Babək rayonunda dövlət qulluqçuları üçün seminar təşkil edilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Babək rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İş planına uyğun olaraq “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzularında seminar keçirilib.
Seminarda İcra Hakimiyyəti başçısının aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, mərkəzi icra hakimiyyəti orqanlarının Babək rayonunda yerləşən qurumlarında və Babək Rayon Məhkəməsində inzibati vəzifə tutan 185 dövlət qulluqçusu iştirak edib.
Seminarı Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov giriş sözü ilə açaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Komissiya sədrinin müavini Ümid Qurbanov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda çıxış edib.
Sonra Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzusunda çıxış etmiş və slaydlar vasitəsi ilə dövlət orqanlarında kargüzarlığın aparılması işindən, o cümlədən sənədlərin hazırlanmasından, qeydiyyatından, hərəkətindən, icrasından, uçotundan və arxivə verilməsindən danışıb. Həmçinin vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları barədə məlumat verilib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Qeyd edək ki, fevralın 8-dən 21-dək keçirilən 8 maarifləndirici seminarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və məhkəmələrdə inzibati vəzifə tutan 1032 dövlət qulluqçusu iştirak edib.