Pakistanın “National Herald Tribune” və “Morning Mail” qəzetləri və elektron portalları “Xocalıdakı dəhşətli faciə bir daha baş verməməlidir”, “Xocalı soyqırımının qurbanlarını xatırlayarkən” sərlövhəli məqalələr yayıb.
NUHÇIXAN xəbər verir ki, məqalələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi haqqında məlumatlar yer alıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 613 Azərbaycan vətəndaşının, o cümlədən 106 qadının, 70 ahılın və 63 uşağın xüsusi qəddarlıqla qətlə yetirildiyi bildirilir. Xocalı soyqırımının Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanır. Şəhərin tamamilə dağıdıldığı, oradakı mədəni izlərin, o cümlədən İslam dininə aid abidələrin məhv edildiyi və təhqirə məruz qaldığı diqqətə çatdırılır.
Məqalələrdə BMT sənədlərinə istinad edilərək Xocalı qətliamının soyqırımı olduğu vurğulanır. Qurbanların məhz azərbaycanlı olduqlarına görə və heç bir fərq qoyulmadan qoca, qadın və uşaqların qətlə yetirildiyi, Xocalıdakı faciənin beynəlxalq normalar baxımından aşkar soyqırımı xarakteri daşıdığı diqqətə çatdırılır.
Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası ilə bağlı məlumat verilir, kampaniyanın əsas məqsədinin Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq olduğu qeyd edilir. Bu günə qədər 15 ölkənin parlamentinin, o cümlədən Pakistan Senatı və Milli Assambleyasının müvafiq komitələrinin, ABŞ-ın 20-dən çox ştatının, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalı qətliamını soyqırımı kimi tanıyan qətnamələr qəbul etdiyi vurğulanır.