri ilə ziyarətçilərin diqqətini cəlb edir, öz əl işlərini onlara təqdim edirdilər.
Novruz bayramının mühüm elementlərindən olan Azərbaycan milli mətbəxi də festivalda rəngarəngliyi ilə seçilirdi. İştirakçılara milli mətbəximizin ənənəvi yeməkləri, o cümlədən kabab, qovurma, aş xörəkləri təqdim edildi. Səməni halvası, paxlava, şəkərbura, qoğal və digər şirniyyatlar Novruzun bolluq və bərəkət rəmzi olduğuna işarə edirdi.
Festival günlərində Naxçıvan teatrları və folklor kollektivləri bayrama xüsusi rəng qatdı. Milli rəqslər, muğam konsertləri, Novruzla bağlı səhnəciklər, nağıllardan bəhs edən teatr tamaşaları maraq və coşğuyla qarşılandı.
Bu festival Novruzun əsas fəlsəfəsi kimi (həmrəylik, bolluq və bərəkət) yadda qaldı. Baharfest bir daha təqdim etdi ki, Naxçıvan təkcə qədim tarixi ilə yox, həm də zəngin mədəni irsi ilə önə çıxan bir diyardır. Bu tədbir Novruz bayramını qeyd etməklə yanaşı, qədim ənənələri yaşatmaqla yeni nəsillərə ötürmək baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusi olaraq festival Naxçıvanın həm yerli, həm də xarici qonaqlar üçün qədim və əsrarəngiz mədəniyyət mərkəzi olduğunu sübut etdi.
Baharfest təkcə Novruz bayramını qeyd etməklə kifayətlənmədi. Bu tədbir eyni zamanda Naxçıvanın mədəni və turistik potensialını geniş auditoriyaya tanıtmağa nail oldu. Təbii ki, bu tədbirlərin işıqlanmasında da ən böyük məsuliyyət media və mətbuat orqanlarının üzərinə düşür. Qoy bu bayram hər birimizin qapısına xeyir xəbər gətirərək yoluna güllər səpsin. Gücünü oddan alan Azərbaycan xalqının ömrü od qədər ulu, od qədər hərarətli olsun. Bayramınız mübarək!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru