Bu gün Naxçıvan Teleradiosu 93 yaşını qeyd edir. Bu kanal uzun illər ərzində təkcə informasiya yayımında deyil, tarixi sənədləşdirməkdə və mədəni irsi qoruyub gələcək nəsillərə ötürməkdə böyük rol oynayıb. Əsası 1932-ci ildə qoyulan Naxçıvan Teleradiosu bu gün öz peşəkarlığını qoruyaraq saxlayır. Günümüzdə daha çox insanın çalışmaq istədiyi bu qurum, ilk dövrlərdə informasiya yayımını radio vasitəsilə həyata keçirirdi. Zaman keçdikcə səsdən görüntüyə keçən bu televiziya yeni proqram formatları ilə öz əhatə dairəsini daha da genişləndirdi.
Ötən 93 ildə yüzlərlə jurnalist, operator və texniki heyət yetişdirən kanalda çəkilmiş verilişlər, filmlər, reportajlar təkcə gündəlik xəbərləri əks etdirməyib, həm də Naxçıvanın tarixi və mədəniyyətini arxivləşdirib. Burada müxtəlif sənədli filmlər və televiziya layihələri hazırlanaraq, Azərbaycanın ümumi media məkanına mühüm töhfələr verib.
Naxçıvan televiziyası Muxtar Respublikada peşəkar çəkilişlər edən yeganə kanaldır. Burada operatorlar, jurnalistlər, rejissorlar və redaktorlar tamaşaçılara yüksək səviyyədə dolğun və keyfiyyətli kontent təqdim edirlər. Müasir avadanlıqlarla təmin olunan televiziyada çəkilişlərin yüksək peşəkarlıqla aparılması və komandanın daim inkişaf etməsi kanalı daha da gücləndirir.
Teleradio mütəmadi olaraq ölkə və region üçün mühüm hadisələri işıqlandırıb. Xüsusilə ümummilli lider Heydər Əliyevin Naxçıvanda Ali Məclisin sədri olduğu dövrdə kanalın fəaliyyəti daha da güclənib. Həmin dövrdə Naxçıvanda həm siyasi, həm də iqtisadi baxımdan çətin bir mərhələ idi. Məhz Naxçıvan televiziyası həmin dövrdə baş verən hadisələri sənədləşdirərək gələcək nəsillərə ötürdü. Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, onun rəhbərliyi ilə həyata keçirilən islahatlar, çıxışları və tarixi qərarları televiziya efirində geniş şəkildə yayımlandı. Bu görüntülər bu gün də Naxçıvanın o dövrdəki çətinliklərdən necə keçdiyini anlamaq üçün mühüm mənbələrdir.
Naxçıvan Televiziyası təkcə xəbər kanalı deyil. Burada sənədli filmlər, mədəniyyət və tarixə dair verilişlər, ədəbi-bədii proqramlar geniş yer alır. Kanalın arxivində Naxçıvanın tarixinə aid yüzlərlə sənədli film qorunub saxlanılır.
Televiziya, eyni zamanda, Muxtar Respublikanın musiqi və incəsənət xadimlərinin tanıdılması üçün mühüm platforma rolunu oynayır. Muğam sənəti, aşıq yaradıcılığı, klassik musiqi və teatr sənəti ilə bağlı verilişlər Naxçıvan televiziyasının proqram siyasəti vasitəsi ilə izləyicilərə çatdırılır. Bunlarla bərabər teleradio cəmiyyətin problemləri, sosial qayğılar, ictimai narazılıqlar, insanların qarşılaşdığı problemləri açıq şəkildə gündəmə gətirir. Bu gün Naxçıvan Televiziyası ən müasir texnologiyalardan istifadə etməklə çəkilişlərini daha yüksək səviyyədə həm Muxtar Respublikada həm də Azərbaycanın digər bölgələrində apararaq öz mövqeyini daha da möhkəmləndirir.
İndi bu 93 illik tarix Muxtar Respublikada baş verən hadisələri peşəkarcasına sənədləşdirir və gələcək nəsillərə ötürür. Bu il kanal peykə çıxaraq daha çox izləyiciyə alçatan olacaq və öz əhatə dairəsini daha da genişləndirəcək. Milli mənəvi dəyərləri özündə ehtiva edərək gələcəyə güzgü tutan kanal 93 yaşın mübarək!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru