Qətərin “The Peninsula” qəzeti Azərbaycan səfirliyinin Xocalı soyqırımı ilə bağlı bəyanatını dərc edib
Azərbaycanın Qətərdəki səfirliyi Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb. Səfirlikdən NUHÇIXAN-a bildiriblər ki, bəyanat Qətərin ingilisdilli “The Peninsula” qəzetində dərc olunub.
Bəyanatda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş dəhşətli soyqırımından 27 il ötdüyü qeyd olunur. Bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı birləşmələrinin ağır texnikanı şəhərə yeridərək dinc insanları amansızcasına qətlə yetirməsi ilə nəticələnən bu soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilən ən qəddar cinayətlərdən biri hesab edilir. Xocalı soyqırımı həm dünya, həm də Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən birinə çevrilib. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı soyqırımı erməni silahlı qüvvələri tərəfindən əvvəlcədən planlaşdırılmış və milli mənsubiyyətinə görə Azərbaycan xalqının kütləvi şəkildə məhv edilməsinə yönəlmiş cinayət əməlidir. Lakin təəssüf ki, tarix boyu azərbaycanlılara qarşı törədilən soyqırımı aktları, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almayıb, bu beynəlxalq cinayəti törədənlər məsuliyyətə cəlb edilməyib, onlara indiyədək layiq olduqları cəzalar verilməyib və bu məqsədlə hər hansı bir tədbir görülməyib. Bu faciəni törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ilə yanaşı, onun ətrafında yerləşən Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşərək, əsas hüquqları kobudcasına pozulub.
Bəyanatda qeyd olunur ki, işğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 1669 saylı tövsiyəsi bir daha sübut edir. Lakin erməni tərəfi irəli sürülən bu tələblərə məhəl qoymur və Azərbaycanın tarixi ərazilərini işğal altında saxlamaqda davam edir.
Qeyd edilir ki, son dövrlər ərzində beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsi ilə bağlı reallıqlara cəlb etmək üçün bir sıra tədbirlər görülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq, dünyanın bir sıra ölkələrinin parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanıyıblar və bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilir.
Bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsinin soyqırımı aktı olduğunu bir daha təsdiqləyib. Mayın 27-28-də Şuranın Küveytdə keçirilən 42-ci sessiyasında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun nümayəndə heyəti tərəfindən xüsusi qətnamə irəli sürülüb. Şura yekdilliklə qəbul etdiyi “Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu haqqında” adlı qətnamədə Xocalı faciəsini soyqırımı aktı adlandıraraq, İƏT-ə üzv ölkələri insanlığa qarşı törədilmiş bu cinayətin beynəlxalq və milli səviyyələrdə tanınması üçün lazımi səy göstərməyə çağırıb.
Bəyanatın sonunda Erməni təcavüzkarları tərəfindən sözügedən soyqırımı aktının indiyədək beynəlxalq müstəvidə lazımi hüquqi qiymətini almadığı qeyd edilir.