Geomaqnit qasırğalarının Yer üzündə həyat fəaliyyətinə təsir göstərməsi barədə fərziyyələr çoxdan məlumdur. Rusiyalı tədqiqatçılar kosmosun unsan sağlamlığını dəyişə bilməsi barədə yeni tədqiqatlar aparıblar.
NUHÇIXAN “MedikForum” saytına istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyası Sibir bölməsinin Y.Q.Şafer adına Yakutsk İnstitutundan olan alimlər Yakutiyada yarım il ərzində aparılmış tədqiqatlar əsasında ürək-damar sistemi xəstəlikləri ilə geomaqnit qasırğaları arasında birbaşa əlaqə olmasını müəyyən ediblər. İnstitutun əməkdaşları edirlər.
Geomaqnit qasırğaları ilə bağlı təbiət hadisələri barədə məlumatları region üzrə təcili tibbi yardım işçilərinin çağırışlarla bağlı qeydiyyat məlumatları ilə müqayisə edən alimlər insult, infarkt, hipertonik kriz və digər ürək xəstəlikləri ilə əlaqədar statistikanı təhlil edərək bu qənaətə gəliblər ki, məhz geomaqnit fəallığı artan dövrlərdə həkimlərə müraciətlərin sayı çox olur.
Tibb müəssisələrinin statistik məlumatlarını öyrənmək üçün təqribən 144 min nəfərə aid məlumatlar təhlil edilib. Araşdırmanın nəticələri “Kosmik havanın biotrop təsiri” adlı elmi iş şəklində dərc olunub. Bu işdə geomaqnit fəallığı günlərində qanın özlülüyünün və onun mikrosirkulyasiyasının dəyişmələri təsvir edilir.
Onu da qeyd etmək lazımdır ki, alimlərin heç də hamısı yakutiyalı həmkarlarının gəldiyi nəticələrlə razılaşmırlar. Məsələn, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində Saxa Respublikasından olan elmi qrupun işi barədə tənqidi fikir söyləyiblər. Paytaxt ekspertləri əmindirlər ki, sözügedən araşdırmada göstərilən statistikaya belə bir fakt təsir göstərib: İnsanlar səhhətinin pisləşməsini çox vaxt hava şəraitinin dəyişməsi ilə izah etməyə meyilli olur, halbuki, bəzən belə hallar meteoroloji şəraitlə əsla bağlı olmur.