Sidqi ailəsindən Naxçıvan televiziyasına minnətdarlıq məktubu - FOTOLAR

A- A A+

Azərbaycan ziyalılarının tanıdılmasında Naxçıvan televiziyasının müstəsna rolu danılmazdır. Xüsusilə də, görkəmli pedaqoq, maarifçi və ədib Məhəmməd Tağı Sidqi haqqında hazırlanmış və ictimaiyyətə təqdim olunmuş “Əxtər: Sidqinin arzusu” filmi bu sahədə böyük uğurdur.

Sidqi ailəsi adından Naxçıvan Televiziyasının bütün yaradıcı kollektivinə dərin minnətdarlığımızı bildiririk. Bu ekran işi görkəmli maarifçinin irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Məlumdur ki, 2024-cü ildə Azərbaycan ədəbiyyatının və maarifçiliyinin inkişafında böyük xidmətləri olan Məhəmməd Tağı Sidqinin 170 illik yubileyi qeyd olunub. O, 38 yaşında Ordubadda yeni üsulla fəaliyyət göstərən “Əxtər” (“Ulduz”) məktəbini yaratmış, daha sonra Naxçıvana gələrək “Tərbiyə” məktəbini təsis etmiş və müəllimlik fəaliyyətini davam etdirmişdir. Sidqi, maarifçilik sahəsindəki xidmətləri ilə yanaşı, ədəbi irsi ilə də seçilmiş və Azərbaycan maarifçilik tarixində silinməz iz qoymuşdur.

Onun oğlu Məhəmmədəliyə yazdığı “Nəsihət” adlı şeirdə qeyd etdiyi kimi:

Nə qədər ki, var əlində fürsət,

Dərsinə eylə hər zaman diqqət.

Bu gün də Sidqinin maarifçilik ideyaları aktuallığını qoruyur. Elə bu səbəbdəndir ki, görkəmli pedaqoqun xatirəsi əbədiləşdirilmiş, Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində onun şərəfinə xatirə lövhəsi qoyulmuşdur.

Sidqi üçün elm və tərbiyə hər şeydən önəmli idi. O, elmsiz insanı barsız ağaca, ədəbsiz adamı isə cansız cismlə müqayisə edirdi. Naxçıvan televiziyası isə məhz belə dəyərləri yaşadan və gələcək nəsillərə ötürən bir media qurumu kimi bu missiyanı layiqincə yerinə yetirir.

Bir daha dərin hörmət və ehtiram hissi ilə, Məhəmməd Tağı Sidqinin nəticələri və kötükcələri:

İbrahimova (Fərzanə) Nəcibə Yadulla qızı

Fərzanə Pərviz Yadulla oğlu

İbrahimov Zaur Rafiq oğlu

İbrahimova Rəna Rafiq qızı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: