Ordubadın Azadkənd kəndində su təchizatı sisteminin inşası layihəsi üzrə qrant müqaviləsi imzalanıb - FOTOLAR
Ordubad rayonunun Azadkənd kəndində su təchizatı sisteminin inşası layihəsi üzrə qrant müqaviləsi imzalanıb.
NUHÇIXAN xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov rayonun sosial-iqtisadi inkişafı barədə danışıb. Bildirib ki, 50 minə yaxın əhalisi olan Ordubadda 1 şəhər, 3 qəsəbə və 43 kənd var. Əhalinin əsas məşğuliyyəti meyvəçilik, tərəvəzçilik, əkinçilik, heyvandarlıq və arıçılıqdır.
Elşad Məmmədov vurğulayıb ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin diqqət və qayğısı sayəsində Ordubad rayonunun hərtərəfli inkişafı təmin edilib. Ordubad şəhəri və kəndləri abadlaşıb, müasir sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilib, yol, elektrik, qaz, rabitə, su və digər infrastruktur sahələri yenilənib, rahat yaşayış üçün bütün şərait yaradılıb. Yeni iş yerləri açılıb, məşğulluq təmin edilib və əhalinin rifahı yüksəlib. Hazırda Ordubad şəhərində yeni içməli su və kanalizasiya sistemləri qurulur.
İcra hakimiyyətinin başçısı deyib: Yaponiya hökumətinin dəstəyi ilə Ordubad rayonundakı Azadkənddə su təchizatı sisteminin qurulması layihəsi həmin kəndin sakinlərinin həyat şəraitinin daha da yaxşılaşmasına öz töhfəsini verəcək. Kənddə 208 ev, 1302 sakin var. Azadkənddə 504 şagird yerlik məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi, icra nümayəndəliyi, bələdiyyə, ATS və baytarlıq məntəqəsi fəaliyyət göstərir. Bu günədək kənddə içməli su təchizatı artezian quyusu vasitəsilə həyata keçirilib. Layihədə bütün evlərin və ictimai obyektlərin içməli su ilə təmin olunması nəzərdə tutulur.
Elşad Məmmədov imzalanacaq yeni müqavilənin və əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu münasibətlə səfirə minnətdarlığını bildirib.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori çıxışında qeyd edib ki, bu layihə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilir. Proqram Azərbaycan hökumətinin Yaponiya ilə diplomatik əlaqələrinin qurulmasından bəri reallaşdırılır. Layihələrin məqsədi Azərbaycanın rayonlarında yaşayan əhalinin yaşayış səviyyəsinin yüksəldilməsidir. Naxçıvanda su təchizatı sistemlərinə aid layihələr həyata keçirilib. Bu, sayca üçüncü layihə olacaq.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxışında ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyəti barədə ətraflı söhbət açıb. Qeyd edib ki, Azadkənd kəndində su təchizatı sisteminin inşası layihəsi ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlərin davamıdır. Layihə Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçiriləcək. Bununla əlaqədar “Konstitusiya” Araşdırmalar Fondu ilə Yaponiya səfirliyi arasında qrant müqaviləsi imzalanacaq.
Əliməmməd Nuriyev layihənin 6 ay ərzində həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Sonra Ordubad rayonunun Azadkənd kəndində su təchizatı sisteminin inşası layihəsi üzrə qrant müqaviləsi imzalanıb.