“Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib - FOTOLAR
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, bölmədə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan “Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans olub. Əvvəlcə faciə qurbanlarının və bütövlükdə Vətən uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsinin səbəbləri və bu həqiqətlərin dünyaya çatdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən, həmçinin bu faciəyə obyektiv qiymət verən ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətindən danışıb.
Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Xocalı faciəsinə gedən yol-faciənin səbəbləri”, həmin institutun elmi işçisi Sevinc Babayeva “Xocalı faciəsi-insanlığa qarşı cinayət, faciənin nəticələri”, Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Xocalı faciəsində erməni terror təşkilatlarının qəddarlığı”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “Xocalı ağrılı söz yaddaşımız” mövzusunda elmi məruzələrlə çıxış ediblər.